Logo
news content

Sui-qəsddən sağ çıxdı, “ulduz müharibəsi”ndə qalib gəldi, kommunizm səddini sökdü...
Aktyor və idmançı Reyqan ölüm ayağında həkimlərlə zarafat etmişdi

Fevralın 6-da ABŞ-ın 40-cı prezidenti Ronald Reyqanın doğumundan 115 il ötdü. Müxtəlif siyasi görüşlü adamlar Reyqanın prezidentliyinə müxtəlif qiymətlər verirlər. Amma onun hakimiyyətinin əsas nəticələri şübhəsizdir: Reyqan dövründə ABŞ iqtisadi tənəzzüldən qurtuldu və ölkə Soyuq müharibədən qalib çıxdı. Reyqandan sonrakı ABŞ-ın dünyadakı nüfuzu Reyqandan əvvəlki nüfuzdan qat-qat yüksək idi. 

“Gallup”ın 2023-cü ildə keçirdiyi rəy sorğusunda respondentlərin 69 faizi Reyqanın fəaliyyətinə müsbət qiymət verərək XX əsrin ortalarından bəri seçilən prezidentlər arasında populyarlığına görə Con Kennedidən ikinci yerə qoydular.

Ronald Uilson Reyqan 1911-ci il fevralın 6-da İllinoys ştatının Tampiko şəhərində Con Edvard “Cek” Reyqan və Nell Uilson Reyqanın ailəsində anadan olub. İncə yumor hissi olan Reyqan 1984-cü ildə etdiyi çıxışında deyirdi: “73 il əvvəl Tampikoda, birinci mərtəbəsində bank yerləşən kiçik evdə doğuldum. Banklarla başqa təmasım olmayıb”

Gələcək prezidentin irland kökənli atası içkiyə meyilli idi. İngilis-şotland kökənli anası isə qatı dindar idi. Nellin baxışları oğluna güclü təsir göstərdi və Ronald bütün ömrü boyu dini dəyərlərə böyük önəm verdi. 

Reyqan ailəsi bir neçə şəhərdə yaşadıqdan sonra 1920-ci ildə İllinoys ştatının Dikson şəhərində məskunlaşdı və Ronald 1928-ci ildə buradakı orta məktəbi bitirdi. O, idmanla məşğul olurdu, şagird şurasının prezidenti idi və məktəb tamaşalarında oynayırdı. Yay tətilində Rok çayının Louell parkından keçən hissəsində xilasedici kimi işlədi. Bu zaman onun boğulmaq təhlükəsi ilə üzləşən 77 nəfəri xilas etdiyi söylənilir.

İdman təqaüdü ilə İllinoys ştatındakı Evrika Kollecinə daxil olan Reyqan iqtisadiyyat və sosiologiya ixtisasları üzrə təhsil aldı. Dərsdənkənar fəaliyyətlərdə də çox fəal idi: futbol oynayır, qaçışla məşğul olur, üzgüçülük komandasının kapitanı, tələbə şurasının prezidenti olur və kollec tamaşalarında rol alırdı. 1932-ci ildə məzun olduqdan sonra Ayova ştatında radioda idman şərhçisi oldu. Bu illərdə onun müşahidə olunan əsas siyasi görüşü irqçiliyin qatı əleyhdarı olması idi. 

“Chicago Cubs” beysbol komandası ilə 1936-cı ildə Kaliforniyaya gedən Reyqan burada kino sınaqlarından keçir və növbəti ildən aktyorluq karyerasında başlayır. Orta səviyyəli aktyor hesab edilən Ronald 1964-cü ilə qədər 53 filmdə çəkilir. Onun ən tanınmış rollarından biri 1940-cı ildə çəkilmiş “Knute Rockne, All American” adlı bioqrafik filmdə futbol məşqçisi Corc Gipp obrazı idi. 1942-ci ildə çəkilən “Kings Row” filmində oynadığı Dreyk MakHyu obrazını isə bir çoxları Reyqanın ən yaxşı rolu hesab edirlər.

 “Kings Row” filminin çəkilişindən sonra Reyqanı hərbi xidmətə çağırdılar. Lakin uzağı pis görməsi səbəbindən cəbhəyə göndərilmədi, savaş illərini elə ABŞ-da keçirərək, əsasən təlim filmlərinin çəkilişi ilə məşğul oldu və 1945-ci ildə kapitan rütbəsi ilə tərxis edildi. 

Ronald Reyqan 1947–1952-ci və 1959-1960-cı illərdə Kinoaktyorlar gildiyasının (SAG, həmkarlar təşkilatı) prezidenti vəzifəsini tutur. 1953-1962-ci illərdə CBS telekanalında “General Electric Theater” verilişinin aparıcısı işləyir.

Reyqan 1940-cı ildə evləndiyi aktrisa Ceyn Uaymandan 1949-cu ildə boşanır. 1951-ci ildə SAG prezidenti kimi etdiyi çıxışında boşanma məsələsinə toxunur: “...Amerikada belə bir təsəvvür yaranıb ki, kino aləmini anormal, ekstravaqant, əxlaqsız insanlar doldurub; onlar arvadlarını və ərlərini asanlıqla dəyişir və bir-birinə ümumiyyətlə hörmət etmirlər… Hollivudda boşanmaların səviyyəsinin 30% olması xoşumuza gəlmir. Lakin bizi daha çox narahat edən odur ki, ölkə üzrə bu göstərici 40 faizdir. Biz istərdik ki, digər regionlar bu məsələdə bizdən nümunə götürsünlər”. Bu çıxışdan bir il sonra Nensi Devislə evlənən Ronald ömrünün sonuna qədər onunla yaşayır. 

Onun birinci nikahdan iki qızı (biri kiçik yaşlarında öldü) oldu. Bir oğlanı isə övladlığa götürdülər. Nensi ilə nikahda bir qız və bir oğlan dünyaya gəldi. Reyqan Donald Trampa qədər ABŞ-ın yeganə boşanmış prezidenti idi.

***

Sonrakı siyasi karyerasına baxanda inanmaq nə qədər çətin olsa da, Reyqan əvvəlcə Demokrat partiyasının üzvü olub. O, ABŞ-ın 32-ci prezidenti Franklin Delano Ruzveltin heyranı idi. Onun ölümündən sonra isə 1948-ci il seçkilərində Harri Trumeni dəstəklədi. Amma get-gedə sağa meyillənən aktyor 1952 və 1956-cı il seçkilərində Duayt Ayzenhaueri, 1960-cı ildə də Riçard Niksonu dəstəklədi. Daha iki il sonra rəsmən demokratlardan ayrılaraq, Respublikaçılar partiyasının üzvü oldu. 

Reyqanın perspektivli siyasi fiqur kimi tanınması 1964-cü il seçkilərinə təsadüf edir. O, respublikaçıların prezidentliyə namizədi Barri Qolduoteri təbliğ edən və sonralar “Seçim zamanı” adını alacaq çıxışını edir. Bu çıxış fəaliyyətdə olan demokrat prezident Lindon Consonla müqayisədə reytinqi xeyli aşağı olan Qolduoterə kömək etməsə də partiya liderlərinin diqqətini çəkir. 

Onun 1966-cı ildə Kaliforniya qubernatorluğuna namizəd göstərilməsi də həmin kəşfin nəticəsi oldu. Üstəlik, ştatın demokrat qubernatoru Pet Braun istəmədən Reyqana kömək etdi. 

1966-cı ilin fevralında keçirilən rəy sorğuları başqa bir respublikaçı namizədin, Corc Kristoferin daha populyar olduğunu göstərirdi. O, qubernatoru da qabaqlayırdı. Belə olduqda, Pet Braun respublikaçıların praymerizinə təsir götərmək, daha zəif saydığı Reyqanın namizəd olması üçün Kristofer haqqında mənfi məlumatları mətbuata ötürməyə başladı. Nəticədə partiyadaxili səsvermədə Reyqan 64% səs topladı və qubernatorluğa namizəd oldu.

Pet Braun seçki kampaniyası dövründə daha bir kobud səhv buraxdı. Haradansa ağlına gəldi ki, keçmiş aktyor Reyqanı prezident Linkolnu öldürmüş aktyor Con Butla müqayisə edən televiziya reklamı buraxsın. Hollivudun yerləşdiyi ştatda belə addım səfehlik idi. Nəticədə rəy sorğusunda hələ irəlidə olan Braun həmin reklamı buraxandan 48 saat sonra Reyqandan geriyə düşdü. 

Növbəti aylarda fərq artmağa başladı və noyabrın 8-də keçirilən seçkilərdə Reyqan 57,5% səs toplayaraq, Kaliforniya ştatının 33-cü qubernatoru seçildi. O, 1970-ci ildə ikinci dəfə həmin vəzifəyə seçildi, daha 4 il sonra isə namizəd olmadı.

Məşhur komik Cek Benni Reyqanın qubernatorluğuna belə qiymət verirdi: “Ronald Reyqan Kaliforniya üçün əla işlədi, amma Pat Braunun da haqqını vermək lazımdır, o, qubernator olanda bizdə heç zəlzələ olmadı”. Belə ki, Reyqanın dövründə Kaliforniyada bir neçə güclü zəlzələ baş vermişdi. 

Kaliforniya qubernatoru kimi ilk müddətinin elə əvvəlində Reyqan siyasi ambisiyalarını Ağ Evə yönəltdi. 1968 və 1976-cı illərdə respublikaçıların prezidentliyə namizədliyini qazanmaq cəhdlərində uğursuz oldu, lakin geri çəkilmədi. Nəhayət, 1980-ci ildə praymerizdə qalib gələrək, partiyasının namizədi oldu. 

Bu zaman pisləşən iqtisadi vəziyyət, ikirəqəmli inflyasiya (1979-cu ildə 11,3%, 1980-ci ildə 13,5%), xüsusən də İranda girov götürülən diplomatların azad edilməsi cəhdlərinin uğursuzluğu demokrat prezident Cimmi Karterin ziyanına işlədi. Noyabrın 4-də keçirilən seçkilərdə Reyqan onu məğlub edərək, 51% səs topladı. Amma səslərin ştatlar üzrə bölgüsü elə idi ki, Seçimçilər Kollegiyasında Reyqanın üstünlüyü daha əzici oldu: Karterin 49 səsinə qarşı 489 səs. 69 yaşı olan Reyqan o vaxta qədər ABŞ prezidentliyinə seçilən ən yaşlı şəxs oldu. 

1981-ci il yanvarın 20-də andiçmə nitqində Reyqan məşhur ifadəsini səsləndirdi: “Hökumət problemlərimizin həlli deyil; hökumət problemin özüdür”. ABŞ-ın 40-cı prezidenti milli dirçəliş dövrünə çağırış etdi və Amerikanın yenidən “azadlığa malik olmayanlar üçün ümid mayakı” olacağına ümid etdiyini bildirdi.

Daxili siyasətdə prezident Reyqan bir sıra mühafizəkar tədbirləri irəli sürdü. ABŞ iqtisadiyyatını stimullaşdırmaq məqsədilə vergilər azaldıldı. O, həmçinin hərbi xərclərin artırılmasını, bəzi sosial proqramların ixtisar edilməsini və biznesin tənzimlənməsinin yumşaldılmasını müdafiə edirdi.  

Prezidentin “reyqanomika” adını alacaq iqtisadi siyasəti üç hissədən ibarət idi:

1. Hökumət xərclərinin artım tempinin azalması;

2. Vergi dərəcələrinin azaldılması;

3. İqtisadiyyata dövlət müdaxiləsinin azaldılması.

Çıxışlarının birində Reyqan ikinci hissəni izah edərkən ərəb mütəfəkkiri ibn Halduna istinad etdi. İbn Halduna görə, vergilər yüksək olanda dövlətin yığdığı məbləğ artmır, azalır. Reyqan da bu fikri bölüşürdü. Əvvəl 70% olan ən yüksək vergi dərəcəsi onun dövründə 28 faizə endirildi. Ciblərində daha çox pul qalan sahibkarlar yeni iş yerləri açdılar, işsizlik kəskin azaldı. İnflyasiya illik 5 faizdən aşağı düşdü. 

***

Prezidentliyinin ikinci ayı yenicə tamam olan Reyqan sui-qəsd cəhdindən sağ çıxdı. 1981-ci il martın 30-da Vaşinqtondakı “Hilton” otelindən məsləhətçiləri ilə birlikdə çıxarkən atəş səsləri eşidildi. 

Cəld hərəkət edən Məxfi Xidmət agentləri prezidenti limuzinə mindirdilər.  Avtomobildə məlum oldu ki, o, güllə yarası alıb.  Xəstəxanada həkimlər güllənin Reyqanın ağciyərlərindən birini deşdiyini və ürəyindən az fərqlə yan keçdiyini müəyyən etdilər.

Prezident ağır yaralı halda ən məşhur zarafatlarından birini etdi. Onu müayinə edən və əməliyyata hazırlayan həkimlərə “Ümid edirəm, hamınız respublikaçısınız” söylədi. Həmişə demokratlara səs verən həkim Cozef Cordano bu zarafata ciddi cavab verdi: “Cənab prezident, bu gün hamımız respublikaçıyıq”.  

Sui-qəsdi törətməyə cəhd edən şəxs psixi xəstə Con Hinkli idi. O, aktrisa Codi Fosterə aludə olmuş və onun diqqətini çəkmək üçün bu planı qurmuşdu. Hücum zamanı Hinkli daha üç nəfəri də yaraladı, lakin prezident kimi onların hamısı sağ qaldı.

Reyqanın seçilmiş nitqlərindən ibarət “Açıq danışsaq...” adlı kitabını oxuyanda bir neçə yerdə sui-qəsd hadisəsinə toxunduğunu gördüm. Məni təəccübləndirən o oldu ki, özünə atəş açmış adamı yalnız “cənab Hinkli” adlandırırdı, aşağılayıcı heç bir ifadə işlətmirdi. Belə yanaşma xüsusilə indi, Donald Trampın Baydeni “axmaq prezident” adlandırması, Barak və Mişel Obamaları meymun obrazında təqdim etməsi fonunda xüsusilə heyrətamizdir. 

*** 

1983-cü ilə doğru ölkə iqtisadiyyatı bərpa olunmağa başladı və bir çox iqtisadçıların fikrincə, yeddi illik rifah dövrünə qədəm qoydu. Tənqidçilər isə iddia edirdilər ki, onun siyasəti federal büdcə və ticarət kəsirlərini artırıb, əslində orta təbəqəyə və kasıb amerikalılara zərər vurub.

1981-ci ildə Reyqan ABŞ tarixində ilk dəfə bir qadını, Sandra Dey O’Konnoru Ali Məhkəməyə hakim təyin etdi. O’Konnor həmin ilin sentyabrında and içərək, vəzifəsinin icrasına başladı.

Reyqanın birinci prezidentlik kadensiyasında xarici siyasətdə ən mühüm məsələ Soyuq müharibə idi. Sovet İttifaqını “şər imperiyası” adlandıran Reyqan Amerika silahlarının və qoşunlarının genişmiqyaslı artırılmasına başladı. O, Afrika, Asiya və Latın Amerikasında antikommunist hərəkatlara yardım göstərilməsini nəzərdə tutan “Reyqan doktrinası”nı həyata keçirdi. 

1983-cü ilin martında ABŞ prezidenti “Strateji müdafiə təşəbbüsü” (Strategic Defense Initiative – SDI) adlı proqramla çıxış edir. Həmin proqramın məqsədi kosmosda yerləşdirilən sistemlər vasitəsilə ABŞ-ı SSRİ-nin nüvə başlığı daşıyan ballistik raketlərindən qorumaq idi.

Həmin dövrdə ABŞ və SSRİ bir-birini dəfələrlə məhv etməyə bəs edəcək sayda nüvə silahı potensialına malik idilər. Tanınmış astronom Karl Saqan bu vəziyyəti belə izah edirdi: “İki nəfər dizə qədər benzinin içindədirlər, birinin üç, digərinin beş kibriti var”. 

Belə status-kvo “Mutually Assured Destruction” (MAD – qarşılıqlı təminatlı məhv) deyilən paritet vəziyyət yaratmışdı. Bu, o demək idi ki, birinci zərbə endirərək üstünlüyə və qələbəyə nail olmağa ümid bəsləmək mənasızdır. Dolayısı ilə MAD tərəfləri nüvə silahının tətbiqindən çəkindirən faktor idi (hərçənd, nüvə başlığı daşıyan yeni raketlərin istehsalına mane olmurdu).

İndi SDI proqramı ABŞ-ı “benzin”dən kənara çəkirdi. Belə bir müdafiə sistemi yaradılardısa, paritet pozulardı və ABŞ cavab zərbəsindən çəkinmədən birinci zərbə endirə bilərdi. Vəziyyətdən çıxış yolu pariteti yenidən bərpa etməkdən ibarət idi, bunun üçün də SSRİ özünün kosmik müdafiəsinə nail olmalı idi. Bunun həyata keçirilməsi bir yana, bu yöndə tədqiqatların aparılması belə olduqca böyük həcmdə vəsait tələb edirdi.

Qeyd etmək lazımdır ki, SDI məsələsinə baxışlar haçalanır. Bu təşəbbüsün əvvəldən blef olduğunu və SSRİ-ni öhdəsindən gələ bilməyəcəyi xərclərə təhrik etmək üçün ortaya atıldığını düşünənlərlə yanaşı, Reyqan administrasiyasının həqiqətən də belə bir “çətir” yaratmaq istədiyinə inananlar da az deyil. Onu deyim ki, SDI həyata keçmədi.

İsrailin Livana müdaxiləsindən (Birinci Livan müharibəsi) sonra Reyqan 1982-ci ilin yayında beynəlxalq sülhməramlı qüvvələrin tərkibində 800 dəniz piyadasını Livana göndərdi. Növbəti ilin oktyabrında Beyrutda dəniz piyadalarının kazarmalarına kamikadze hücumu baş verdi və nəticədə 241 amerikalı həlak oldu.

Elə həmin ay Qrenadada çevriliş baş verdi. Radikal kommunistlər “yumşaq kommunist” sayılan baş nazir Moris Bişopu devirdilər. Reyqan “ABŞ vətəndaşlarının müdafiəsi və ölkədə sabitliyin bərpası” adı altında adaya qoşun yeridilməsi əmrini verdi. Üç gün sürən uğurlu əməliyyat ABŞ ordusunun Vyetnam müharibəsindən sonra sarsılmış nüfuzunu xeyli bərpa etdi. 

1984-cü ilin prezident seçkilərində Reyqan demokrat rəqibi Uolter Mondeyli böyük üstünlüklə məğlub etdi. ABŞ-ın 50 ştatından 49-da qalib gəldi, yalnız Mondeylin doğma Minnesota ştatında 0,18% fərqlə və ənənəvi olaraq az qala yekdilliklə demokratlara səs verən Kolumbiya dairəsində uduzdu. Seçimçilər kollegiyasında mümkün 538 səsdən 525-i Reyqanın oldu. 

Onun ikinci kadensiyasına İran–kontras (İrangeyt) qalmaqalı ilə kölgə saldı. Bu, Livanda “Hizbullah” tərəfindən girov götürülən amerikalıların azad edilməsi müqabilində İrana silah satışı və əldə olunan vəsaitin Nikaraquadakı üsyançı “kontras”lara yönəldilməsi ilə bağlı mürəkkəb bir razılaşma idi. Halbuki ABŞ İrana rəsmən embarqo tətbiq etmişdi, üstəlik, Konqresin 1982-1986-cı illərdə qəbul etdiyi “Boland düzəlişləri” “kontras”a köməyi qadağan edirdi. Reyqan İrana silah satışını sanksiyalaşdırdığını etiraf etsə də, əldə olunan pulun “kontras”a yönəlməsindən xəbəri olmadığı söyləməklə qurtuldu. 

Əvəzində əsas rəqib - SSRİ ilə münasibətlərdə xeyli uğurlar vardı. Reyqan islahatçı sovet rəhbəri Mixail Qorbaçovla bir neçə dəfə görüşdü. 

1987-ci ildə amerikalılar və sovetlər orta mənzilli nüvə raketlərinin ləğvini nəzərdə tutan tarixi saziş imzaladılar.

Həmin ilin yayında Reyqan Qərbi Berlində, Soyuq müharibənin simvolu olan Berlin divarı önündə çıxış edərək, Qorbaçovu onu sökməyə çağırdı: “Baş katib Qorbaçov, sülh axtarırsınızsa, Sovet İttifaqı və Şərqi Avropa üçün firavanlıq istəyirsinizsə, liberallaşma axtarırsınızsa — buraya, bu qapıların yanına gəlin. Cənab Qorbaçov, bu qapıları açın. Cənab Qorbaçov, bu divarı uçurun!” Reyqanın bu çıxışı Con Kennedinin “Mən berlinliyəm” adını alan çıxışından sonra Berlin divarı probleminə həsr olunmuş ən məşhur çıxış sayılır. 

Almanlar Berlin divarını 1989-cu ilin noyabrında uçurdular, özü də Qorbaçovdan icazə almadan. Bununla Şərqi Almaniya üzərində sovet hökmranlığına son qoyuldu. Reyqan isə prezidentlik müddəti bitdikdən sonra, 1990-cı ilin sentyabrın 12-də yenidən Berlinə qayıtdı və çəkiclə divarın qalan hissəsinə bir neçə rəmzi zərbə endirdi. Üç həftə sonra, oktyabrın 3-də Almaniya vahid dövlətdə birləşdi.

Şərqi Avropada və SSRİ-də kommunizmin çöküşü Reyqanın prezidentliyindən sonra baş verdi. Amma ABŞ-ı Soyuq müharibədən qalib çıxaran şəxsin məhz Reyqan olması şübhə doğurmur. 

“Gallup” sorğusuna əsasən, prezidentliyinin sonlarında Ronald Reyqanın reytinqi 63% idi. Yalnız F. D. Ruzvelt və B. Klinton daha yüksək analoji nəticə göstəriblər - 66%. 

***

1989-cu ilin yanvarında Ağ Evi tərk etdikdən sonra Reyqan həyat yoldaşı ilə birlikdə Los-Ancelesdəki evinə qayıtdı. İki il sonra Kaliforniyanın Simi Valli şəhərində Ronald U. Reyqan Prezident Kitabxanası və İctimai Siyasət Mərkəzi açıldı.

1993-cü ildə Reyqan dövlət qarşısında böyük xidmətlərinə görə varisi Corc H. V. Buş tərəfindən Prezident Azadlıq Medalı ilə təltif edildi. Rəqib partiyadan prezident olan Bill Klinton isə 1998-ci ildə imzaladığı fərmanla ABŞ paytaxtı yaxınlığında yerləşən Vaşinqton Milli Hava Limanının adını Ronald Reyqan Vaşinqton Milli Hava Limanı olaraq dəyişdirdi.  

1994-cü ilin noyabrında Reyqan Amerika xalqına ünvanladığı məktubunda ona Altsheymer xəstəliyi diaqnozu qoyulduğunu açıqladı. Anası da bu xəstəlikdən əziyyət çəkmişdi. 

Təxminən on il sonra, 2004-cü il iyunun 5-də Reyqan evində vəfat etdi.  O, 93 yaşında idi və həmin vaxtadək ABŞ tarixində ən uzunömürlü prezident hesab olunurdu. Vaşinqtonda dövlət səviyyəsində dəfn mərasimi keçirildi və Reyqan daha sonra Kaliforniyadakı prezident kitabxanasının ərazisində torpağa tapşırıldı. Həmin il Los-Ancelesdəki Kaliforniya Universitetinin Tibb Mərkəzinə onun adı verildi. Nensi Reyqan 2016-cı ildə vəfat etdikdən sonra ərinin yanında dəfn olundu.

Ronald Reyqan mühafizəkar ideologiyanın simvolu kimi xatırlanır. O, tənzimləmələrin azaldılması, vergilərin aşağı salınması və federal hökumətin sosial problemlərə görə məsuliyyətinin məhdudlaşdırılması kimi mühafizəkar prinsipləri möhkəmləndirdi; bu ideyalar onun prezidentliyindən sonra da onilliklər boyu təsirini qorudu. Amma öz oğluna təsir etmədi: kiçik Ronald (Ron) Reyqan demokratların sadiq elektoratıdır.  

2024-cü ildə “Reyqan” adlı bioqrafik film ekranlara çıxdı. 40-cı prezidentin rolunu Dennis Kuayd, Nensinin rolunu isə Penelope Enn Miller canlandırdı. Lakin tənqidçilər filmi soyuq qarşıladılar.