Kralın 550 il sonra tapılan cəsədi, əsgəri ölümdən qurtaran, qatili ələ verən tapıntı
Bu məşhur kəşf insanlıq və hüquq tarixində əsl inqilab oldu
14 May 2026
1983 və 1986-cı illərdə İngiltərənin Lester şəhərində iki dəhşətli və oxşar cinayət baş verdi. Hər dəfə bir məktəbli qız zorlanaraq qətlə yetirilmişdi. 1983-cü ildə öldürülən Linda Mann, 1986-cı ildə öldürülən isə Doun Eşuort idi. Hər ikisi 15 yaşlı məktəbli idi. Hər iki hadisə yerindən götürülən spermanın analizi qatilin insanların 10 faizində rast gəlinən biokimyəvi profilə (A qan qrupu və ferment profili) malik olduğunu göstərdi.
Polis Eşuortun cəsədini tapan 17 yaşlı, əqli qabiliyyətləri yüksək olmayan və xəstəxanada sanitar işləyən Riçard Baklenddən şübhələndi. Baklend də nədənsə Eşuortu öldürdüyünü söylədi, amma Linda Mannın qətlində əli olmasını qəti inkar etdi. Amma qan qrupu və ferment profili qatilinki ilə uyğun gəlirdi.
Hər iki işi araşdıran detektiv Devid Beyker qətlləri eyni adamın törətdiyinə əmin idi. Amma o, bəzi suallara cavab tapa bilmirdi. Qatil Baklenddirsə, birinci qətli niyə etiraf etmir? 1983-cü ildə cəmi 14 yaşı olan Baklendin belə bir qətl törətməsi nə qədər realdır?
Bu suallar üzərində düşüncələr detektivə bu yaxınlarda oxuduğu bir xəbəri xatırlatdı. Onun xidmət etdiyi polis şöbəsindən cəmi bir neçə kilometrlik məsafədə, Lester Universitetində dərs deyən Alek Ceffris adlı genetik alim DNT vasitəsilə insanların identifikasiyası üsulunu kəşf edib.
***
Dezoksiribonuklein turşusunu (DNT) ilk dəfə isveçrəli biokimyaçı Fridrix Mişer 1869-cu ildə kəşf edib. O, yaralardan gələn irin hüceyrələrini (leykositləri) araşdırarkən nüvədə fərqli bir maddə tapmış və ona “nüklein” adını vermişdi. Lakin o zaman heç kim bu maddənin irsiyyət daşıyıcısı olduğunu bilmirdi.
Uzun müddət elm dünyası inanırdı ki, genetik məlumatı zülallar daşıyır. Lakin Osvald Everi və komandası sübut etdi ki, irsiyyəti ötürən zülal yox, məhz DNT-dir. Bu, biologiya tarixində ən böyük dönüş nöqtələrindən biri idi.
DNT-nin məşhur spiral formasını (spiral nərdivanı) Ceyms Uotson və Fransis Krik kəşf etdilər. Onlar bu kəşfə görə 1962-ci ildə Nobel mükafatı aldılar. Bu kəşfdə DNT strukturunun rentgenoqramını hazırlayan Rozalind Franklinin rolu əvəzsiz idi. Lakin ona Nobel mükafatı verilmədi. Xanım Franklin 1958-ci ildə vəfat etmişdi, Nobel mükafatı isə yalnız həyatda olanlara verilir.
1977-ci ildə Frederik Senger DNT zəncirindəki genetik kodun (A, T, G, C) ardıcıllığını oxumaq üçün bir üsul (sekvensləşmə) tapdı. Bu kəşf genlərin xəritəsini çıxarmağa imkan verdi. Senger buna görə 1980-ci ildə Nobel mükafatına layiq görüldü.
Nəhayət, yuxarıda adını çəkdiyim Alek Ceffris 1984-cü ildə aşkar etdi ki, hər bir insanın genetik kodu unikaldır, amma bu unikallıqda həm də oxşarlıq var. Başqa sözlə, bir insanın kodu unikal olduğu kimi, həm də qohumları ilə oxşarlıq təşkil edir. Bunun əsasında insanları identifikasiya etmək, qohumluq bağlarını aşkara çıxarmaq mümkündür. Barmaq izlərini öyrənən daktiloskopiyaya nəzərən buna “genetik daktiloskopiya” və ya “DNT daktiloskopiyası” deyildi.
***
Alek Ceffrisin metodu ilk dəfə bir “Sarba işi” adlı mühacirət işində sınaqdan keçirildi. Endrü Sarba 1970-ci ildə Londonda Qana əsilli ailədə anadan olmuşdu. 4 yaşı olanda valideynləri boşandı və o, atası ilə birlikdə Qanaya getdi. 11 ildən sonra isə Londona, anası Kristina və bacı-qardaşlarının yanına qayıtmaq istədi. Lakin miqrasiya şöbəsinin əməkdaşlarında belə bir şübhə yarandı ki, Endrü əslində Kristinanın oğlu deyil, yaxın qohumudur və Britaniyaya qanunsuz girməyə çalışır.
Məsələni qəlizləşdirən bir cəhət də o idi ki, Endrü doğma anasına “xala” (auntie) deyə müraciət edirdi. Bu, Qana, xüsusən də akan xalqının mədəniyyəti ilə bağlı idi. Britaniya polisi isə bunu onun Kristinanın oğlu olmamasının sübutu kimi qəbul etmişdilər.
Sarba ailəsinin vəkili Alek Ceffrisə müraciət edərək haqqında çox danışılan metodundan bu işdə, Endrü və Kristina arasında qohumluq bağını müəyyənləşdirmək üçün istifadə olunması mümkünlüyünü soruşdu. Ceffris müsbət cavab verdi. DNT testi Endrünün Kristinanın doğma oğlu olduğunu sübut etdi.
“Sarba işi” DNT analizinin hüquqi praktikada tətbiq olunduğu ilk rəsmi hal idi.
***
Detektiv Devid Beyker də Alek Ceffrisə müraciət edərək, aça bilmədiyi düyünü açmaqda kömək istədi. Alim şübhəli Riçard Baklendin genetik materialı ilə cinayət yerlərində tapılan materialı tutuşdurdu və qərarını açıqladı: Baklend qatil deyil. Beləliklə, Riçard Baklend DNT analizi sayəsində cinayət təqibindən qurtulan ilk adam kimi tarixə düşdü. İndi qalırdı qatili tapmaq.
Lester polisi 1987-ci ilin yanvarında 17-34 yaş arası bütün yerli kişilərə könüllü qan və ya tüpürcək nümunələri vermələri üçün müraciət etdi. Proses könüllü idi, amma aydındır ki, iştirak etməyənlər şübhə altına düşəcəkdilər.
5 min nəfərdən çox adam nümunə verdi, lakin yuxarıda xatırlatdığım 10 faizlik biokimyəvi profilə uyğun gələn təxminən 500 nəfərin analizi yoxlanıldı (hər analizin 100 funta - indiki məbləğlə 350 funta ekvivalent - başa gəlməsi də öz rolunu oynadı). Proses 6 ay sürdü və nümunələrin heç biri qatillə uyğun gəlmədi.
Detektiv Beyker iki qızın qətlinin üstünü açmaq ümidini itirdiyi vaxt polisə 28 yaşlı Ceki Foqqin müraciət etdi. Çörək sexində işləyən qadın bildirdi ki, bir müddət əvvəl iş yoldaşları ilə pabda pivə içərkən İan Kelli adlı birisi deyib ki, Kolin Pitçfork adlı iş yoldaşı ona müraciət edərək 200 funt müqabilində DNT üçün material verməsini istəyib. Pitçfork bu xahişini daha əvvəllər xırda əmələ görə məhkum olunması və özünü yenidən polisin yadına salmaq istəməməsi ilə izah edib. Pitçforkun pasportuna öz şəklini yapışdıran Kelli test mərkəzinə gedərək nümunə verib.
Polis Foqqindən bu məlumatı alan kimi hərəkətə keçdi və Kolin Pitçfork 1987-ci il sentyabrın 19-da saxlanıldı. 27 yaşlı, evli və iki övlad atası olan, əvvəllər seksual xarakterli qanun pozuntularına və ekshibisionizmə (soyunaraq intim orqanların başqalarına göstərmək) görə məhkum olunmuş Pitçforkdan götürülən material qatilin materialı ilə tam üst-üstə düşdü. Ekspertizanın nəticələri ilə tanış olan şübhəli etirafedici ifadə verdi.
1988-ci ilin yanvarında məhkəmə Kolin Pitçforku ən azı 30 il həbsdə qalmaqla ömürlük həbsə məhkum edildi. O, 2021-ci il sentyabrın 1-də şərti azadlığa buraxıldı. Lakin artıq noyabrda qadınları qısnayıb şərti azadlıq şərtlərini pozduğuna görə həbsxanaya qaytarıldı və indi də həbsdədir.
Beləliklə, Kolin Pitçfork da bir “ilk” olaraq tarixə düşdü: günahı DNT analizi ilə sübut olunan ilk qatil kimi.
***
DNT analizi nəticəsində bəraət almış ilk məhkumun adını bilmək istəsəniz, internet axtarış sistemləri sizə iki ABŞ vətəndaşından birini təqdim edəcək: Qeri Dotson və Devid Vaskes. Belə qeyri-dəqiqlik səbəbsiz deyil.
Qeri Dotson böhtan qurbanı olmuşdu: o, 1977-ci ildə 20 yaşında ikən 16 yaşlı Ketlin Mey Uebbi oğurlamaqda və zorlamaqda ittiham olunaraq 25-50 il həbs cəzasına məhkum edilmişdi. Öz nizamsız cinsi həyatını və hamiləliyini ört-basdır etmək üçün Dotsonu şərləyən Ketlin sonradan dinə meyil etdi və 1985-ci ildə ifadəsinin yalan olduğunu açıqladı. Buna belə, işə yenidən baxılmadı, amma Dotson şərti azadlığa buraxıldı. Yalnız 1988-ci il avqustun 15-də məlum oldu ki, DNT analizi Dotsonun günahkar olmasını qəti rədd edir. Bir il sonra 1989-cu il avqustun 14-də ona qarşı ittiham hökmü ləğv edildi. Bəraət hökmü isə 2002-ci ildə çıxarıldı.
37 yaşlı Devid Vaskes 1984-cü ildə törədilən qətlə görə 35 il həbsə məhkum olunmuşdu. IQ səviyyəsi 70-dən aşağı olan Vaskes polisin “ya edam, ya da etiraf qarşılığında daha yumşaq cəza” hədəsi qarşısında davam gətirməyərək günahı üzərinə götürmüşdü. Lakin sonra DNT analizi müəyyən etdi ki, başqa qətllər kimi həmin cinayəti də Timoti Spenser adlı silsilə qatil törədib. Nəticədə Devid Vaskes 1989-cu il yanvarın 4-da Virciniya qubernatoru tərəfindən əfv edildi. Qeyd edim ki, bu əfv mərhəmət aktı kimi deyil, “günahsızlıq səbəbindən tam bağışlanma” kimi elan olunmuşdu. ABŞ-da uzun sürən prosedurları gözləməmək üçün belə addımlar atılır.
Yuxarıda dediyim qeyri-dəqiqliyin də səbəbi budur ki, Dotson öz biomaterialı əsasında məsum sayıldı, Vaskes isə həqiqi qatildən götürülən nümunə əsasında. Dotsonun həmin vaxt artıq şərti azadlıqda, Vaskesin isə həbsdə olması da qeyri-müəyyənliyi gücləndirir.
Onlardan əlavə daha bir “ilk” var: DNT analizi sayəsində edam hökmündən qurtulan ilk insan.
***
1960-cı il təvəllüdlü Kirk Bladsvort dəniz piyadaları korpusunda hərbi xidməti başa vurduqdan sonra Merilend ştatında balıqçılıq edirdi. O, 1984-cü ildə 9 yaşlı Doun Hamiltonu zorlayaraq öldürmək ittihamı ilə həbs edilir: fotorobotdakı təsvir həqiqətən Kirkə oxşayırdı və onu televizorda görən qonşusu polisə zəng vurur. O, günahkar olmadığını söyləsə də, ikisi uşaq olan beş şahid ifadəsi əsasında (başqa heç bir sübut yox idi) ölüm cəzasına məhkum edilir. Zaldakılar hökmü alqışlarla qarşılayırlar. Məhkəmə qarşısına yığışanlar şadyanalıq edirlər.
Kirk bu anı həyatının “ən tənhalığı” kimi xatırlayır. O deyir: “Mən günahsız idim, amma bütöv bir şəhər mənim hökmümü bayram edirdi”. Təkcə hakim və andlılar deyil, bütün cəmiyyət o an “qatili” tapdıqlarına və ədalətin bərpa olunduğuna səmimi şəkildə inanırdı. Əgər Kirk edam olunsaydı, həmin gün də şadyanalıq keçiriləcəkdi.
Xoşbəxtlikdən, ABŞ-da ölüm hökmünün yerinə yetirilməsi illərlə çəkir. Kirk 1992-ci ildə Cozef Vambonun Kolin Pitçfork hadisəsindən bəhs edən “The Blooding” (Qanla vəftiz) kitabını oxuyur. Bundan sonra o, özünün də DNT testindən keçirilməsini tələb edir. Aparılan analiz göstərir ki, Bladsvortun bioloji nümunəsi hadisə yerində aşkar edilən sperma ilə uyğun gəlmir. Kirk 1993-cü ildə bəraət alaraq azad edilir. O, DNT analizi nəticəsində edamdan qurtulan ilk insan olur.
Lakin hüquqi bəraət hələ cəmiyyətin də bəraəti demək deyildi. Evə qayıtdıqdan sonra qonşuları onun maşınının üstündəki toza “uşaq qatili” yazırdılar. İnsanlar onun qatil olduğuna hələ də inanırdı, bu da Kirkin bir müddət evsiz və işsiz qalmasına səbəb oldu.
Doun Hamiltonun həqiqi qatili isə yalnız 2003-cü ildə, Kirk Bladsvortun azadlığa çıxmasından 10 il sonra, yenə DNT testi sayəsində aşkar edildi. Bu, qarət, zorlamaya cəhd və qətl məqsədilə hücum ittihamı ilə 45 il həbs cəzası almış, Kirklə eyni həbsxanada cəza çəkən Kimberli Şey Raffner idi. Yalnız bundan sonra cəmiyyətin Bladsvorta münasibəti dəyişdi.
Bladsvort azadlığa çıxandan sonra Merilenddə ölüm hökmünün ləğvi uğrunda mübarizəyə başlayır. O bildirir ki, insanların səhv etməsi qaçılmazdır. Jurnalistlərdən biri Kirklə müsahibəsini belə təsvir edir: “İşimdəki prokuror çox ağıllı idi. Hər iki məhkəmədə hakimlər də çox ağıllı idi”, — dedi o. Onun sözlərinə görə, qətl araşdıran detektivlər də ağıllı, andlılar isə laqeyd olmayan vətəndaşlar idi. “Amma sonda ‘Merilend ştatı Kirk Nobl Bladsvorta qarşı’ işi üzrə iştirak edənlərin hər biri ciddi şəkildə haqsız idilər”, — o bildirdi. İnsanlar tərəfindən idarə olunan sistem qüsursuz ola bilməz, deyir Bladsvort və əlavə edir ki, hətta ən xoşniyyətli insanlar belə səhv edə bilər. Səhv isə əsassız ölüm deməkdir”.
Mübarizə uğurla nəticələndi. 2013-cü ildə Merilend ştatında ölüm hökmü ləğv edildi. Qubernator Martin O’Melli qanunu imzalayarkən onun yanında dayanan Kirk duyğularını belə ifadə etdi: “Sanki çiynimdən bütöv dünya götürüldü. Nəhayət, düz dayana bildim. Məni az qala öldürəcək şeyi 28 il sonra öldürdüm”.
Qanunun geriyə qüvvəsi yox idi: daha əvvəl edama məhkum edilənlərin hökmü avtomatik ləğv edilmirdi. Artıq iki müddət seçildiyi üçün 2014-cü il qubernator seçkilərində iştirak etməyən O’Melli vəzifəsindəki son gündə, 2015-ci il yanvarın 20-də ölüm hökmünü gözləyən 4 nəfərin cəzasını ömürlük həbslə əvəz etdi.
Onu da əlavə edim ki, Kirk Blasdvort həbsdən çıxandan sonra 300 min dollar (bugünkü məzənnə ilə təxminən 700 min dollara ekvivalent) kompensasiya aldı. 2021-ci ildə qəbul edilən “Valter Lomaks Aktı” (Walter Lomax Act) çərçivəsində Merilend İctimai İşlər Şurası ona daha 421.237 dollar əlavə vəsait ayırdı. Bu qanun səhvən məhkum edilmiş şəxslərin həbsdə keçirdiyi hər il üçün ştatın orta illik gəliri səviyyəsində kompensasiya almasını nəzərdə tutur. 2022-ci ildə ona mənzil təminatı üçün daha 83.000 dollar ödəndi.
***
Alek Ceffrisin kəşfi yüzlərlə günahsızın azadlığa çıxmasına və yüzlərlə günahkarın məsuliyyətə cəlb edilməsinə səbəb olub.
Milli Bəraət Reyestrinin (National Registry of Exonerations) məlumatına görə, təkcə ABŞ-da 1989-cu ildən 2024-cü ilin əvvəlinə qədər DNT sübutları vasitəsilə 592 nəfərə bəraət verilib. Məhz DNT bəraətləri üzrə ixtisaslaşan “Günahsızlıq Layihəsi” (Innocence Project) təşkilatı 2026-cı ilin aprelinə qədər 205 müştərisinin azad olunmasına kömək edib.
DNT testi sayəsində bəraət alan 592 nəfər həbsxanada orta hesabla 14 il keçiriblər. Onların ən azı 34-ü vaxtilə ölüm hökmünə məhkum olunanlardır.
DNT bəraətlərinin böyük əksəriyyəti (təxminən 97 faizi) zorlama və qətl işlərinin payına düşür, çünki məhz bu növ işlərdə bioloji nümunələr daha çox saxlanılır.
Sonradan DNT ilə təkzib edilən ədalətsiz hökmlərin təxminən 70 faizində səbəb şahidlərin yanlış identifikasiyası olub.
DNT testi günahkarları bəzən təsadüfən də ifşa edir. Məsələn, xırda əmələ görə saxlanılan və ya bir əmələ görə cəza çəkən şəxsin başqa cinayət də törətməsi üzə çıxır.
İfşalar cinayətkarın özünün deyil, qohumunun biomaterialı əsasında da baş tuta bilər. Məsələn, İngiltərənin Nottingem şəhərində Kolett Aram adlı 16 yaşlı qızın 1983-cü ildə zorlanması və qətlinin üstü 2008-ci ildə açıldı: yol hərəkəti qaydalarını pozan gənc sürücüdən götürülən nümunə həmin cinayəti onun atasının törətdiyini ortaya qoydu. Pol Hatçinson adlı şəxs ömürlük həbsə məhkum edildi.
Kaliforniyada 1979-1986-cı illərdə 13 nəfəri öldürən, onlarla qadını zorlayan və sonra “istirahət”ə çəkilən Cozef DeAncelo qohumundan götürülən nümunə əsasında 2018-ci ildə həbs olunub. “Qızıl Ştatın Qatili” (Golden State Killer) də ömrünün qalan hissəsini həbsdə keçirəcək.
ABŞ-da Karen Klaas 1976-cı ildə seksual zorakılığa məruz qalmış və öz kolqotkası ilə boğularaq öldürülmüşdü. Onun qatili Kennet Troyer yalnız 40 il sonra müəyyən edildi. Polis tərəfindən 1982-ci ildə güllələnərək öldürülən Troyeri cəzalandırmaq mümkün deyildi, amma işin üstünün açılması Karenin ailəsinə rahatlıq gətirdi.
Artıq bir çox ölkədə polis tərəfindən saxlanılan bütün şəxslərdən biomaterial götürülməsi qanuniləşdirilib.
DNT testi tarixçilərin də işinə yarıyır. Məsələn, 2012-ci ildə Lesterdə (yenə Lester) parkinqin altından tapılan cəsədin 1483-1485-ci illərdə İngiltərə kralı olmuş III Riçarda məxsus olması DNT analizi sayəsində sübut edilmişdi.
2026-cı ilin martında Niderlandın Maastrixt şəhərində kilsə döşəməsinin altında tapılan cəsədin isə Aleksandr Dümanın məşhur personajı Şarl de Bats de Kastelmor D`Artanyana aid olması güman edilir. Fərziyyənin gerçəkliyini yoxlamaq üçün həmin nəsildən olan bir nəfərdən biomaterial götürüləcək.
Məsumların alqışını, günahkarların qarğışını qazanmış Alek Ceffris 1994-cü ildə kraliça II Yelizabet tərəfindən cəngavər rütbəsinə layiq görülüb. Hazırda onun 76 yaşı var.