“Bəy əfəndi”nin hekayəsi: məhbəsdən zirvəyə qədər... – I YAZI
Türkiyə siyasətinin “mərkəz sağ”ı adlandırılan Hüsamettin Cindoruk kim idi?
24 Aprel 2026
Aprelin 11-də Türkiyənin veteran siyasətçisi Hüsamettin Cindoruk vəfat etdi. Onun adını xüsusən müstəqilliyimizin ilk illərində tez-tez eşidirdik. Hüsamettin bəyin karyerası 1980-1990-cı illərdə Türkiyədə gedən siyasi proseslərlə sıx bağlı idi. Hesab edirəm ki, bu karyeranın kontekstində həmin prosesləri bir məqalənin imkan verdiyi çərçivədə işıqlandırmaq oxuculara maraqlı olar.
***
Hüsamettin Cindoruk 1933-cü ildə İzmirdə anadan olub. Erkən yaşlarında ailəsi Ankaraya köçdüyündən ibtidaidən başlayaraq bütün təhsilini paytaxtda alıb. 1954-cü ildə Ankara Universitetinin hüquq fakültəsini bitirib və vəkilliyə başlayıb.
Hələ tələbə ikən hakim Demokrat partiyasına üzv olub. Adnan Menderesin başqan olduğu bu partiya o zaman Türkiyə demokratiyasının mayakı sayılırdı və populyarlığının zirvəsində idi.
Lakin baş nazir Menderes get-gedə avtoritarlaşdı, müxalif və tənqidi fikirlərə dözümsüzləşdi. Bunun təsirini ilk olaraq mətbuat nümayəndələri hiss etdilər. İş o yerə çatdı ki, 1955-ci ilin martında “isbat haqqı” adını alacaq absurd bir qanun qəbul edildi. Qanuna görə mətbuatın “şəxslər haqqında etibarı zədələyəcək, şöhrət və sərvətə zərər verəcək” məlumatlar yayması qadağan olunub. Bu zaman jurnalistə öz ittihamlarını isbat etmək hüququ tanınmırdı. Yəni məmura yönəlik tənqid, haqlı və ya haqsız olmasından asılı olmayaraq, qanun pozuntusu sayılırdı.
“İsbat haqqı” hakim partiya daxilində parçalanma yaratdı. Rəhbərliyi tənqid edən 19 DP-li millət vəkilinin məsələsi partiyanın “Haysiyet Divan”ında müzakirə olundu. 9 nəfər partiyadan qovuldu, digər 10 nəfər də özləri istefa verdi. Onlar Hürriyyət Partiyasını yaratdılar və Cindoruk da yeni partiyaya qoşuldu.

Bununla belə, 1960-ci il hərbi çevrilişindən sonra keçmiş partiya yoldaşları məhkəmə qarşısına çıxarılanda Hüsamettin bəy keçmiş baş nazir Adnan Menderes və keçmiş spiker Refik Koraltan da daxil 18 müttəhimin vəkilliyini etdi. Həmin proses ədalət məhkəməsi anlayışından çox uzaq idi və vəkilin edəcəyi bir şey yox idi. Amma Cindoruk özünün cəsarətli çıxışları sayəsində məşhurlaşdı. Həmin çıxışlar üzündən 2,5 ay həbsdə yatdı: məhkəməyə həqarət ittihamı ilə.
DP-nin bir çox keçmiş üzvləri kimi Cindoruk da 1961-ci ildə yaradılan Ədalət Partiyasına üzv oldu. Əvvəlcə Ragip Gümüşpalanın, 1964-cü ildən isə Süleyman Demirelin başqan olduğu partiya 19 il ərzində dəfələrlə (təkbaşına və koalisiyada) iqtidar oldu. Maraqlıdır ki, partiyanın ən savadlı və parlaq fiqurlarından olan Cindoruk bu illər ərzində nə hökumətdə, nə də parlamentdə yer aldı.
1980-ci il sentyabrın 12-də növbəti hərbi çevriliş baş verdi və siyasi partiyaların fəaliyyəti dayandırıldı. Milli Təhlükəsizlik Şurası (Millî Güvenlik Konseyi, MGK) adı ilə fəaliyyət göstərən hərbi xuntanın bir il sonra 1981-ci il oktyabrın 16-da aldığı qərarla partiyalar qapadıldı. 1982-ci ildə qəbul edilən konstitusiyanın müvəqqəti 4-cü maddəsinə əsasən, Süleyman Demirel, Bülent Ecevit, Alparslan Türkeş, Necmeddin Erbakan və digərlərinə 10 il siyasətlə məşğul olmaq qadağan edildi.
1983-cü il aprelin 24-də yeni “Siyasi Partiyalar Qanunu”nun qəbulu ilə partiyaların yaradılmasına icazə verildi. Amma bu partiyalar köhnə adlarla yaradıla bilməzdi. Keçmiş “ədalətçilər” mayın 20-də Böyük Türkiyə partiyasını yaratdılar. Başqanı istefada olan orgeneral Ali Fethi Esenerin olduğu, qurucuları arasında Cindorukun da olduğu bu partiya “qapadılmış siyasi partiyanın davamçısı” olduğuna görə 11 gün sonra qapadıldı. Quruculardan Hüsamettin Cindoruk və Mehmet Gölhan, eləcə də partiyanın təsisində rəsmən yer almayan Süleyman Demirel və 5 il siyasət qadağası olan İhsan Sabri Çağlayangil Çanaqqalada yerləşən Zincirbozan qarnizonunda 4 ay nəzarət altında saxlanıldılar.
1983-cü ildə (iyunun 23-də) daha bir sağ-mərkəz partiya - Doğru Yol Partiyası (DYP) yaradılmışdı. Hüsamettin Cindoruk da bu partiyaya qoşuldu və 1985-ci il mayın 14-də keçirilən birinci qurultayında başqan seçildi.
Türkiyədə 1980-ci il çevrilişindən sonra ilk parlament seçkiləri 1983-cü il noyabrın 6-da keçirildi. Bu “filtrli” seçkilərdə MGK cəmi üç partiyanın iştirakına icazə verdi: Ana Vətən Partiyası (ANAP, Turgut Özal), Milliyyətçi Demokratiya Partiyası (MDP, Turgut Sunalp) və Xalqçı Partiya (HP, Necdet Calp).
45,1% səs və mandat qazanan ANAP təkbaşına iqtidar, Özal isə baş nazir oldu. HP 30,5% səs və 117 mandat, xuntanın dəstəklədiyi, başqanı istefadakı orgeneral olan MDP isə 23,3% səs və 71 mandat qazandı.
Üç il ərzində Türkiyə Böyük Millət Məclisində müxtəlif səbəblərdən 11 yer boşaldı və 1986-cı il sentyabrın 28-də aralıq seçkilər keçirildi. Bu seçkilərdə artıq xeyli partiya iştirak edirdi və rəqabət daha güclü idi. Mərkəz sağın iki böyük partiyasının ANAP və DYP-nin rəqabəti də buradan başladı.
İlk “matç”ı ANAP uddu: 11 yerdən 6-nı götürdü. DYP 4 mandat qazandı və Hüsamettin Cindoruk Samsundan millət vəkili seçilərək, ilk dəfə parlamentə düşdü. Daha bir yer isə Sosial-Demokrat Partiyası ilə Xalqçı Partiyanın birləşməsindən yaranmış, başqanı Erdal İnönü olan Sosial-Demokrat Xalqçı Partiyaya (SHP) qismət oldu.
1987-ci ildə növbəti parlament seçkiləri keçiriləcəkdi. Bu zaman siyasi fəaliyyəti qadağan edilmiş şəxslərin cəzasının vaxtından əvvəl qaldırılması məsələsi gündəm oldu. Qadağa konstitusiyada əksini tapdığı üçün sentyabrın 6-da referendum keçirildi. Qadağanın götürülməsi tərəfdarları cüzi üstünlüklə qalib gəldilər: 49,84 faizə qarşı 50,16%. Artıq sentyabrın 24-də Cindoruk partiya rəhbərliyini Demirelə təhvil verdi.
Parlament seçkiləri isə noyabrın 29-da keçirildi. Cindoruk Ispartadan namizədliyini verdi və... seçilmədi. Bu məsələ üzərində bir qədər ətraflı dayanmaq lazımdır. 1987-ci il seçkilərinin Cindorukun bioqrafiyasında, üstəlik, Türkiyə tarixində önəmli rol oynadığını nəzərə alaraq, onun üzərində dayanmaq faydalıdır.
***
Baş nazir Turgut Özal anlayırdı ki, rəqabətin daha kəskin olacağı yeni seçkilərdə 1983-cü ildəki kimi təkbaşına iqtidar olması mümkünsüz məsələdir. Daha doğrusu, seçki əvvəlki sistemlə keçirilərsə, mümkünsüzdür. Özü də məsələ təkcə təkbaşına iqtidar olmaq deyildi.
1982-ci ildə qəbul edilən konstitusiyanın müvəqqəti 1-ci maddəsi hərbi xuntanın başçısı Kenan Evrenə 7 illik prezidentlik səlahiyyəti verirdi. 1987-ci ildə seçilən parlament 1989-cu ildə Türkiyənin növbəti prezidentini seçəcəkdi. Beləcə, Özalın istədiyi sırf təkbaşına iqtidar deyil, həm də prezidentlik idi.
MGK-nın 1983-cü il iyunun 10-da qəbul etdiyi "Millət vəkili seçkisi haqqında" qanun zatən yetərincə ədalətsiz idi. Xunta hesab edirdi ki, çevrilişdən əvvəlki siyasi sabitsizliyin bir səbəbi də seçkilərdə minimal səs həddinin (barajın) olmaması və nəticədə parlamentə xeyli xırda partiyaların düşməsi idi. Məsələn, 1977-ci ildə keçirilən parlament seçkilərində 1,87% səs toplayan Cumhuriyetçi Güven Partiyası parlamentdə 3 nəfərlə təmsil olunurdu.
İndi yeni seçki qanunu ilə Türkiyə tarixində ilk dəfə baraj tətbiq edilirdi: partiya parlamentdə təmsil olunmaq üçün ölkə üzrə 10 faizdən çox səs toplamaq lazım idi. Lakin təkcə bu deyildi, “çevrə barajı” da vardı. Bu baraj hər dairədən seçilən deputat sayına görə dəyişirdi. Məsələn, dairədən 2 deputat seçiləcəkdisə, həmin dairənin barajı 50 faiz, 5 deputat seçiləcəkdisə 20 faiz, 8 deputat seçiləcəkdisə 12,5 faiz olurdu. Çevrə barajını keçməyən partiya həmin dairədən mandat qazanmırdı.
Bu seçki sisteminin yaxşı bir tərəfi də vardı: seçicilər bütöv partiyaya yox, konkret namizədlərə səs verirdilər. Dairədən 4 nəfər seçiləcəkdisə, hər seçici konkret dörd nəfəri seçib, onlara səs verirdi: əvvəlcə partiyanı seçirdi, sonra onun namizədlərini. Bu sistem sadə proporsionaldan fərqli olaraq, namizədlərin partiya rəhbərliyindən asılılığını azaldırdı. Amma seçiciyə seçim imkanı yaratmaq üçün seçiləcək deputat sayından ən azı iki dəfə çox namizəd göstərmək lazım idi (əsas və ehtiyat siyahı). Bu isə partiyaların yeni yarandığı nəzərə alınarsa, heç də asan deyildi.
1987-ci il seçkiləri öncəsi Özal iqtidarı bu sistemə öz xeyrinə yeni dəyişikliklər etdi. Ən əsas dəyişiklik millət vəkillərinin və seçki dairələrinin sayının artırılması oldu. Birincisi 400-dən 450-yə, ikincisi 83-dən 104-ə çıxdı. Artımlar proporsional deyildi. Deputatların sayı 12,5%, dairələrin sayı isə 25% artmışdı. Bu isə o demək idi ki, hər dairədən daha az deputat seçiləcək: maksimum say 6 ola bilərdi. Dairədən seçilən deputatların sayı azaldıqda isə çevrə barajı yüksəlirdi. Bu da ilk növbədə iqtidar partiyasının işinə yarayırdı.
Daha bir yenilik “kontenjan milletvekilliği” deyilən hal idi. Bu nə demək idi? Bir dairədə hansı partiya ən çox səs toplayırdısa, onun siyahısındakı birinci şəxs millət vəkili olur, qalan 4 yer isə toplanılan səslərə görə bölünürdü. Məsələn, dairədə 4 deputat seçiləcəkdisə, bir yer ən çox səs toplayan partiyanın (əksər hallarda ANAP) siyahısındakı şəxsin olurdu. Qalan 3 yer də toplanılan səslər üzrə bölünürdü. Bu zaman elə vəziyyət yarana bilərdi ki, digər partiya bu halda 25% olan çevrə barajını keçsin, amma mandat qazana bilməsin. Bu daha əvvəl tətbiq olunan “qalib hər şeyi aparır” üsulu deyildi, amma indi qalib çox şeyi aparırdı.
Turgut Özal məqsədinə nail oldu. ANAP 36,3% səs topladı. Bu, 1983-cü ildə olduğundan 8,8% az idi. Amma deputat sayı 211-dən 292-yə qalxdı. İkinci yeri tutan SHP 24,7% səslə 99 mandat qazandı. Yəni SHP ANAP toplayanın 2/3 qədər səs toplamışdı, amma mandat sayı ANAP-da olanın 1/3-i qədər idi. DYP isə 19,1% səslə cəmi 59 mandat əldə etdi. Parlamentə düşən bu üç partiyanın səs faizini toplayanda 80 faizdən bir qədər çox edir. Beləliklə, ikili baraj sistemi nəticəsində təxminən 20% seçicinin iradəsi parlamentin tərkibində əks olunmadı.
Hüsamettin Cindorukun bioqrafiyasına qayıtmazdan əvvəl Özalın prezidentlik yolunu sona çatdırmağın oxuculara maraqlı olacağını düşünürəm.
1989-cu ilin martında Türkiyədə bələdiyyə seçkiləri keçirildi və birinci yeri gözlənilmədən SHP tutdu. 28,7% səs toplayan partiya İstanbul, Ankara və İzmir də daxil 39 vilayətin bələdiyyə başqanlığını qazandı. İkinci yeri DYP tutdu: 25,1% səs və 16 vilayət bələdiyyəsi başqanlığı. 21,8% səslə üçüncü yer tutan hakim ANAP-ın qazandığı vilayət bələdiyyə başqanlığı cəmi 3 idi. Necmettin Erbakanın Refah Partiyası cəmi 9,8% səs toplasa da, qazandığı vilayət başqanlığını sayı 5 idi.
Müxalifət həm bələdiyyə seçkilərinin nəticələrini, həm də ANAP-ın parlamentdə çoxluğu seçicilərin 36 faizinin səsi hesabına qazanmasını əsas gətirərək bildirirdi ki, TBMM tərkibi xalqın iradəsini əks etdirmir və növbədənkənar parlament seçkiləri keçirilməlidir. Amma Turgut Özal 1987-ci il seçkilərində o qəliz kombinasiyaları ona görə düşünməmişdi ki, sonra növbədənkənar seçkiyə getsin. Belə olduqda, müxalifət parlamentdə keçirilən prezident seçkilərini boykot etdi.
Demokratik görüntü yaratmaq üçün ANAP-dan seçkilərə iki namizəd irəli sürüldü: Turgut Özal və Fethi Çelikbaş. Konstitusiyaya görə, seçkilərin 1 və 2-ci turunda prezident seçilmək üçün deputatların ümumi sayının 2/3-ni toplamaq lazım idi. ANAP-ın isə belə çoxluğu yox idi. 1989-cu il oktyabrın 31-də keçirilən üçüncü turda qalib gəlmək üçün sadə səs çoxluğu yetərli idi. Səsvermədə iştirak edən 285 deputatdan 263-nün səsini alan Turgut Özal Türkiyə Respublikasının 8-ci prezidenti seçildi. Noyabrın 9-da keçirilən inauqurasiya mərasiminə müxalifət qatılmadı.
***
Türkiyədə siyasətçilər adətən doğma yurdları olan ərazidən namizəd olmağa üstünlük verirlər. İzmirdə anadan olub Ankarada böyüyən Hüsamettin Cindorukun belə bir yurdu yox idi. O, Süleyman Demirelin təklifini qəbul edib, partiya başqanının yurdu olan Ispartadan namizəd oldu. Dörd deputatın seçiləcəyi Ispartada DYP dördü əsas, dördü də ehtiyat siyahıda olmaqla 8 namizəd göstərmişdi. Cindoruk əsas siyahıda Demirelden sonra ikinci yerdə idi.
Ispartada 60,2% səs toplayan DYP 4 mandatın dördünü də götürdü, amma Cindoruk seçilmədi. Çünki DYP seçən seçicilər partiya siyahısındakı başqa namizədlərə, gəlmə Cindoruka deyil, ıspartalılara səs verdilər. Vilayəti TBMM-də Süleyman Demirel, Abdullah Aykon Doğan , Ertekin Durutürk və İbrahim Gürdal təmsil etdi.

Ispartalıların seçimi Süleyman Demirel üçün gözlənilməz idi, yoxsa partiyada özünə bərabər fiqur sayılan Hüsamettin Cindorukun mövqelərini zəiflətmək üçün öncədən düşünülmüş gediş idi? İndi bunu söyləmək çətindir. Turğut Özalın ölümündən sonra prezident olan Süleyman Demirelin öz yerinə Cindorukun DYP başqanı və baş nazir olmasına razılıq verməməsini nəzərə alanda, ikinci ehtimalı istisna etmirəm.
(Davamı olacaq)