100 ilin borcu, suya qərq olan 500 türk, Tehrandan xilas... – FİLM KİMİ ƏMƏLİYYAT
Gündoğar ölkədə o türkün adını heç vaxt unutmayacaqlar
16 Mart 2026
İran-İraq müharibəsi uzandıqda tərəflərin hərbi hava qüvvələrində nisbət İraqın xeyrinə dəyişməyə başladı. İran hələ şah dövründə ABŞ-dan ən müasir təyyarələr almışdı, yenicə istehsal edilən F-16 da sifariş etmişdi. Amma İslam inqilabından sonra ABŞ səfirliyinə hücum və başlayan girov böhranından sonra Vaşinqton İrana embarqo tətbiq etdi və sövdələşmə pozuldu.
İraqla müharibə davam etdikcə həmin embarqo üzündən İran nəinki yeni təyyarələr, hətta onlara ehtiyat hissələr və hərbi sursatlar ala bilmirdi. İraq HHQ isə əsasən SSRİ və Fransa istehsalı olan təyyarələrlə yenilənirdi. Nəticədə savaşın əvvəlində İranın tərəfində olan hava üstünlüyü tədricən İraqa keçdi.
Bundan yararlanmaq istəyən Səddam Hüseyn “şəhərlər müharibəsi” adını alacaq taktikaya əl atdı. Bu taktikanın məqsədi düşmənin böyük şəhərlərinə hava zərbələri endirərək əhalidə ruh düşkünlüyü yaratmaq və İranı sülhə məcbur etmək idi. Bağdad da limitsiz silah-sursata malik olmadığından bu taktika fasilələrlə həyata keçirilirdi.
Tehran, Təbriz, İsfahan, Şiraz və s. böyük yaşayış məntəqələrinin hədəf olduğu “şəhərlər müharibəsi” beş mərhələdə həyata keçirildi: fevral 1984-cü il, mart-aprel 1985-ci il, yanvar 1987-ci il, fevral-aprel 1987-ci il və yanvar-fevral 1988-ci il. Haqqında danışacağım əhvalat ikinci mərhələ ərəfəsində baş verdi.
İraq komandanlığı həmin mərhələyə başlamazdan əvvəl, 1985-ci il martın 17-də elan etdi ki, 48 saat sonra İran səmasında olan istənilən təyyarəyə - mülki təyyarələr də daxil - hücum ediləcək. Bu xəbərdarlıqdan sonra demək olar, bütün dövlətlər öz vətəndaşlarını İrandan çıxarmağa başladılar.
Həmin vaxt İslam respublikasında olan 215 Yaponiya vətəndaşı çətin vəziyyətə düşdü. Yaponiyanın mülki “Japan Airlines” (JAL) aviaşirkəti hərbi əməliyyatların getdiyi bölgəyə təyyarə göndərməkdən imtina etdi. Vəziyyətdən çıxış yolu hərbi təyyarə göndərilməsi ola bilərdi, amma buna da qanunlar imkan vermirdi: İkinci Dünya müharibəsindən sonra qəbul edilən konstitusiya ölkə hüdudlarından kənara hərbi qüvvə göndərilməsini qadağan edirdi.
Çarəsiz qalan yaponlar Türkiyədən kömək istədilər. Ankara bu xahişə dərhal müsbət cavab verdi. Osmanlının “Ertuğrul” freqatının faciəsi zamanı yaponların göstərdiyi comərdliyin əvəzini çıxmaq fürsəti yaranmışdı.
***
Yaponiya XIX əsrin ortalarına qədər özünütəcrid siyasəti yürüdürdü və xarici dövlətlərlə əlaqələr saxlamırdı. 1867-ci ildə taxta çıxan imperator Meycinin bir il sonra başladığı köklü islahatlar Yaponiyanın feodal dövlətindən sənaye dövlətinə çevrilməsinin əsasını qoydu. Yaponiya tarixində oynadığı rola görə həm də “Meyci inqilabı” adlanan islahatlar xarici siyasətə də təsirsiz ötüşmədi və Yaponiya başqa ölkələrlə əlaqələr qurdu. Belə dövlətlərdən biri də Osmanlı imperiyası idi.
Türkləri və yaponları yaxınlaşdıran bir sıra səbəblərin arasında Rusiyaya ortaq düşmən münasibət, yəqin ki, əsas idi. Digər tərəfdən, yaponların qərbləşmədən modernləşmək təcrübəsi də osmanlılar üçün maraqlı idi. İki dövləti və xalqı daha da yaxınlaşdıran isə “Ertuğrul” faciəsi oldu.
***
Meyci islahatlarından az sonra yaponlar Osmanlı imperiyasına səfər etməyə başladılar. Yaponiyanın Böyük Britaniyada və Avstriyadakı diplomatik missiyalarının birinci katibləri Nakai Hirose və Vatanabe Kouki 1876-cı ildə ölkələrinə dönərkən İstanbulda oldular, sədrəzəm və xarici işlər naziri ilə görüşdülər. Sonrakı illərdə gələn diplomatlar sultan II Abdulhamidlə də görüşə bildilər və hətta Osmanlı ordenləri ilə təltif olundular.
1887-ci ildə Yaponiya imperator ailəsinin nümayəndəsi şahzadə Akihito İstanbula gəldi. O, sultana bir sıra hədiyyələr verdi, eləcə də imperatorun təltif etdiyi ən ali Yaponiya mükafatı olan “Xrizantema ordeni”ni təqdim etdi.
Sultan, buna cavab olaraq, Yaponiyaya nümayəndə göndərmək qərarına gəldi və bunun üçün “Ertuğrul” freqatı seçildi. Osmanlı dövlətinin banisi I Osmanın atasının şərəfinə adlandırılan freqat 1863-cü ildə suya buraxılmışdı. 79 m uzunluğu və 15,5 m eni olan freqat qısa hərbi xidmətdən sonra Haliç körfəzində lövbər saldı və illərlə burada qaldı.
“Ertuğrul”un 1888-ci ildə əsaslı təmir olunmasına baxmayaraq, bəzi dənizçilər onun belə uzaq səfər üçün yararlı olmayacağı ilə əlaqədar xəbərdarlıq etsələr də faydası olması. Göyərtəsində 607 nəfərin olduğu təxmin edilən (dəqiq məlum deyil) və miralay Ali Osman bəyin komandanlıq etdiyi freqat 1889-cu ilin iyulun 14-də İstanbuldan yola düşdü. Səfər insidentsiz ötüşmədi, səfərin başlamasından 12 gün sonra gəmi Süveyş kanalındakı Böyük Acı göldə təmirə dayandı və yalnız iki ay sonra yoluna davam edə bildi. Sinqapura çatanda yenə təmirə dayandı. Burada gəminin kapitanı Ali Osman bəyə mirliva (indi briqada generalı, donanmada kontr-admiral) rütbəsi və paşa ünvanı alması xəbəri çatdı.
Sinqapurdan 1890-cı il martın 22-də yola düşən “Ertuğrul” səfərə çıxmasından 11 ay sonra, iyunun 7-də Yokohama limanına çatdı. Altı gün sonra imperator Meyci Ali Osman paşa və digər zabitləri qəbul etdi. Paşa sultanın hədiyyələrini, məktubunu və “İmtiyaz nişanı” ordeninin imperatora təqdim etdi. Öz növbəsində, Meyci paşanı birinci dərəcəli “Doğan günəş” ordeni ilə, digər zabitləri isə başqa orden və medallarla təltif etdi. Sonrakı günlər türkləri şahzadə Yoşihito (gələcək imperator Tayşo) və digər yüksək mənsəbli yaponlar qəbul etdilər və ziyafət verdilər.
Ziyarət 100 gün çəkdi. “Ertuğrul” sentyabrın 15-də Yokohama limanından İstanbula yola düşdü. Həmin gün əlverişli olan hava ertəsi gün pisləşdi. Axşama doğru qasırğa başladı və dənizçilər yelkənləri yığışdırmalı oldular. Lakin “Ertuğrul”un korpusu Sakit okean qasırğasına dözmədi. 40 metr hündürlükdə dor ağacı aşdı. Gəminin içinə su sızmağa başladı. Nasoslar yaxşı işləmədiyindən dənizçilər suyu vedrələrlə boşaltmağa çalışdılar, lakin bu, yetərli ola bilməzdi. Kömürün islanması nəticəsində qazanlar sönməyə başladı.
İki günlük mübarizədən sonra hərəkətini itirən freqatı külək və dalğalar Kuşimoto kəndi yaxınlığındakı qayalıqlara doğru apardı. Türklərin lövbər salmaqla gəmini dayandırmaq cəhdi faydasız oldu. Sentyabrın 18-də gecəyarı zərblə qayalıqlara çırpılan gəmi üç yerə parçalandı. Qəza nəticəsində Ali Osman paşa da daxil 500-dən çox adam həlak oldu.
Qəzadan sağ çıxan 6 zabit və 63 dənizçinin, bir neçə nəfər istisna olmaqla, hamısı yaralı idi. Onlara ilk yardımı Kuşimoto sakinləri göstərdilər. Daha sonra yapon hökuməti onların Kobe şəhərinə aparılmasını və müalicələrini təmin etdi. Yamada Toraciro adlı iş adamı ölənlərin ailələrinə və yaralılara yardım etmək üçün xeyriyyə kampaniyasına başladı.
69 dənizçisi Yaponiya donanmasının “Kongö” və “Hiey” korvetlərinə mindirilərək vətənlərinə göndərildilər. Gündoğar ölkədən 1890-cı ilin oktyabrında ayrılan gəmilər 1891-ci il yanvarın 2-də İstanbula çatdılar. Üç gün sonra sultan II Abdulhamid hər iki gəminin zabitlərini qəbul edərək qəzadan sağ çıxanlara göstərilən yardıma görə təşəkkür etdi və onları müxtəlif medallarla mükafatlandırdı.
Yaponiyada isə 150 türkün cəsədi dənizdən çıxarıldı və Kuşimoto mayakı yaxınlığında dəfn edildilər. 1891-ci ildə burada “Ertuğrul anıtı” ucaldıldı. 1829-cu ildə memorialı hətta imperator Hirohito ziyarət etdi. Türkiyə hökumətinin ayırdığı vəsaitlə inşa olunan yeni abidənin açılışı isə 1937-ci il iyunun 3-də oldu.

1974-cü il dekabrın 14-də isə Kuşimoto bələdiyyəsinin və Türkiyə hökumətinin birgə səyləri sayəsində memorialın yanında “Türk muzeyi” açıldı.
***
İndi, türk-yapon münasibətlərinin məhək daşı sayılan “Ertuğrul” faciəsindən 95 il sonra Yaponiya Türkiyədən kömək gözləyirdi. İrandakı Türkiyə vətəndaşlarının sayı yüzlərlə idi. THY isə Tehrana cəmi bir sərnişin təyyarəsi göndərməyi planlaşdırırdı. Əksəriyyət quru yolu ilə vətənlərinə dönməli idi.
Yaponların xahişi hökumətdə müzakirə olundu və yardım göstərmək qərara alındı. THY Tehrana uçacaq ikinci təyyarənin heyətini könüllülük əsasında müəyyənləşdirdi. Həmin “DC-10” təyyarəsinin kapitanı Orhan Suyolcu oldu. Tehrana enib 215 yaponu göyərtəsinə alan təyyarə Türkiyəyə uçdu.
Müharibə gedən ərazidə təyyarə hər zaman vurula bilərdi və buna görə də sərnişinlər özlərini hələ təhlükəsizlikdə hiss etmirdilər. Yalnız kapitanın Türkiyənin hava məkanına daxil olduqlarını bildirən “Türkiyəyə xoş gəldiniz” elanından sonra qurtulduqlarına əmin oldular. Salonu sevinc çığırtılarından hönkürtü sədalarına qədər müxtəlif səslər bürüdü. Bu hadisə Türkiyə-Yaponiya münasibətlərini daha da möhkəmləndirdi.
Orhan Suyolcu 2013-cü il fevralın 24-də vəfat edəndə cənazə mərasimində Yaponiyanın İstanbul baş konsulu da daxil bir çox yapon iştirak etdi. Onlardan biri duyğularını qələmə aldı:
“1985-ci ildə İran–İraq müharibəsi zamanı, Türk Hava Yolları təyyarəsinin Tehranda yaşayan 215 yapon vətəndaşını xilas etdiyini bilən yaponların sayı düşündüyümüzdən azdır. Həmin təyyarənin kapitanı bazar günü gecə vəfat etdi. Bu gün günorta İstanbul şəhərindəki məscidlərin birində onun dəfn mərasimi keçirildi.
Dəfn mərasimində Yaponiyanın baş konsulu başda olmaqla, yapon icmasının nümayəndələri və İstanbulda yaşayan könüllülər iştirak etdilər. Mən də onların arasında idim. Kapitanın həyat yoldaşı ilə danışmaq imkanım oldu və bir yapon vətəndaşı olaraq, iki təyyarədən birini yaponların xilas edilməsi üçün göndərdiyinə görə Türkiyəyə, eləcə də təhlükəni gözə alaraq könüllü şəkildə Tehrana xilasedici uçuş həyata keçirən kapitan Orhan Suyolcuya dərin təşəkkürümü bildirdim.
Həmin dövrdə Yaponiya Özünümüdafiə Qüvvələrinin xaricə göndərilməsi mümkün olmadığı üçün, Japan Airlines təhlükəsizliyə zəmanət verilməyən əraziyə təyyarə göndərə bilməyəcəyini bildirərək, yaponların xilasını həyata keçirə bilmədi. Təhlükə altında qalan və Yaponiyadan yardım təyyarəsinin gəlməyəcəyini təsdiqləyən İrandakı səfir Nomura vəziyyəti Türkiyə səfiri Birselə izah edərək kömək istədi. Cavab isə belə oldu: “Ertuğrul gəmisinin faciəsini unutmamışıq” – və xilasetmə təklifini məmnuniyyətlə qəbul etdilər.
Bu “borcun qaytarılması” 1985-ci ildən təxminən 100 il əvvələ – 1890-cı ildə Vakayama prefekturasının Kuşimoto sahillərində baş vermiş “Ertuğrul” hərbi gəmisinin qəzasına aiddir. Həmin faciədə təxminən 500 nəfər həlak olmuşdu. O zaman yaponlar xilasetmə işləri aparmış və sağ qalanların Türkiyəyə qaytarılmasına yardım etmişdilər. Bu gün də həmin hadisə Türkiyə dərsliklərində qeyd olunur və yaponların göstərdiyi yardım yüksək qiymətləndirilir. Türkiyənin niyə güclü şəkildə Yaponiya dostu ölkə olduğunu bu tarixi biləndə anlamaq çətin deyil.
Bəzən düşünürəm: eyni vəziyyətdə yaponlar necə davranardılar? O vaxtdan 28 il keçib. Bu hadisəni bilməyən yaponların sayı artdığı bir zamanda, Türkiyənin Yaponiyaya göstərdiyi bu humanitar yardımı heç vaxt unutmaq olmaz (Yaponiya öz vətəndaşlarını taleyin ümidinə buraxdığı bir vaxtda Türkiyə Yaponiyaya kömək etdi… 500 türk vətəndaşı təyyarəyə minə bilmədi və quru yolu ilə Türkiyə sərhədinə getməli oldu). Yaponların unutmağa başladığı öz yaxşı xüsusiyyətlərini itirməmək lazımdır.
Hazırda burada – Türkiyədə – hər gün türk xalqının sadə və səmimi insan münasibətləri içində yaşayır, bəzən çətinliklər və qayğılar yaşasam da, onların genişürəkliliyi və isti münasibəti sayəsində həyatımı davam etdirirəm. Bu gün taleyin gətirdiyi bir bağlılıqla kapitan Orhanın dəfn mərasimində iştirak edə bildiyim üçün minnətdaram və ona Allahdan rəhmət diləyirəm.
Mövzu kədərli olsa da, Yaponiya–Türkiyə münasibətləri haqqında düşünərkən, bugünkü dəfn mərasimi barədə mütləq yazmaq istədim.
Emiko Kitayama
27 fevral 2013-cü il”
***
Orhan Suyolcunun xatirəsi Yaponiya da anıldı. Ölümünün birinci ildönümündə anım tədbiri keçirildi. İstanbul ilə qardaşlaşmış Şimonoseki şəhərindəki “Türk lalə bağçası”nın adı 2014-cü ilin aprelində dəyişdirilərək “Orhan Suyolcu anma bağçası” qoyuldu.
