.jpg)
Putinin yalan vədləri və çökən Rusiya
Patruşevin qorxulu xəbərdarlığı gerçək olur
09 May 2024
Mayın 7-də and içərək beşinci dəfə dövlət başçısı səlahiyyətlərinə başlayan Vladimir Putin Rusiyanın 2036-cı ilə qədər milli inkişaf hədəflərini müəyyən edən fərman imzalayıb.
Həmin fərmanla əhalinin qorunması, sağlamlığın möhkəmləndirilməsi və insanların rifahının yaxşılaşdırılması qarşıya qoyulan məqsədlərin ilk sırasında yer alaraq, prioritet vəzifə elan edilib.
Əhalinin qorunmasını əsas məqsəd elan edən Putin İkinci Dünya Müharibəsindən sonra Avropada ən böyük hərbi münaqişə hesab olunan Ukraynaya qarşı müharibədə Rusiyanın hər gün yüzlərlə insan itirdiyindən sanki xəbərsizdir. Ötən ilin dekabrında Putin Ukraynaya qarşı 617 min Rusiya əsgərinin döyüşdüyünü bildirmişdi. Rusiya Müdafiə Nazirliyinin bir ay öncə, aprel ayının əvvəlində açıqladığı bir məlumatda ilin əvvəlindən aprelədək 100 mindən çox insanın orduda xidmət etmək üçün müqavilə imzaladığı, müqaviləli əsgərlərin sayının hər gün təxminən 1000 nəfər artdığı qeyd olunurdu. Müdafiə Nazirliyinin bu açıqlaması Rusiyanın üzləşdiyi fəlakətin miqyasının rəsmi sübutudur. Hər gün 1000 nəfərin müqavilə imzalaması Rusiya ordusunun gündəlik itkilərinin də bu rəqəmə yaxın, ən azı yüzlərlə olduğunu təsdiqləyir. Müstəqil jurnalist layihəsi çərçivəsində Ukraynada ölən 52 mindən çox hərbiçinin şəxsiyyəti açıq mənbələrdən müəyyən edilib. Müharibə ilə bağlı mövzuların qadağan olunduğu, bir çox hallarda cinayət məsuliyyəti doğurduğunu nəzərə alanda jurnalistlərin bütün ölüm hallarını üzə çıxara bilmədiyi aydın olur. Araşdırmanı aparan jurnalistlərin özləri də ölənlərin əslində ən azı 2-3 dəfə çox olduğu qənaətindədirlər.
Qərb kəşfiyyatının hesablamalarına görə də, Ukraynada ölən Rusiya hərbçilərinin sayı 100-150 min nəfərdir. Qərb kəşfiyyatı ağır yaralananların ölənlərdən üç dəfə çox olduğu qənaətindədir. Yaralananların təxminən 52 faizi hansısa əzasını itirib və hərbi xidmətə tam yararsız vəziyyətə düşüb. Qərb kəşfiyyatı “Vaqner” Özəl Hərbi Şirkətinin itkilərinin nəzərə alınmadığını da qeyd edirlər. Bu isə o deməkdir ki, Rusiyanın itkiləri daha çoxdur.
Federal Dövlət Statistika Xidmətinin (Rosstat) məlumatına görə, Rusiya təbii azalma nəticəsində əhalisini itirməkdə davam edir. 2016-23-cü illərdə Rusiyanın əhalisi 3.5 milyon nəfər azalıb. Rosstat-ın uzunmüddətli demoqrafik proqnozuna əsasən, bu proses yaxın onilliklərdə də davam edəcək.
Mərkəzi qərargahı Lüksemburqda yerləşən Avropa statistika xidmətinin (Eurostat) məlumatına görə, Avropa İttifaqından sığınacaq istəyən Rusiya vətəndaşlarının sayı son yeddi ildə rekord həddə çatıb. Ötən il 19 minə yaxın Rusiya vətəndaşı Aİ ölkələrindən sığınacaq istəyib. Bir il əvvəl isə 18 820 Rusiya vətəndaşı ilk dəfə Aİ-yə üzv dövlətlərin hakimiyyət orqanlarına sığınacaq üçün müraciət edib. Avropa ilə yanaşı, ABŞ-dan da sığınacaq almaq istəyən Rusiya vətəndaşlarının sayı kəskin artıb. Məsələn, 2022-ci ildə Meksikadan ABŞ-a qanunsuz keçən 21 763 Rusiya vətəndaşı saxlanılıb. Bu, Ukraynaya qarşı müharibədən əvvəlki illərlə müqayisədə 47 dəfə çoxdur.
Rusiya vətəndaşların Qərb ölkələri ilə yanaşı postsovet ölkələrinə də axını təsəvvür edilməz miqyas alıb. Alfa Bankın məlumatına görə, təkcə 2022-ci ilin ilk doqquz ayında 1,1 milyon insan Rusiyanı tərk edərək, postsovet ölkələrinə üz tutub.
Ukraynada müharibənin daha şiddətlənməsi Rusiyanın itkilərinin də, müharibədən yayınmaq üçün ölkədən qaçanların da sayının artacağını proqnozlaşdırmağa imkan verir.
Rusiyada əhalinin azalmasını qaçılmaz edən başqa bir səbəblə bağlı bəd xəbəri Beynəlxalq Valyuta Fondu yayıb. BVF-nın hesablamalarına görə, yaxın illərdə Rusiyada həyat səviyyəsi düşməyə davam edəcək və üç ildən sonra həyat səviyyəsinə görə Rusiya Türkmənistandan da aşağı düşəcək. BVF-nin hesablamalarına görə, Rusiya hazırda adambaşına düşən Ümum Daxili Məhsulun həcminə görə dünyada 68-ci yerdədir. Ötən il Rusiyada adambaşına düşən ÜDM ABŞ-dan 6 dəfə, Almaniyadan 4 dəfə, dünya lideri Lüksemburqdan 10 dəfə azdır.
Müharibə, repressiyaların kütləviləşməsi və həyat şəraitinin pisləşməsi Putinin yalançı vədlərinin gerçəkləşməsinin mümkün olmayacağını proqnozlaşdırmağa imkan verir. Buna görə də Putinin 7 may tarixli fərmanı ilə dövlətin prioritet vəzifəsi elan edilən əhalinin qorunması, sağlamlığın möhkəmləndirilməsi və insanların rifahının yaxşılaşdırılması mümkün olmayacaq. Bu isə o demədir ki, Rosstat-ın proqnozlaşdırdığı kimi Rusiyada əhalinin azalması davam edəcək.
Putin 25 ildir iqtidardadır və bu müddətdə Rusiyaya yalnız neft, qaz və daş kömürün satışından 10 trilyon dollardan çox pul daxil olub. Böyük pulların sel kimi axdığı bir zamanda Rusiyada əhalinin qorunması, sağlamlığın möhkəmləndirilməsi və insanların rifahının yaxşılaşdırılmasına nail ola bilməyən Putinin indi, Rusiyanın qlobal iqtisadiyyatdan təcrid olunduğu bir vaxtda bu məqsədlərə nail olması qeyri-mümkündür.
Buna görə də, qanunsuz miqrant axını üzündən Rusiyanın dağılma təhlükəsi ilə bağlı həyəcan təbili çalan Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin xəbərdarlığının gerçəkləşməsi ehtimalı artacaq.