Cənubi Azərbaycanın müstəqilliyi: Türküstanın dünyaya açılan qapısı
İsti dənizlər uğrunda 200 illik mübarizə strateji planları puça çıxa bilərmi?
09 Noyabr 2026
Dünyada mövcud olan dövlətlər arasında yalnız 44 ölkənin açıq dənizlərə çıxışı yoxdur. Təəssüf doğuran məqam odur ki, bu 44 ölkədən beşi türk dövlətləridir. Xəzər dənizi qapalı su hövzəsi olduğuna görə Azərbaycan, Qazaxıstan və Türkmənistan, eləcə də Qırğızıstan və Özbəkistan açıq dənizlərə çıxışı olmayan ölkələr hesab edilir. Özbəkistan isə dünyada nəinki açıq dənizlərə çıxışı olmayan, həm də özü kimi açıq dənizlərə çıxışı olmayan ölkələrlə əhatə olunmuş iki dövlətdən biridir. Yəni Özbəkistanın açıq dənizlərə çıxmaq üçün ən azı iki ölkədən asılılığı var. Azərbaycanın Gürcüstan vasitəsilə açıq dənizlərə çıxış imkanını Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistanla müqayisədə Azərbaycan üçün kiçik üstünlük hesab etmək olar. Bununla belə, açıq dənizlərə etibarlı çıxış əldə etmək Türküstan və Azərbaycanın qarşısında duran həyati əhəmiyyətli vəzifə olaraq qalır. Türküstanın qlobal iqtisadiyyatda iştirakı artdıqca, açıq dənizlərə çıxış zərurəti də paralel şəkildə artır.
Qazaxıstan hökumətinin məlumatına görə, Özbəkistan 2025-ci ildə öz yüklərinin Aktau və Kurık limanları vasitəsilə daşınmasını 60 faizdən çox artırıb. İyul ayında hər iki ölkənin baş nazirləri dəmir yolu şirkətlərinə daşımaların həcmini artırmaq üçün plan hazırlamağı tapşırıblar. Qazaxıstan Aktau konteyner habını genişləndirir və altı konteynerdaşıyan gəmi sifariş edib. Bununla yanaşı, Özbəkistan Hindistan limanları vasitəsilə ixrac imkanlarını araşdırır, Qazaxıstan isə Pakistan limanlarına maraq göstərir. Elə bir vəziyyət yaranıb ki, Özbəkistanın alıcıları olsa da, Avropaya ixracla bağlı problemlər səbəbindən qarşıya qoyduğu məqsədlərə çatmaqda çətinlik çəkir. Belarus, Rusiya və Baltikyanı limanlardan keçən şimal marşrutu ciddi şəkildə məhdudlaşdırılıb. Belə şəraitdə Orta Dəhliz həm sənaye xammalının idxalı, həm də Özbəkistan məhsullarının Avropa bazarlarına ixracı üçün getdikcə daha cəlbedici marşruta çevrilir. Lakin hamı başa düşür ki, bu marşrut da tələbatı tam ödəməyəcək. Üstəlik, açıq dənizlərə çıxmaq üçün Azərbaycandan sonra daha bir ölkənin ərazisini keçmək lazımdır.
Süni intellektə əsaslanan iqtisadiyyata keçidin sürəti və miqyası texnoloji cəhətdən inkişaf etmiş bütün dövlətləri ciddi problemlərlə üz-üzə qoyub. Nadir torpaq elementlərinə tələbatın kəskin artması Çindən asılılığı təhlükəli həddə gücləndirir. Dünyanın ən bahalı şirkətlərinin fəaliyyəti nadir torpaq elementlərinin tədarükündən təhlükəli dərəcədə asılı vəziyyətə düşüb.
Tayvanın çip nəhəngi TSMC nadir torpaq materiallarından istifadə edən Çin sənaye müəssisələrinə alternativlər axtarmağa başlayıb. TSMC Pekinin ixrac məhdudiyyətlərinin süni intellekt, smartfonlar və serverlər üçün qabaqcıl çiplər istehsal edən fabriklərin fəaliyyətini poza biləcəyindən ehtiyat edir. Narahatlıq Çinin 2025-ci ildə tətbiq etdiyi məhdudiyyətlərlə bağlıdır. Həmin vaxt Pekin müəyyən nadir torpaq materiallarının ixracına nəzarət tətbiq edib.
Süni intellekt sürətləndiriciləri, server prosessorları və mobil cihazlar hazırlayan şirkətlər üçün qabaqcıl mikrosxemlər istehsal edən TSMC-nin müştəriləri arasında NVIDIA və Apple kimi ABŞ texnologiya nəhəngləri də var. Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, TSMC gələn il 1 nanometrlik çiplərin istehsalına başlamağı planlaşdırır ki, bu da texnologiyada yeni mərhələnin başlanğıcı olacaq. Hələlik isə Tayvan ABŞ ilə birlikdə Çin təchizat zəncirlərindən asılılığı azaltmaq üzərində işləyir. Hazırda diqqət əsasən Mərkəzi Asiyaya, xüsusilə Qazaxıstan və Özbəkistana yönəlib.
ABŞ dövlət katibi Marko Rubionun çox nüfuzlu nümayəndə heyətinə başçılıq edərək Özbəkistana səfəri başa çatandan dərhal sonra NVIDIA şirkətinin təsisçisi və baş direktoru (CEO) Censen Huang Qazaxıstana səfər edərək prezident Kasım-Jomart Tokayevlə görüşüb. Böyük Britaniya və Avropanın rəsmi şəxsləri və iş adamları da amerikalı həmkarları kimi Mərkəzi Asiyaya xüsusi diqqət yetirməyə başlayıblar. Aydındır ki, Türküstan tarixində bir dövr başlayır.
Türküstan dövlətləri, xüsusilə Qazaxıstan və Özbəkistan nadir torpaq materiallarının ixracı ilə yanaşı, istehsal mərkəzlərinə çevrilməyə də çalışırlar. Sentyabrın 14–16-da Cənubi Koreyaya dövlət səfəri zamanı Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev koreyalı iş adamlarına istehsalı Qazaxıstanda genişləndirməyi və qonşu ölkələrin bazarlarına birgə çıxmağı təklif edib. Prezident Tokayev hesab edir ki, xammal tədarükü ixrac gəlirlərini təmin etdiyi halda, yerli emal iş yerləri yaradır, mühəndislik bacarıqlarını inkişaf etdirir və yerli biznes üçün sifarişlər formalaşdırır. Hyundai Motor Company və Astana Motors yeni modelin istehsalı barədə razılığa gəliblər.
Bütün bu planların taleyi böyük ölçüdə logistikadan asılıdır. Əfqanıstan və Pakistandakı ictimai-siyasi vəziyyət cənub istiqamətində səmərəli logistikanı mümkünsüz edir. Çinin təxminən bir trilyon dollar sərmayə qoyduğu “Bir kəmər, bir yol” layihəsinin işləməməsinin əsas səbəbi Pakistan və Əfqanıstandakı qeyri-sabit vəziyyətdir. Pakistan və Əfqanıstandakı prosesləri diqqətlə izləyən ekspertlərin ümumi qənaəti bundan ibarətdir ki, bu ölkələrdə hələ uzun müddət sabitlik olmayacaq.
Buna görə də Türküstan ölkələrinin əsas diqqəti qərb istiqamətindəki Orta Dəhlizə yönəlib. Bununla belə, hamı başa düşür ki, bu dəhlizin özünün də ciddi riskləri var. Bu, ilk növbədə, Türküstanla Azərbaycan arasında quru sərhədinin olmaması və yüklərin Xəzər dənizi vasitəsilə daşınması ilə bağlıdır. Rusiyanın Orta Dəhlizə soyuq münasibəti və Xəzər dənizinin dayazlaşması kimi amillər bu marşrutun perspektivləri ilə bağlı narahatlıq doğurur. Rusiyanın Xəzər dənizində suyun səviyyəsinin aşağı düşməsində maraqlı olması da Türküstanın Rusiyadan yan keçərək xarici dünyaya çıxmasının qarşısını almaq siyasətindən irəli gəlir.
Cənubi Qafqaz və Mərkəzi Asiyanın vahid məkana çevrilməsi dönməz prosesə çevrilsə də, bu iki region arasında quru sərhədinin olmaması eyni narahatlıqları doğurur. Xəritədə bu vəziyyətdən çıxış yolu axtaranların diqqəti bir istiqamətə – Cənubi Azərbaycana yönəlib. Qərbin analitik mərkəzlərində İranın etnik xəritəsini araşdıran tədqiqatçılar Cənubi Qafqazı (Azərbaycanı) Türküstanla birləşdirəcək coğrafi ərazinin Azərbaycanın davamı olduğunu təəccüblə qeyd edir, böyük bir kəşfin sevincini yaşayaraq isti dənizlərə etibarlı çıxış imkanını vurğulayırlar. Tamamilə aydındır ki, Cənubi Azərbaycanın öz müqəddəratını təyin etməsi təkcə Cənubi Qafqazı Mərkəzi Asiya ilə birləşdirməyəcək, həm də Türküstanın açıq, özü də isti dənizlərə çıxışını təmin edən sabit məkanın formalaşmasına imkan yarada bilər.
Rusiyanın əsas strateji məqsədlərindən biri və bəlkə də birincisi artıq 200 ildən çoxdur ki, İran və ya Pakistan vasitəsilə isti dənizlərə çıxış əldə etməkdir. İkinci Dünya müharibəsindən sonra İranı parçalamaq və Əfqanıstanı işğal etmək cəhdi Rusiyanın isti dənizlərə çıxışı təmin etmək siyasətinin davamı idi. Yeri gəlmişkən, Rusiyanın “Şimal–Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi layihəsi də eyni məqsədə xidmət edir. Cənubi Azərbaycanın öz müqəddəratını təyin etməsi Rusiyanın bu məqsədini də puça çıxaracaq. Əgər İkinci Dünya müharibəsindən sonra İranın ərazi bütövlüyünün qorunması Sovet İttifaqının (Rusiyanın) isti dənizlərə çıxışının qarşısını almağa xidmət edirdisə, indi eyni nəticəyə İranın parçalanması gətirib çıxara bilər. ABŞ Dövlət Departamentinin İranın nüvə proqramının vəziyyəti barədə məlumat verənlərə 20 milyon dollaradək mükafat vəd etməsi də təsadüfi deyil.
Rusiya 200 ildən artıq müddətdə isti dənizlərə çıxış strategiyasını həyata keçirə bilmədiyi üçün Cənubi Azərbaycan vasitəsilə Türküstanın isti dənizlərə etibarlı çıxış əldə etmək imkanı bu region üçün yeganə şansa çevrilir. Bu, çoxəsrlik fasilədən sonra ilk dəfə Avrasiyanın geosiyasi nizamını türk xalqlarının xeyrinə dəyişə bilər. Bütün bunlar göstərir ki, Cənubi Azərbaycanın öz müqəddəratını təyin etməsi təkcə Azərbaycan üçün deyil, Türküstan üçün də həyati əhəmiyyət daşıyan məsələdir.