Putinin qarşısında son seçim – Rusiyada “böyük çağırış” qorxusu yenidən qayıdır
Kreml insan resurslarının tükənməsi ilə üz-üzə qalıb
29 Avqust 2026
Rusiya hərbçiləri regionların səfərbərliyə hazırlıq vəziyyətini yoxlamağa başlayıblar. Belə təlimlərdən biri Kalininqrad vilayətində keçirilib. Burada yerli sakinlərin hərbi xidmətə çağırılması, yerləşdirilməsi, qidalanması və silahla təmin olunması prosedurları məşq edilib. Bu barədə “The Wall Street Journal”a Qərb kəşfiyyat xidmətlərinin nümayəndələri məlumat veriblər. Onların sözlərinə görə, analoji tədbirlər Rusiyanın bütün ərazisində keçirilir. Mənbələr qeyd edirlər ki, Kreml sentyabrın 18–20-də keçiriləcək Dövlət Dumasına seçkilərdən sonra Ukraynada döyüşən ordunun şəxsi heyətini artırmaq üçün yeni səfərbərlik elan edə bilər.
ABŞ və Avropa rəsmilərinin qiymətləndirməsinə görə, son aylarda Rusiya Müdafiə Nazirliyi itkiləri kompensasiya etmək üçün kifayət sayda müqaviləli hərbçi cəlb etməkdə getdikcə daha çox çətinlik çəkir. Ukraynanın pilotsuz uçuş aparatlarından kütləvi istifadə etməsi isə Rusiya hərbçilərinin cəbhədə “dəqiqələr, günlər və ya həftələrlə” ölçülən ömür müddətini qısaldıb. Rəsmilər hesab edirlər ki, şəxsi heyət çatışmazlığı Rusiya prezidenti Vladimir Putinə yeni səfərbərlik dalğası elan etməkdən başqa seçim qoymaya bilər. Çünki Putin hələ də Donbasın bütün ərazisinə nəzarəti ələ keçirmək istəyir.
“The Moscow Times”ın məlumatına görə, yeni çağırış Rusiya hərbçilərinin mövqelərini gücləndirə və Donetsk vilayətində Ukraynanın nəzarətində qalan sonuncu iri şəhərləri – Kramatorsk və Slavyanska doğru irəliləyişlərini sürətləndirə bilər. Lakin səfərbərlik döyüş əməliyyatlarının adətən səngidiyi qış ərəfəsində elan edilərsə, belə bir addımın praktiki nəticəsinin necə olacağı hələ də aydın deyil.
“Düşünmürəm ki, bu, cari ildə Rusiya üçün həlledici amilə çevrilsin, artıq çox gecdir. Lakin 2027-ci ildə bunun rolu ola bilər”, – Karnegi Fondunun baş elmi əməkdaşı Maykl Kofman bildirib. Onun fikrincə, əgər Putin Donbasın qalan hissəsini bu il ələ keçirməyə ümid edirdisə, səfərbərlik bir neçə ay əvvəl elan edilməli idi.
Rusiya sosioloji xidmətlərinin keçirdiyi sorğulara əsasən, son aylarda əhalinin müharibəyə münasibətdə həvəsi azalır və bu, hakimiyyət üçün yeni siyasi risklər yaradır. Bundan əlavə, kütləvi səfərbərlik onsuz da ciddi problemlərlə üzləşən Rusiya iqtisadiyyatının üzərinə ağır maliyyə yükü qoyacaq. Yanvar–iyul aylarında federal büdcənin kəsiri 6,455 trilyon rubla (ÜDM-in 2,8 faizi) çatıb və hakimiyyətin bütün il üçün nəzərdə tutduğu göstəricini 1,7 dəfə üstələyib.
“Rusiya hərbi nailiyyətlər naminə öz gələcəyini daha da böyük riskə atacaq”, – Eurasia Group konsaltinq şirkətinin direktoru Aleksandr Kolyandr bildirib. Onun sözlərinə görə, dövlət yeni hərbçiləri yedirtməli, yerləşdirməli, silahlandırmalı və onlara maaş ödəməli olacaq. Eyni zamanda, bu şəxslər artıq işçi qüvvəsi çatışmazlığı yaşayan əmək bazarından çıxarılacaq ki, bu da büdcəyə böyük yük yaradacaq.
2022-ci il səfərbərliyindən sonra yüz minlərlə rusiyalının ölkədən qaçması fonunda Kreml kəskin və genişmiqyaslı çağırışdan yayınmağa çalışıb. İndi isə hərbi qeydiyyat sistemi hakimiyyətə potensial hərbi qulluqçulara bildirişləri mərhələli şəkildə göndərməyə imkan verir və bununla da kütləvi panika riskini azaltmaq mümkündür. “Onlar üçün insanları kiçik qruplar halında çağırmaq sərf edir, necə deyərlər, “qurbağanı yavaş-yavaş bişirmək daha asandır”. Bu, 2022-ci ildəki kimi olmayacaq”, – rusiyalı analitik Aleksey Yusupov deyib.
Lakin yeni səfərbərliklə bağlı şayiələr artıq rusiyalıların narahatlığını artırıb. Onlar ölkədən getməyin yollarını fəal şəkildə axtarmağa başlayıblar. Köç üçün ən populyar istiqamətlərdən biri olan Gürcüstanla quru sərhədində isə yenidən növbələr yaranmağa başlayıb. Rusiya Gömrük Xidməti bildirib ki, avqustun ortalarında “Yuxarı Lars” keçid məntəqəsindən gündə 20 mindən çox insan keçib.
Bundan əlavə, Rusiyada gizli səfərbərlik getdikcə daha geniş yayılır. Hüquq müdafiə təşkilatlarının “Verstka”ya verdiyi məlumata görə, son bir ay yarım ərzində ən azı 17 regionun sakinləri zorla saxlanıldıqlarından və Müdafiə Nazirliyi ilə müqavilə imzalamağa məcbur edildiklərindən şikayətləniblər. “Çağırışçının məktəbi” təşkilatında iyul və avqust aylarında Udmurtiyadan bununla bağlı beş, Primorye, İrkutsk, Ryazan və Arxangelsk vilayətlərinin hər birindən bir, eləcə də Buryatiya və qondarma “DXR”dən bir şikayət qeydə alınıb.
“İditе lesom” təşkilatına isə iki ay ərzində Penza, Amur, Orenburq və Yəhudi Muxtar vilayətlərindən, Krasnodar və Xabarovsk diyarlarından, İjevsk, Omsk, Blagoveşensk və Ulan-Udedən analoji xarakterli 18 müraciət daxil olub. Öz növbəsində, “Vicdana çağırış” təşkilatına iyul və avqust aylarında zorla hərbi xidmətə cəlb edilmə ilə bağlı 18 şikayət daxil olub. Şikayətlər, o cümlədən Ulyanovsk şəhəri və vilayətindən, Vladivostokdan, Penza, İjevsk, Kirov və Omskdan, eləcə də Udmurtiya və Başqırdıstandan daxil olub.
“Bizə daxil olan müraciətlərin əksəriyyətində insanlar açıq şəkildə bildirirlər ki, qurbanlar sosial baxımdan həssas qruplara daxil olan kişilərdir. Yəni alkoqol və narkotik problemi, psixi sağlamlıqla bağlı çətinlikləri olan, yaşı ötmüş və ya fiziki xəstə, tənha, yaxud qanunla problemi olan şəxslər”, – “Çağırışçının məktəbi”nin hüquq şöbəsinin rəhbəri Timofey Vaskin bildirib.
“İditе lesom” təşkilatı da bunu təsdiqləyib. Təşkilatın məlumatına görə, Novorossiyskdə bir kişini polis şöbəsinə aparıb, döyüblər, üzərinə narkotik maddə ataraq hərbi xidmət müqaviləsi imzalamağa məcbur ediblər. Arxangelsk vilayətində bir şəxsi küçədə spirtli içki qəbul etdiyinə görə saxlayaraq cəbhəyə göndəriblər. Omskda bir kişini birbaşa iş yerindən aparıb, saxlayıb və nəticədə onun adından müqavilə imzalayıblar. Udmurtiyada isə bir kişini psixiatrın qeydiyyatından çıxarıb Ukraynanın Donetsk vilayətinə göndəriblər.
“İditе lesom” təşkilatının direktoru Qriqori Sverdlinin sözlərinə görə, Rusiya hakimiyyəti müharibəyə getmək istəyən şəxsləri tapmaqda getdikcə daha çox çətinlik çəkir və buna görə də potensial müqaviləli hərbçilərə təzyiqi artırır. “Onlar [hakimiyyət] kimin borcu olduğunu, kimin istintaq altında olduğunu, kimin yaxınlarda sürücülük hüququndan məhrum edildiyini bilirlər və məhz bu insanların ardınca düşürlər”, – deyə o bildirib.
“Vicdana çağırış” təşkilatı zorla hərbi xidmətə cəlbetmənin aparıldığı regionların sakinlərinə xəbərləri izləməyi, hərbi komissarlıqda maraqlarını təmsil etmək üçün yaxınlarına etibarnamə verməyi, təkbaşına spirtli içki qəbul etməməyi və heç bir halda müqavilə imzalamamağı tövsiyə edib.
Bəs, hazırkı vəziyyət hərbi əməliyyatların daha da genişləndirilməsinin və eskalasiyanın artırılmasının planlaşdırıldığını göstərirmi? Vətəndaşların növbəti səfərbərlik dalğasına etiraz olaraq ölkədən getməklə hərbi çağırışı faktiki olaraq boykot etdiyi bir şəraitdə bu genişlənməni həyata keçirmək mümkün olacaqmı? Hakimiyyətin niyyətləri ilə cəmiyyətin müqaviməti arasındakı bu qarşıdurma hansı nəticəyə və ya hansı daxili böhrana gətirib çıxara bilər?
Pressklub.az-ın suallarını tanınmış xarici ekspertlər cavablandırıblar.
Polşalı politoloq, Qafqazşünas, Varşava Universitetinin Asiya və Afrika Mədəniyyətləri fakültəsinin doktoru Konrad Zaştovt qeyd edib ki, Ukraynada cəbhədəki vəziyyət Rusiya üçün əlverişsiz görünür.

“Xəndək müharibəsi davam edir, pilotsuz uçuş aparatlarından istifadə isə Rusiyanın Ukraynada yeni əraziləri ələ keçirməsinə mane olur. Buna görə də artıq bir müddətdir Rusiyada yeni səfərbərlik dalğası ilə bağlı şayiələr yayılır. Görünür, bu, Kremlin cəbhədə vəziyyəti dəyişmək üçün son şansıdır. Ən azı, Kreml elitası arasında belə bir fikir formalaşmağa başlayır.
Digər tərəfdən, səfərbərlik 2022-ci ildən bəri davam edir. Lakin Rusiya şəxsi heyətinin sayı Ukraynadan xeyli çox olmasına baxmayaraq, artıq cəbhədə döyüşə biləcək insanların böyük hissəsini səfərbər edib. Buna baxmayaraq, səfərbərliklə bağlı şayiələr çağırış yaşında olan rusiyalılar tərəfindən ciddi qəbul edilir. Cənubi Qafqaz isə onların vizasız səyahət edə və bununla da səfərbərlikdən yayına biləcəkləri azsaylı regionlardan biridir”, – Zaştovt izah edib.
Ukraynalı hərbi ekspert və tarixçi Mixaylo Jiroxov bildirib ki, Rusiyada səfərbərlik mövzusu son bir neçə həftədir Ukrayna mediasında, qismən də Avropa mediasında əsas gündəm mövzularından biridir.

“Müxtəlif mülahizələr var, hadisələrin inkişafı ilə bağlı onlarla variant səsləndirilir, hətta müəyyən rəqəmlər də çəkilir – məsələn, 600 min nəfər. Lakin demək lazımdır ki, hazırda belə genişmiqyaslı səfərbərliyə hazırlıqla bağlı heç bir əlamət yoxdur.
Hətta 2022-ci ilin payızında qismən səfərbərlik elan ediləndə və səhv etmirəmsə, 150 min nəfər səfərbərliyə cəlb olunanda belə, rusların poliqonlarla bağlı problemləri yaranmışdı. Çünki bu insanları sadəcə olaraq hərbi xidmətə çağırmaq kifayət deyil, onları müəyyən hərbi bölmələrdə birləşdirmək də lazımdır və bu, bir qayda olaraq, bir neçə ay vaxt aparır. Yalnız bundan sonra onları cəbhəyə göndərmək mümkündür. Ona görə də bütün bu mülahizələr sırf nəzəri xarakter daşıyır. Yeni səfərbərliyin Rusiyanın daxilində vəziyyətin müəyyən qədər gərginləşməsinə gətirib çıxaracağını gözləməzdim. Çünki Putin 20 ildən artıq hakimiyyəti dövründə vətəndaşların ciddi siyasi təşkilatlarını böyük ölçüdə sıradan çıxarıb.
Sakit müqavimət olacaq: 2022-ci ilin payızında gördüyümüz kimi, insanlar ölkədən gedəcək, gizlənəcək, hansısa şəkildə səfərbərlikdən yayınmağa çalışacaqlar, amma bütövlükdə bu, hər hansı bir qarşıdurmaya gətirib çıxarmayacaq.
Putinin nə planlaşdırdığı ilə bağlı suallar var. Əgər həqiqətən səfərbərlik olacaqsa – mən, məsələn, hələlik buna inanmıram – bu əlavə qüvvələr hara yönəldiləcək? Rusiya-Ukrayna müharibəsində cəbhədə vəziyyəti köklü şəkildə dəyişmək üçün, yoxsa Baltikyanı ölkələrə, hətta Polşaya qarşı məhdud hərbi əməliyyatlara başlamaq üçün? Bir çoxları Suvalki dəhlizindən danışır. Amma burada da suallar yaranır: NATO necə reaksiya verəcək, bütün bu qarşıdurma nə qədər tez təşkil olunacaq? Yəni hələlik cavablardan daha çox sual var.
Belə bir eskalasiyanın baş verə biləcəyini söyləmək çox-çox çətindir. Çünki aydındır ki, müəyyən sayda hərbi geyim, silah-sursat və bütün digər zəruri vasitələr əvvəlcədən toplanmalıdır. İnsanları silahlandırmaq, onların hansısa nəqliyyat vasitələri ilə hərəkət etməsini təmin etmək lazım olacaq. Yəni bunlar çox ciddi hazırlıqlardır. Ya bu hazırlıqları çox məxfi şəkildə həyata keçirmək mümkün olub (mən şübhə edirəm), ya da belə planlar çox sürətlə həyata keçiriləcək”, – Jiroxov fikrini yekunlaşdırıb.
Rauf Orucov