Logo
news content

Hindistanla dostluq: Bu gün dünya üçüncüsü, sabah...
Bakı vaxtilə çox kəskin münasibətləri olan Yeni Dehli ilə yaxınlaşmaq kursu seçib

ABŞ qoşunlarının Əfqanıstandan çıxarılması ilə Mərkəzi Asiya uğrunda mübarizə keyfiyyətcə yeni mərhələyə qədəm qoydu. Bunadək Türküstan uğrunda mübarizə əsasən ABŞ, Rusiya və Çin arasında gedirdi. ABŞ-ın Əfqanıstandan çıxması ilə regionda nüfuz uğrunda mübarizəyə Pakistan, Türkiyə və İran da qoşuldu. 

Türküstan uğrunda mübarizənin yeni mərhələsinin diqqətçəkən məqamlarından biri “Taliban” hərəkatını ön plana çıxarmaq cəhdləri oldu. Hindistandan başqa, bütün böyük dövlətlərin “Taliban” vasitəsilə oyun qurmağa çalışması Türküstan dövlətləri üçün Yeni Dehli ilə münasibətlərin strateji əhəmiyyətini artırdı. Türküstan dövlətləri ilə Hindistan arasında münasibətlərin sürətlə inkişaf etməsi məhz Yeni Dehli ilə əlaqələrin strateji əhəmiyyəti ilə bağlıdır. Pakistanın mövqelərinin güclənməsi onun strateji müttəfiqi olan Çinin də mövqelərini möhkəmləndirdiyindən, Türküstan dövlətlərinin Hindistanla yaxınlaşması ən doğru yoldur.

Dünyanın əhalisinin sayına görə ən böyük ölkəsi olan Hindistanın yaxın illərdə dünyanın üçüncü ən böyük iqtisadi gücünə çevrilməsi perspektivi də Yeni Dehli ilə münasibətlərin strateji əhəmiyyətini artırır. “İnkişaf etmiş Hindistan 2047” (Viksit Bharat 2047) konsepsiyası çərçivəsində Yeni Dehli müstəqilliyin 100-cü ildönümünədək ümumi daxili məhsulunu (ÜDM) 10 trilyon dollara çatdırmağı və dünyanın üçüncü ən böyük iqtisadiyyatına çevrilməyi hədəfləyir. Yeni Dehlinin digər məqsədləri sırasında 2060–2075-ci illər arasında Çini geridə qoyaraq dünyanın ikinci ən böyük iqtisadiyyatına çevrilmək, 2100-cü ilədək isə ABŞ-ı da qabaqlayaraq dünyanın aparıcı gücü olmaq var. Bunlar sadəcə xəyallar deyil. Dünyanın ən böyük investisiya banklarından biri olan Goldman Sachs-ın hesabatına görə, Hindistanın ÜDM-i 2075-ci ilədək 52,5 trilyon dollara çatacaq və ölkə dünyanın ikinci ən böyük iqtisadiyyatına çevriləcək. Narendra Modinin 2014-cü ildə hakimiyyətə gəldiyi vaxt Hindistan dünyanın ən böyük iqtisadiyyatları arasında 10-cu yerdə idi, hazırda isə 5-ci yerdədir.

Hindistan ABŞ, keçmiş Sovet İttifaqı və Çindən sonra Aya elmi-tədqiqat aparatı göndərən dördüncü ölkədir. Həmçinin Ayın cənub qütbünə aparat endirməyi bacaran ilk ölkədir. Hindistan süni intellekt sahəsində patentlərin və elmi məqalələrin sayına görə dünyanın ilk on ölkəsi sırasındadır. Süni intellekt sahəsinə istedadların cəlb edilməsinə görə isə yalnız ABŞ-dan geri qalır.

Bütün bunlar Hindistanı bütün dövlətlər üçün cəlbedici edir. Hindistanla münasibətlərin ABŞ, Avropa İttifaqı və Böyük Britaniya üçün də strateji əhəmiyyət daşıması Yeni Dehlinin yeni dünya nizamında güclü mövqelər tutacağını göstərir. ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin iyunun 17-də təsdiqlədiyi “Şərqi Aralıq dənizi dəhlizi haqqında” qanun layihəsi (Eastern Mediterranean Gateway Act) Vaşinqton üçün Yeni Dehli ilə münasibətlərin nə dərəcədə strateji əhəmiyyət daşıdığını göstərir. ABŞ-ın Hindistan, Yunanıstan, Kipr, İsrail və Misirlə enerji və müdafiə sahələrində əməkdaşlığını dərinləşdirməyə yönələn bu layihə Şərqi Aralıq dənizini Hindistan–Yaxın Şərq–Avropa İqtisadi Dəhlizinin (IMEC) strateji mərkəzi kimi mövqeləndirməyi nəzərdə tutur və bu regionu ABŞ-ın strateji prioriteti elan edir. Layihədə, həmçinin ABŞ-ın Hindistan, Yunanıstan, Kipr, İsrail və Misirlə enerji və müdafiə sahələrində əməkdaşlığının dərinləşdirilməsi, bu ölkələrin əsas infrastrukturunun IMEC çərçivəsində nəzərdə tutulan daha geniş əlaqəlilik şəbəkəsinə inteqrasiyası da nəzərdə tutulur.

Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankarın Azərbaycana səfəri və bu səfəri Baş nazir Narendra Modinin tapşırığı ilə həyata keçirməsini deməsi Prezident İlham Əliyevlə Narendra Modi arasında sentyabrın 1-də Bişkekdə keçirilən danışıqların qısa müddətdə nəticə verdiyini göstərir. Məncə, bu prosesdə Azərbaycanın böyük dostu, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin də müəyyən xidmətləri var. Özbəkistanla əməkdaşlıq ruhunu qoruyub saxlamaq və inkişaf etdirmək mümkün olarsa, Cənubi Qafqazla Mərkəzi Asiyanın vahid məkana çevrilməsi prosesi daha rahat və sürətli gedəcək. Mərhum Süleyman Dəmirəlin dediyi kimi, dövlət idarəçiliyi ağıl və səbir işidir.

Son beş ildə sürətlə iqtisadi gücə çevrilən Hindistanla münasibətlərin əhəmiyyəti və zəruriliyi barədə kifayət qədər yazı ilə çıxış etmişəm. Hətta məni Hindistan haqqında yazdığım məqalələrə görə ölkəmizin iki böyük dostundan biri olan Pakistanla münasibətləri korlamağa çalışmaqda ittiham etmişdilər. Amma Hindistanla münasibətlər barədə fikirlərimin, eləcə də illər və aylar əvvəl səsləndirdiyim bir çox ideyanın bir müddət sonra dövlət siyasətində əksini tapması məni sadəcə sevindirmir, həm də qürurlandırır.