Rusiya necə parçalanacaq? – Çeçenistan və Tatarıstan ssenarisi
Müstəmləkələrin müstəqillik əldə etməsi prosesi müvəqqəti dayandırılsa da, ölkənin dağılması qaçılmaz prosesdir
13 Sentyabr 2026
Baltik respublikaları Sovet İttifaqının dağılmasında hansı tarixi rolu oynayıblarsa, Çeçenistan və Tatarıstan da Rusiyanın dağılmasında eyni rolu oynayacaqlar. Buna görə də Çeçenistan və Tatarıstanda baş verən hadisələr, eləcə də çeçen və tatar müxalifətinin, həmçinin xaricdəki diasporların fəaliyyəti çox mühüm əhəmiyyət daşıyır.
Litvanın Rusiya işğalına qarşı mübarizəsi imperiyanın süqutunu sürətləndirdi və xalqlara müstəmləkə asılılığından qurtulmaq, öz müqəddəratını təyin etmək hüququnu həyata keçirmək üçün yol açdı. Bu tarixi hadisənin əsası hələ 50 il əvvəl, XIX əsrin 60-cı illərində qoyulmuşdu. 1863–1864-cü illər Polşa üsyanından sonra Rusiya sərt ruslaşdırma siyasəti yürütməyə başladı və 1865-ci ildə imperator II Aleksandr latın qrafikası ilə kitab çapını qadağan etdi. Bu, Litva üçün faktiki olaraq ana dilində kitab nəşrinə qadağa demək idi. Litvalılar buna cavab olaraq Şərqi Prussiyada kitablar çap etməyə və onları qaçaqmalçılıq yolu ilə vətənə keçirməyə başladılar. Litva tarixçilərinin məlumatına görə, bu üsulla təxminən 5 milyon nüsxə kitab çap edilərək Litvaya gətirilib. Litvanın ruslaşdırmaya qarşı bu müqaviməti imperiyanın öz məqsədlərinə çatmasına mane oldu və onun müstəmləkəçilikdən xilas olmasına yol açdı. 1865-ci ildə başlayan “kitab qaçaqmalçılığı hərəkatı” nəticəsində milli düşüncənin inkişafı Litvanın Rusiya imperiyasının dağılmasından sonra müstəqilliyini elan etməsində və Şərqi Avropa Hitlerlə Stalin arasında bölüşdürülənədək, yəni 1940-cı ilə qədər öz azadlığını qoruyub saxlamasında mühüm rol oynadı.
Moskva Çeçenistanın müstəqilliyini qan içində boğaraq Rusiyanın müstəmləkələrinin müstəqillik əldə etməsi prosesini müvəqqəti dayandırsa da, ölkənin parçalanmasının qarşısını tam ala bilməyəcək. Bunun səbəbi odur ki, Çeçenistanın müstəqilliyinin amansız şəkildə yatırılmasına baxmayaraq, Moskva çeçenləri imperiyanın itaətkar təbəələrinə çevirə bilmədi.
Sergey Uvarov, İvan İlyin və Vladimir Putin də daxil olmaqla, “raşizm”in bütün nümayəndələrinin fikrincə, müstəmləkəyə çevrilmiş xalqların hər hansı hüquqa malik olması Rusiyanın gələcəyini şübhə altına qoyur. Sergey Uvarov inanırdı ki, Rusiyanın mövcudluğunu qoruyub saxlanmasının başlıca şərti mütləqiyyət rejiminin mövcudluğudur. İvan İlyin iddia edirdi ki, Rusiyada federativ sistemin tətbiqi ölkənin parçalanmasına və məhvinə gətirib çıxaracaq. Putin isə 2017-ci ildə Oliver Stouna müsahibəsində bildirmişdi ki, Rusiya Qərbdəki kimi federasiya şəklində mövcud ola bilməz, əks halda parçalanar. Putinin 2000-ci ildə hakimiyyətə gəldikdən dərhal sonra Yeltsin dövründə milli respublikalarla bağlanmış federativ müqavilələrdən imtina etməsi və onların muxtariyyətini formallığa çevirməsi diktatorun imperiyanın dağılması qorxusunun nəticəsidir.
Çeçenlərə qarşı soyqırımına və fasiləsiz repressiyalara baxmayaraq, Putin çeçen xalqını imperiyanın sözsüz itaət edən təbəələrinə çevirə bilmədi. Eyni şəkildə, Tatarıstanın suverenliyinin bütün əlamətlərini də tamamilə aradan qaldıra bilmədi. Çeçenistanın faktiki rəhbəri Ramzan Kadırov Putinə itaət nümayiş etdirsə də, Moskva bu respublika üzərində tam hakimiyyətə malik deyil. Siyasi analitiklər arasında belə bir fikir mövcuddur ki, Çeçenistan Belarusdan daha böyük suverenliyə malikdir. Şübhəsiz ki, Moskva Çeçenistana Belarusa vermədiyi suverenlik güzəştinə öz xoşu ilə getməyib. Çeçenistanın Rusiyanın digər subyektlərindən fərqlənməsi onun müstəqillik uğrunda mübarizəsinin və çeçen xalqının imperiyanın itaətkar təbəəsinə çevrilməkdən imtina etməsinin nəticəsidir.
Moskvanın Çeçenistana güzəştlərə getməsinin mühüm səbəblərindən biri Çeçenistan İçkeriya Respublikası hökuməti Rəyasət Heyətinin genişmiqyaslı siyasi təşəbbüsüdür. Rəyasət Heyətinin suveren və müstəqil Çeçenistan İçkeriya Respublikasının Rusiya Federasiyası tərəfindən işğalının beynəlxalq səviyyədə tanınmaması və çeçen xalqına qarşı soyqırımının pislənməsi ilə bağlı müraciətinin dünyada geniş dəstək qazanması Rusiyanın müstəmləkələrini itirməsinin hüquqi əsaslarını yaradan ən mühüm məqamlardan biridir.
Bu müraciət ABŞ Senatının Çeçenistan, Gürcüstan, Suriya və Ukraynadakı əməllərinə görə Rusiyanın terrorizmi himayə edən dövlət elan olunmasına çağıran qətnamənin qəbuluna ciddi təsir göstərib. ABŞ Senatının həmin qətnaməsində Çeçenistanın Rusiya işğalı ilə üzləşmiş Gürcüstan və Ukrayna kimi müstəqil respublikalarla eyni sırada göstərilməsi ÇİR hökuməti Rəyasət Heyətinin ən böyük siyasi uğurlarından biri olub. Ukrayna Ali Radasının Rusiya tərəfindən müvəqqəti işğal olunmuş Çeçenistan İçkeriya Respublikasının suverenliyinin tanınması və Rusiyanın çeçen xalqına qarşı törətdiyi soyqırımının pislənməsi barədə qərarı da Rusiyanın müstəmləkələrinin azad edilməsi ilə bağlı hüquqi bazasını formalaşdıran mühüm qanunvericilik aktlarından biridir. Bütün bunlar o deməkdir ki, artıq Rusiyanın müstəmləkələrinin azad olunması üçün hüquqi əsaslar yaradılıb və Çeçenistan bu prosesdə müstəsna rol oynayır.
Sentyabrın 6-da azadlıqsevər çeçen xalqı müstəqilliyin elan olunmasının 35-ci ildönümünü qeyd edib. Demokratiya naminə Ukraynaya Dəstək Platforması 1991-ci il sentyabrın 6-da Çeçen Xalqının Ümummilli Konqresinin Çeçenistanın müstəqilliyinin bərpası haqqında qərarını çeçen xalqının öz müqəddəratını təyin etmək hüququnun həyata keçirilməsi kimi qiymətləndirərək, Çeçenistan İçkeriya Respublikasını müstəqil dövlət, onun ərazisini isə müvəqqəti işğal olunmuş ərazi kimi tanıyır. Yaponiyaya məxsus Kuril adaları müvəqqəti işğal olunmuş ərazi hesab edildiyi kimi, Çeçenistan İçkeriya Respublikasının ərazisi də Rusiya tərəfindən ələ keçirilmiş müvəqqəti işğal olunmuş ərazi kimi tanınmalıdır.
Qərb Estoniya, Latviya və Litvanın Sovet İttifaqı tərəfindən işğalını tanımamaqla SSRİ-nin müstəmləkələrinin azad olunmasına necə nail oldusa, Çeçenistan İçkeriya Respublikasının müstəqil dövlət, onun ərazisinin isə müvəqqəti işğal olunmuş ərazi kimi tanınması ilə də Rusiyanın parçalanması prosesini sürətləndirmək mümkündür. Rusiyanın müstəmlərələrinin azadlıq əldə etməsi tarixi inkişafın diktə etdiyi qanunauyğunluqdur. Bu prosesi ləngitmək olar, amma onun qarşısını almaq mümkün deyil.