Logo
news content

Türkiyənin hərbi bazası çəkindirici amil ola bilərmi?
ABŞ, Çin, Britaniya və... Rusiya, İrana qarşı strateji coğrafiya

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Azərbaycanda Türkiyə hərbi bazasının yaradılmasını təklif edir. Və ölkədə eyni fikri bölüşən çoxlu sayda ekspert və analitiklər var. Bu mövqedə olan şəxslər arasında Elxan Şahinoğlunu ən peşəkar hesab etdiyim üçün məhz ona cavab vermək istəyərdim. Elxan Şahinoğlu da daxil olmaqla, Azərbaycanda Türkiyə hərbi bazasının yaradılmasını dəstəkləyən şəxslər bildirirlər ki, belə bir baza çəkindirici amilə çevriləcək.

Bəs, Türkiyə hərbi bazası həqiqətən də çəkindirici amil ola bilərmi? Bəşər tarixi boyunca çoxsaylı hərbi ittifaqlar mövcud olub. Lakin NATO və Varşava Müqaviləsi Təşkilatı istisna olmaqla, üzv dövlətlərin yüz faiz toxunulmazlığını təmin edən üçüncü ittifaq olmayıb. NATO-nun yaradıldığı vaxtdan bu günədək üzv ölkələrin heç biri düşmənin hərbi müdaxiləsi ilə üzləşməyib. Türkiyə də torpaq itirmək təhlükəsindən qurtulmaq və Sovet İttifaqının ərazi iddialarından qorunmaq üçün NATO-ya üzv olub. 

Varşava Müqaviləsi Təşkilatının mövcud olduğu dövrdə də düşmən hesab edilən dövlətlər SSRİ-nin rəhbərlik etdiyi ittifaqın üzvlərinə qarşı hərbi müdaxilədən çəkinirdilər. NATO çərçivəsində ABŞ-la, Varşava Müqaviləsi Təşkilatı çərçivəsində isə Sovet İttifaqı ilə birbaşa hərbi toqquşma ehtimalı real çəkindirici amil rolunu oynayırdı.

NATO bu gün də çəkindirici amil olaraq qalır. Əks halda, 2022-ci ildən Ukraynaya qarşı işğalçılıq müharibəsi aparan Rusiya Baltikyanı respublikaları, xüsusilə Litvanı, çoxdan bütövlükdə və ya qismən işğal etmiş olardı. Baltikyanı dövlətləri Rus iyanın işğalından məhz Şimali Atlantika Alyansına üzvlük qoruyur. ABŞ NATO qarşısındakı öhdəliklərini yerinə yetirməkdən imtina etdiyi gün Şimali Atlantika Alyansı da çəkindirici amil olmaqdan çıxacaq.

İsrailin İrana qarşı 12 günlük müharibəsi ilə başlayan və fasilələrlə bu günədək davam edən hərbi münaqişə göstərdi ki, güclü dövlətlərin hərbi bazalarının ölkə ərazisində yerləşdirilməsi həmin ölkəni hərbi hücumlardan qorumur. Qətərdə ABŞ və Türkiyənin bir neçə hərbi bazası yerləşir. Lakin bu bazalar Qətəri İranın və İsrailin hücumlarından qoruya bilməyib. Bu ilin martında İranın Qətərin neft-qaz şirkəti “QatarEnergy”ə ardıcıl zərbələr endirməsi genişmiqyaslı dağıntılara səbəb olub. Rəsmi məlumatlara görə, 12 saat fasilə ilə həyata keçirilən hücumlar nəticəsində Qətərin mayeləşdirilmiş təbii qaz (LNG) ixrac potensialının 17 faizi sıradan çıxıb. Bu isə Qətər üçün ildə təxminən 20 milyard dollar həcmində itki deməkdir.

Qətərdəki Türkiyə hərbi bazaları bu hücumların qarşısını almaqda faydasız olub. Türkiyənin Qətər ərazisindəki hərbi bazaları Səudiyyə Ərəbistanı, Misir və Birləşmiş Ərəb Əmirlikləri kimi dövlətlərə qarşı effektiv çəkindirici amil rolunu oynasa da, İran və İsrailə qarşı “təhlükəsizlik çətiri” ola bilməz. Üstəlik, onların belə bir rol oynamaq imkanı da yoxdur. Türkiyənin İranın raket hücumlarını və İsrailin hava zərbələrini dəf etmək üçün kifayət qədər hərbi-texniki imkanları yoxdur. İsrailin 48 ədəd F-35 qırıcısına qarşı Türkiyə nə müvafiq hərbi-hava qüvvələrini, nə də hava hücumundan müdafiə sistemini çəkindirici amil kimi ortaya qoya bilər.

İranın və husilərin Səudiyyə Ərəbistanına hücumları da təsdiqləyir ki, hər hansı ölkənin hərbi bazasının mövcudluğu çəkindirici amil deyil. Səudiyyə Ərəbistanı ərazisində ABŞ və Pakistanın hərbi bazalarının, eləcə də Türkiyə və Misirin hərbi kontingentlərinin yerləşdirilməsi də çəkindirici rol oynamır. Səudiyyə Ərəbistanında müsəlman dünyasının yeganə nüvə dövləti olan Pakistana məxsus hərbi kontingent yerləşdirilib. Bu kontingentin sayı ən azı 8 min nəfər, Qərb mətbuatının məlumatlarına görə isə 30-40 min nəfər təşkil edir. Üstəlik, Pakistanla Səudiyyə Ərəbistanı arasında qarşılıqlı hərbi yardım haqqında saziş mövcuddur, İslamabad isə maliyyə baxımından Ər-Riyaddan asılıdır. Yaxın vaxtlarda Səudiyyə Ərəbistanı Pakistan və Türkiyə ilə “Məkkə paktı” imzalayaraq üçtərəfli ittifaq formatında öz təhlükəsizliyini təmin etməyə çalışıb. Türkiyə mətbuatının məlumatına görə, artıq bir ildən çoxdur ki, Səudiyyə Ərəbistanında Misirin də hərbi kontingenti yerləşir.

Ər-Riyadın maliyyə dəstəyi Pakistanın, Türkiyənin və Misirin iqtisadi çöküşünün qarşısını almaqda mühüm rol oynasa da, bu ölkələr Səudiyyə Ərəbistanını qorumaq məqsədilə İrana və ya husilərə qarşı hərbi əməliyyatlara qoşulmaq istəmirlər. Əksinə, hər üç dövlət belə bir ssenarinin qarşısını almaq üçün siyasi və diplomatik manevrlərini davamlı şəkildə davam etdirir. Bunun səbəbi kifayət qədər aydındır: Pakistan, Türkiyə və Misir İran kimi zəngin və güclü dövlətlə uzunmüddətli, tərəfləri tükəndirən hərbi münaqişəyə hazır deyil.

İranla hərbi toqquşmadan yayınan Türkiyənin və ya Pakistanın Azərbaycanı dünyanın ən böyük nüvə dövləti olan Rusiyadan qoruması ağlasığmazdır. Türkiyənin enerji, maliyyə və iqtisadi sahələrdə Rusiyadan asılılığı da buna imkan vermir.

Şübhəsiz ki, Azərbaycanın İrana qarşı ən güclü çəkindirici amili Cənubi Azərbaycandır. Tehran rejimi üçün bundan daha güclü çəkindirici amil və arqument yoxdur və ola da bilməz.

Rusiyaya qarşı əsas çəkindirici amil isə Azərbaycanın strateji coğrafi mövqeyidir. Avropa ilə Asiyanı birləşdirən ən mühüm beynəlxalq nəqliyyat marşrutlarının kəsişməsində yerləşən Azərbaycan Avrasiyanın əsas logistika qovşaqlarından biridir. Azərbaycanın toxunulmazlığının və tam suverenliyinin qorunması təkcə ABŞ, Böyük Britaniya və Avropa İttifaqı üçün deyil, Çin üçün də strateji əhəmiyyət daşıyır. Dünyanın iki fövqəldövləti olan ABŞ və Çin Azərbaycanın üçüncü bir dövlətin asılılığına düşməsini istəmir. Bu, onların öz maraqlarının Rusiya və ya İran kimi ölkələrdən asılı vəziyyətə düşməsi demək olardı.

Siyasi və maliyyə gücünə görə fövqəldövlətlər sırasında yer alan Böyük Britaniyanın məhz indi Azərbaycanla müdafiə, təhlükəsizlik və iqtisadiyyat sahələrində əməkdaşlığın gücləndirilməsini nəzərdə tutan Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalaması da Azərbaycanın strateji əhəmiyyətinin artması ilə bağlıdır.

Texnologiyaların inkişafı texnoloji suverenlik və kibertəhlükəsizlik kimi məsələləri dövlət sərhədlərinin toxunulmazlığı qədər əhəmiyyətli amillərə çevirib. Şübhəsiz ki, Türkiyənin Azərbaycanda hərbi bazasının yerləşdirilməsi ölkə üçün texnoloji suverenlik və kibertəhlükəsizlik sahələrində əlavə problemlər yaradacaq. Yüksək texnologiyalara malik heç bir dövlət Türkiyənin vassalı təsiri bağışlayan ölkə ilə strateji əhəmiyyətli texnoloji işləmələrini bölüşməz.

Nəhayət, “Müsəlman qardaşları” şəbəkəsinə qarşı təqiblərin qlobal miqyasda gücləndiyi bir şəraitdə həmin şəbəkənin siyasi himayədarı hesab edilən Türkiyənin Azərbaycanda hərbi baza yaratması nəinki çəkindirici amilə çevriləcək, əksinə, Azərbaycan üçün ağlasığmaz risklər və təhdidlər doğuracaq.