Logo
news content
User
Kateqoriyalar

Xəbər

Xocavənddə traktor minaya düşüb, xəsarət alan var

Xocavənd rayonunun Düdükçü kəndi ərazisində baş verən mina partlayışı hadisəsi nəticəsində xəsarət alan 1983-cü il təvəllüdlü şəxs (kişi) 21.08.2026-cı il tarixində saat 14:30 radələrində Füzuli Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, başın, boyunun və üzün sol yarısının çoxsaylı qəlpə yaraları, yuxarı ətrafın və budun çoxsaylı qəlpə yaraları diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib.

Vəziyyəti stabil qiymətləndirilən şəxs ambulator müalicə üçün evə buraxılıb.

***

18:19

İşğaldan azad edilmiş Xocavənd rayonunun Düdükçü kəndi ərazisində 2026-cı il 21 avqust tarixində mina partlayışı hadisəsi baş verib.

Bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin Mətbuat Xidmətləri məlumat yayıb.

Məlumata görə, Sumqayıt şəhər sakini 1983-cü il təvəllüdlü Şirinov Ramal Qiyas oğlunun minatəmizləmə fəaliyyəti başa çatmayan ərazidə idarə etdiyi traktor minaya düşüb. Hadisə zamanı Şirinov Ramal müxtəlif bədən xəsarətləri alıb.

Faktla bağlı Xocavənd rayon prokurorluğunda araşdırma aparılır.

ANAMA, DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa, şübhəli əşyalara toxunmamağa, bələd olmadıqları ərazilərə daxil olmamağa, çəpərləmə fəaliyyəti aparılan ərazilərə müdaxilə etməməyə çağırıb.