Putinin “böyük olmaq” üçün “Yalta-2” xəyalı...
Tramp və Si Cinpin dünyanı Rusiya ilə bölüşdürməyə razılaşacaqlarımı?
21 Oktyabr 2026
Rusiya xüsusi xidmət orqanlarının keçmiş əməkdaşı The Wall Street Journal-a (WSJ) bildirib ki, Putin Ukraynadakı müharibənin öz şərtləri əsasında başa çatdırılmasını müzakirə etmək üçün ABŞ Prezidenti Donald Tramp və Çin Sədri Si Cinpinlə üçtərəfli görüş keçirməyi təklif edib. Onun sözlərinə görə, Putin bu ideyanı oktyabrın 9-da Trampla telefon danışığı zamanı irəli sürüb. Məsələn, o, noyabrın 18-19-da Çinin Şençjen şəhərində keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində danışıqların təşkilini təklif edib. Nəşrin həmsöhbəti əlavə edib ki, Putin bunu yeni “Yalta konfransı” keçirmək və dünyanı təsir dairələrinə bölmək üçün fürsət hesab edir.
ABŞ-ın yüksək vəzifəli rəsmisi Rusiya prezidentinin bu təkliflə çıxış etməsi barədə məlumatı təsdiqləyib. Onun sözlərinə görə, Tramp hələlik görüşə razılıq verməyib, lakin müharibəni başa çatdırmaqla bağlı seçkiqabağı vədini yerinə yetirmək istədiyindən bu ideyanı dəstəkləyə bilər. WSJ-nin Rusiya ilə Çin arasındakı danışıqlara yaxın olan mənbələri Pekinin üçtərəfli görüşə qarşı olmadığını bildiriblər. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ, Çin və Rusiya liderlərinin sammitinin hazırda müzakirə olunduğunu nəşrə təsdiqləyib. “Hələlik görüşün özü və ya onun mümkün gündəliyi ilə bağlı dəqiq anlaşma yoxdur. Bununla belə, hər üç tərəf belə bir görüşün keçirilməsinin nəzəri baxımdan mümkün olduğunu qəbul edir”, – Peskov bildirib.
Ağ Ev üçtərəfli sammitlə bağlı şərh verməkdən imtina edib, Çinin ABŞ-dakı səfirliyi isə WSJ-nin sorğusuna cavab verməyib. Rusiya xüsusi xidmət orqanlarının keçmiş əməkdaşı nəşrə bildirib ki, Putin əvvəllər də Tramp və Si Cinpini Ukrayna məsələsinə dair görüş keçirməyə dəvət edib. Lakin bu dəfə təşəbbüs Moskva ilə Vaşinqton arasındakı münasibətlərdə Rusiyanın xeyrinə olan dönüş fonunda səsləndirilib. Belə ki, oktyabrın 9-da tərəflər ABŞ-ın Rusiyadan dizel yanacağı alması və onun dünya bazarında satışına yardım göstərilməsi barədə razılaşma əldə ediblər.
Bundan əvvəl Tramp Ukrayna Prezidenti Volodimir Zelenskini Rusiya ilə müharibəni başa çatdırmaq istəməməkdə ittiham edib. “İki il əvvəl o, indiki ilə müqayisədə daha əlverişli şərtlərlə razılaşa bilərdi. Onun ölkəsi xarabalığa çevrilib, ərazisinin əhəmiyyətli hissəsi itirilib, artıq okeanlara və dənizlərə çıxışı yoxdur, kişilərin sayı isə az qalıb – onlar ya yaralanıb, ya da həlak olublar”, – Tramp özünün Truth Social sosial şəbəkəsində yazıb.
Zelenski isə öz növbəsində Ağ Ev rəhbərini Ukraynanı Rusiya qarşısında kapitulyasiyaya məcbur etməkdə ittiham edib. “Hesab edirəm ki, Ukraynanı kapitulyasiyaya razı salmağa yönəlmiş addımlar atılıb. Amerikalı tərəfdaşlarımızın müharibənin Ukraynanın hesabına daha tez başa çatdırıla biləcəyini düşündüklərinə inanmaq istəmirəm. Amma vəziyyət məhz belə görünür”, – Ukrayna lideri qeyd edib.
Putinin həqiqətən belə bir təkliflə çıxış etməsi nə dərəcədə real görünür? O, doğrudanmı planetin üçdə birinə sahib ola biləcəyini düşünür? ABŞ və Çinlə eyni səviyyədə dayanmaq istəyir? Bütün bunlar həddindən artıq iddialı və fantastik səslənmirmi? Bəs Si Cinpin və Tramp Putinin dünyanı bölüşdürmək ambisiyalarına nəzəri olaraq necə reaksiya verə bilərlər?
Tanınmış analitiklər bu barədə fikirlərini Pressklub.az-la bölüşüblər.
Ukraynanın “XXI Strategiya” Qloballaşma Mərkəzinin prezidenti, “Qara dəniz təhlükəsizliyi” jurnalının baş redaktoru Mixail Qonçar ilk növbədə “Bizim iştirakımız olmadan bizimlə bağlı heç bir qərar verilə bilməz!” prinsipini vurğulayıb.

“İstədikləri formatda görüşə, istənilən məsələni müzakirə edə, hansısa qərarlar qəbul edə bilərlər. Ukraynaya aid olan məsələlərdə bunların heç birinin bizim üçün əhəmiyyəti olmayacaq. Bunun bariz nümunəsi göz qabağındadır. Dizellə bağlı anlaşılmaz sövdələşmə və Trampın maraqlarımızı nəzərə almadan Ukrayna Müdafiə Qüvvələrinin təcavüzkarın neft emalı zavodlarına zərbələri dayandırması barədə irəli sürdüyü tələb. Ukraynanın cavabı isə Surqutdakı zavoda, Sankt-Peterburqdakı neft məhsulları terminalına, “Cənub-Qərb Transnefteprodukt”un “Nikolskoe” xətti istehsalat-dispetçer stansiyasına hücum oldu. Hədəflər neft məhsullarının saxlanması və yüklənməsi üçün nəzərdə tutulan çən parkları idi.
Bu üçlüyün hər biri – Putin, Si və Tramp – özünü dünyanın hakimi hesab edir. Putin “Yalta-2” arzusuna düşüb və “Ukrayna böhranı”nı, yəni Ukraynanın kapitulyasiyasını həll etmək istəyir. Buna görə də üçtərəfli görüş təşəbbüsünün Moskvadan irəli sürülməsi tamamilə mümkündür. Lakin bu, APEC sammitinə ev sahibliyi edənlərin çətin ki, xoşuna gəlsin. Axı bu, vassalın sahibinə nə etməli olduğunu diktə etməsinə bənzəyir. Buna görə də Çinin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Nin nəzakətlə nazirliyin bu barədə heç bir məlumatının olmadığını bildirib.
Təbii ki, Tramp yalnız Si Cinpini özünə bərabər hesab edir, özü də özünü ondan “daha bərabər” sayır. Si isə Trampa tərəfdaş kimi baxır, lakin dünya kürsüsünün zirvəsində zəifləyən ABŞ-ın deyil, Çinin dayanmalı olduğunu düşünür. Putin özünü dünya taleyini həll edən şəxs hesab edir, Si isə buna sadəcə yuxarıdan aşağı baxır. Tramp isə özünəməxsus putinomanlığı ilə Rusiyanı Çindən qoparmaq kimi illüziya dolu ümidlə Putinə dəstək verir.
Vəziyyətin paradoksu ondadır ki, Trampın xəyanətindən sonra artıq hər üç qlobal güc mərkəzi Ukraynanın mövcud olmamasını istəyir. Ukrayna olmasa, “Ukrayna böhranı” da olmaz. Bu isə bizi qane etmir. Belə yanaşma şəraitində bizim üçün kompromisə yer yoxdur”, – Qonçar vurğulayıb.
Öz növbəsində, Qafqaz Siyasi Təhlil Mərkəzinin direktoru Əhməd Əlili bildirib ki, bu cür bəyanatlar əvvəllər də səsləndirilib – Rusiya lideri daha öncə də belə fikirlər irəli sürüb.

“ABŞ və Çin prezidentlərinin bu ilin sentyabrında baş tutan görüşündən əvvəl də bu cür bəyanatlar səsləndirilmişdi. Son 5-6 ay ərzində bu ideya daim gündəmdə olub.
Unutmamaq lazımdır ki, Rusiyanın son 10-15 ildəki xarici siyasətini təhlil etsək, beynəlxalq arenada atılan bütün addımların bir əsas məqsəd daşıdığını görərik: Rusiyanın dünya siyasətində xüsusi statusa malik böyük dövlət olduğunu sübut etmək. Yəni Sovet İttifaqının dağılmasına baxmayaraq, Rusiya dünyanın üç əsas güc mərkəzindən biri olaraq qalır. Rusiyanın özünü dünyanın ikinci böyük dövləti və ikinci ən güclü ordusuna malik ölkə kimi təqdim etdiyini xatırlayırıq.
Belə bir fikir var ki, Prezident Putinin 2007-ci ildə Münhen konfransında məşhur çıxışından bir neçə il sonra ABŞ Prezidenti Barak Obama Rusiyanı regional dövlət adlandırmışdı. Məhz buna görə də sonrakı onillikdə Moskva Rusiyanın Afrikada, Yaxın Şərqdə və digər regionlarda fəal fəaliyyət göstərmək qabiliyyətini nümayiş etdirmək üçün əlindən gələni etdi. 2011-ci ildə başlayan Suriya münaqişəsi və Rusiyanın oradakı rolu, 2014-cü ildə Ukrayna və Krım ətrafında baş verən hadisələr – bütün bunlar Rusiyanın beynəlxalq arenadakı xüsusi statusunu sübut etməyə yönəlmişdi.
Buna görə də hesab edirəm ki, Prezident Putin ABŞ və Çinlə bərabər səviyyədə fəaliyyət göstərə bilən böyük dövlət statusunu nümayiş etdirmək üçün belə bir bəyanatla çıxış edə bilərdi.
“Yalta 2.0” ideyası artıq bir müddətdir ki, gündəmdədir və son bir neçə ildə Rusiya elitasının nümayəndələri tərəfindən dəfələrlə səsləndirilib. Onların siyasi leksikonunda sovet dövrünün qüdrət və əzəmət haqqında təsəvvürlərinə, eləcə də sovet dərsliklərində formalaşdırılmış dünya mənzərəsinə açıq nostalji hiss olunur. Bu, Stalinin və Çörçillin ölkələrdə təsir paylarını salfet üzərində faizlərlə bölüşdürə bildikləri dövrə olan həsrətdir. Rusiya rəhbərliyi də məhz bu təsəvvürə əsaslanaraq dünyanı oxşar şəkildə bölüşdürməyə çalışır.
Son iki-üç ildə hətta ABŞ Prezidenti də ABŞ və Çinin qlobal məsələləri birgə həll etmək iqtidarında olan, güc baxımından bərabər dövlətlər olduğu fikrini səsləndirib. Rusiya isə öz əhəmiyyətini sübut edərək bu kluba üçüncü üzv kimi qoşulmağa çalışır. Lakin sual yaranır: 1945-ci ildəki Yalta və Potsdam təcrübəsini, yəni böyük dövlətlərin bir masa arxasında oturaraq dünyanı təsir dairələrinə böldüyü modeli ümumiyyətlə təkrarlamaq mümkündürmü?” – ekspert deyir.
Onun sözlərinə görə, 1940-cı illərin sonu – 1950-ci illərlə müqayisədə geosiyasi mənzərə köklü şəkildə dəyişib. “O zaman üç əsas dövlətin – SSRİ-nin (indiki Rusiyanın), ABŞ-ın və Çinin – dünya iqtisadiyyatındakı ümumi payı təxminən 80 faiz, hərbi qüdrətdəki payı isə 80 faiz təşkil edirdi. Bu gün isə onların ümumi payı təxminən 40 faizə enib. Buna görə də hətta bu üç ölkənin hipotetik birliyi şəraitində belə, dünya taleyini yalnız bu formatda həll etmək modelini təkrarlamaq son dərəcə çətindir.
Müasir dünyada “orta güclər” (middle powers) konsepsiyası və Qoşulmama Hərəkatı yenidən aktuallaşır. Azərbaycan da bu qrupa daxildir. Bu “üçlük”dən kənarda ciddi iqtisadi və hərbi potensiala malik çoxsaylı ölkələr var və onlar böyük dövlətlərin təkbaşına qərarlar qəbul etməsi ilə asanlıqla razılaşmayacaqlar. Bu ölkələri nəzərə almamaq müasir güc balansına ziddir. Bununla yanaşı, Pekin Vaşinqtonun onun bərabər statusunu tanımasından məmnundur.
Prezident Tramp Çini dəfələrlə ABŞ-la bərabər gücə malik dövlət kimi xarakterizə edib. Bəs ABŞ və Çin Moskvaya da eyni imtiyazlı statusu verməyə hazırdırlarmı? Bir neçə ay əvvəl ABŞ Prezidenti Rusiyanı “kağız pələng” adlandıraraq onun 2022-ci ilin fevralından bəri özündən bütün parametrlər üzrə xeyli zəif olan ölkə ilə qarşıdurmada ciddi uğurlar əldə edə bilmədiyini vurğulamışdı. Son 2-3 ildə cəbhə xətti, demək olar ki, dəyişməz qalıb. Bu baxımdan Vaşinqtonun və Pekinin Moskvanın bərabərhüquqlu üçüncü tərəf olmaq hüququnu tanıyacağı şübhə doğurur.
Liderlər səviyyəsində bu cür ideyalar müzakirə oluna bilər, lakin idarəetmə aparatları səviyyəsində çoxsaylı maneələr yaranacaq. ABŞ və Çinin Rusiyaya belə bir status vermək istəyəcəyinə dair ciddi şübhələr var. Dövlət başçılarının mümkün görüşü, çox güman ki, başqa cür şərh olunacaq: bu, nə “Yalta 2.0”, nə də dünyanın bölüşdürülməsi kimi qiymətləndiriləcək. Həmçinin görüşün Rusiyanın ümid etdiyi formatda baş tutacağı da şübhəlidir”, – Əlili hesab edir.
Rauf Orucov