Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ukrayna və Rusiya arasında tezliklə danışıqlar başlaya bilərmi?


ABŞ Prezidenti Co Baydenin Rusiya Prezidenti Vladimir Putinlə Kreml rəhbərinin "ağlından keçənləri bilmək üçün" görüşə biləcəyini deməsi və ya Almaniya kansleri Olaf Şoltsun Putinlə bir saat telefonla danışması nədən xəbər verir?





Əlbəttə, bunların heç biri Rusiya ilə ən yüksək səviyyədə sülh danışıqlarının başlayacağı anlamına gəlmir.




Bayden bu görüşün Rusiya qoşunlarının Ukraynadan çıxacağı təqdirdə baş tutacağını bildirib.





Moskva isə sentyabrda ilhaq etdiyi Ukrayna ərazilərini Vaşinqtonun tanımamasından şikayətçidir. Eyni zamanda, Kreml bildirir ki, Kiyev administrasiyası Qərbin silah yardımına görə "güzəştə getmək istəmir". Bütün bunlar hələ ki dönüş nöqtəsinə yaxınlaşmadığımızı göstərir.




Amma müharibə artıq doqquzuncu aya keçdiyi və Ukraynadakı sərt qış daha çox ölümə, dağıntılara və fəlakətlərə səbəb olduğu üçün bu sual tez-tez səsləndirilir - sülh danışıqları nə vaxt başlayacaq?





"Müzakirə imkanı varsa, bu fürsət qaçırılmamalıdır" - ABŞ-ın Baş Qərargah rəisi general Mark Millinin təzəlikcə dediyi bu sözlər ABŞ administrasiyasında məsələ ilə bağlı fikir ayrılığı olduğunu üzə çıxardı.





Amma ABŞ rəsmiləri və Qərb siyasətçiləri israrla vurğulayırlar ki, "danışıqların nə vaxt və necə başlayacağına Ukrayna qərar verəcək".





Məsələn, Fransa Prezidenti Emmanuel Makron "Öz əraziləri üçün nə vaxt və hansı şərtlərlə danışıqlara başlayacaqlarına dair ukraynalıların verəcəyi qərara hörmət etmək məcburiyyətindəyik" deyir.





Qərb rəsmiləri bağlı qapılar arxasında deyirlər ki, hələlik danışıqlara başlamaq vaxtı gəlib çatmayıb. Onların fikrincə, Moskva hələ ciddi müzakirələrə hazır deyil, amma qarşıdakı aylarda Rusiyanın mövqeyi zəifləyəcək.





"Danışıqlar üçün əlverişli zaman gələcək, ancaq indiki vəziyyət uyğun vaxt kimi görünmür" - yüksək çinli Qərb diplomatlarından biri belə deyir.





Onun sözlərinə görə, hələlik Qərbin vəzifəsi "o zaman gələnə qədər Ukrayna ordusunu ən yaxşı vəziyyətə gətirmək üçün dəstəyi davam etdirməkdir".





Rəsmilər danışıqların zamanı ilə bağlı fikir bildirməyə son dərəcə ehtiyatla yanaşırlar.





Amma yaxın aylarda Ukrayna daha çox ərazisini işğaldan azad edərsə, bu mövzu önə keçəcək. Qərb müttəfiqlərinin Ukraynaya nə vaxta qədər hərbi dəstək verməyə hazır olmaları danışıqların vaxtını müəyyənləşdirən əsas amil olacaq.





Ən ümumi şəkildə desək, Rusiyanın 24 fevrala qədərki mövqelərinə qaytarılması önəmli bir dönüş nöqtəsi olacaq.





Ukraynanın daha da irəli gedə bilməsi - Rusiya tərəfindən 2014-cü ildə ilhaq olunmuş Krımı və Donbasın Rusiya ordusunun nəzarətində olan bölgələrini geri alması üçün dəstək verilməsi daha bir böyük dönüş nöqtəsi olar.





Pentaqonla Rusiya Müdafiə Nazirliyinin və ya ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börnslə Rusiyanın Xarici Kəşfiyyat İdarəsinin direktoru Sergey Narışkinin daxil olduğu səssiz danışıqlar kanallarında iş davam edir.





Danışıqların necə və nə vaxt başlayacağı sualına gəlincə, Ukraynadakı müharibənin diplomatik yolla bitməsini görməyimiz üçün hələ ki qarşıda uzun bir yol var.