Pezeşkian: "Azərbaycan səfirliyinə hücum edənlə bağlı bütün məsələlərə tam nəzarət edəcəyik"
15 Oktyabr 2024
Bazar ertəsi Tehranda İran prezidenti Məsud Pezeşkian Azərbaycan baş nazirinin müavini Şahin Mustafayevlə görüşüb, İRNA agentliyi bildirib.
Görüş zamanı Pezeşkian əməkdaşlığın genişləndirilməsinin vacibliyini qeyd edib. O, təhlükəsizlik məsələlərini və bununla bağlı problemləri həll etməyə çağırıb və deyib ki, İran hökumətinin siyasətinin mahiyyəti budur. Pezeşkian "insanlar arasında ünsiyyəti və mübadiləni asanlaşdırmağın" vacibliyini bildirib.
"Ölkələr arasında təhlükəsizliyi, sülhü və ünsiyyəti möhkəmləndirmək və təşviq etmək üçün sərhədlərdə divarlar ucaltmağa ehtiyac yoxdur", - o qeyd edib.
İkitərəfli iqtisadi layihələrə toxunan İran prezidenti deyib:"Biz iki ölkə arasında dəmir yolu və avtomobil yollarının yaradılmasını alqışlayırıq, həmçinin energetika və kənd təsərrüfatı sahəsində əməkdaşlığın davam etdirilməsini və genişləndirilməsini istəyirik".
Pezeşkian Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücumla bağlı məsələyə də toxunub. Hücumçunun aqibətindən danışarkən deyib: "Biz hüquqi proseslər tam həyata keçirilənə qədər bu işi izləyəcəyik". Ancaq o hansı proseslərdən söhbətin getdiyini dəqiqləşdirməyib.
Öz növbəsində Şahin Mustafayev Bakının Tehran ilə energetika, avtomobil və dəmir yolu əlaqəsi, təhlükəsizlik, müdafiə və mədəniyyət sahələrində əlaqələri genişləndirməyə hazır olduğunu bildirib.
Şahin Mustafayev Pezeşkianı Bakıya COP29 iqlim konfransına dəvət edib.
27 yanvar 2023-cü ildə Azərbaycan səfirliyinə hücum olub. "Kalaşnikov" avtomatı ilə silahlanmış İran vətəndaşı Yasin Hüseynzadə mühafizə postundan keçərək səfirliyin əməkdaşlarına atəş açıb. Səfirliyin mühafizə rəisi ölüb, digər iki nəfər yaralanıb.
İndiyədək İran hakimiyyəti hücum edən şəxsin barəsində hökmü rəsmən elan etməyib.