Apellyasiya Məhkəməsi Fransa vətəndaşını həbsdə saxlayıb
15 Oktyabr 2024
Bakı Apellyasiya Məhkəməsində bu ilin martında Bakı metropoliteninin deposunda qraffiti çəkən üç əcnəbinin işi üzrə ilkin iclas keçirilib. İclasa hakim İbrahim İbrahimli sədrlik edib.
Cinayət işi üzrə müttəhimlər Fransa vətəndaşı Klerk Teo Huqo, Yeni Zelandiya vətəndaşı De- Sentu Kventin İsmael və Avstraliya vətəndaşı Xan Poldur.
Hadisədən sonra hər üçü əvvəlcə inzibati məsuliyyətə cəlb edilib, lakin prokuror bu qərara etiraz edib və onlar cinayət məsuliyyətinə cəlb olunublar. Eyni zamanda, istintaq müddətində fransız həbs edilib, digər iki müttəhim azadlıqda qalıb.
Sentyabrın 19-da məhkəmə Fransa vətəndaşını 3 il müddətinə azadlıqdan məhrum edib, İsmael və Pol isə 6800 manat (3500 avroya yaxın) cərimələniblər.
Bu gün Apellyasiya Məhkəməsində onların hər ikisi öz apellyasiya şikayətini geri götürüb, vəkil Elçin Sadıqov bildirib. Onun sözlərinə görə, onlar Dövlət Miqrasiya Xidmətinin əməkdaşı ilə görüşdən sonra bu qərara gəliblər.
"Onlar iclasın təfərrüatları barədə heç nə bildirməyiblər və məhkəmə onların apellyasiya şikayəti üzrə icraatı dayandırıb", - vəkil deyib.
Eyni zamanda, Huqo apellyasiya şikayətinə məhkəmə istintaqının aparılması ilə baxılması və qətimkan tədbirinin ev həbsilə dəyişdirilməsi barədə vəsatət qaldırıb. Lakin onun vəsatəti təmin olunmayıb. Mahiyyəti üzrə dinləmələr 28 oktyabra təyin edilib.