Ukrayna Rostov optik-mexanika və İlyinsk neft emalı zavodunu vurub
26 Sentyabr 2026
Ukrayna Müdafiə Qüvvələri Rusiyanın Rostov vilayətinin Azov şəhərində yerləşən Azov Optik-Mexanika Zavodunun istehsal güclərini vurub.
Bu barədə Ukrayna Müdafiə Qüvvələrinin Baş qərargahı məlumat yayıb.
Bildirilib ki, Ukrayna istehsalı olan "Neptun" qanadlı raketləri ilə vurulan zavodun ərazisində yanğın qeydə alınıb, həmçinin beş istehsalat binasında avadanlıqlar zədələnib.
Qeyd edək ki, Azov Optik-Mexanika Zavodu Rusiyanın “Taktiki Raket Silahları” korporasiyasının tərkibinə daxildir. Müəssisə optik-mexaniki və optik-elektron məhsullar, artilleriya, raket və tank əleyhinə silahların komplektləşdirilməsi üçün elektron sistemlər, həmçinin taktiki idarə olunan raketlər üçün radiolokasiya özütuşlama başlıqları istehsal edir.
Prezident Volodimir Zelenski isə “Telegram” kanalında bildirib ki, Ukraynanın Krasnodar vilayətində yerləşən İlyinsk neft emalı zavoduna PUA hücumu nəticəsində üç ilkin neft emalı qurğusu və rezervuar parkı vurulub.
Onun sözlərinə görə, hücum “FP-1” tipli PUA-larla həyata keçirilib və nəticədə zavodun fəaliyyəti dayandırılıb.
Zelenski qeyd edib ki, Ukrayna qüvvələri gecə saatlarında Rusiyanın Rostov vilayətində də zərbələr endirib. Onun sözlərinə görə, raket və artilleriya üçün komponentlər istehsal edən müəssisə, həmçinin “Pantsir-S2” zenit-raket kompleksi vurulub.
Ukrayna Prezidenti həmçinin müharibənin aparılmasına xidmət edən logistika obyektlərinə zərbələr endirildiyini və Qara dənizdə də nəticələrin olduğunu bildirib.