Logo
news content
User
Kateqoriyalar

Xəbər

Zelenski ABŞ-nin Ukraynada seçki məsələsini qaldırmasına etirazını bildirib

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-dən olan tərəfdaşların Ukraynada prezident seçkiləri məsələsini qaldırmasını qəribə hesab edir.

Bu barədə Zelenski İtaliyanın "Corriere della Sera" qəzetinə müsahibəsində bildirib.

"Ruslar bu məsələni qaldıranda biz bunun səbəbini başa düşürük: onlar hesab edirlər ki, prezidentin dəyişməsi onların işini asanlaşdıracaq. Amerikalı tərəfdaşlarımızın belə addım atması mənə qəribə gəlir", - o deyib.

Zelenskinin sözlərinə görə, hazırda seçkilər məsələsi Ukrayna cəmiyyətinin diqqət mərkəzində deyil, çünki birinci vəzifə müharibənin başa çatması və normal həyata qayıdışdır.

O vurğulayıb ki, seçkilər keçiriləcək, lakin cəbhədəki hərbçilər, xaricdə olan ukraynalılar və ölkə sakinləri üçün səsvermə imkanı təmin edilməlidir.

"Amma qərb müşahidəçilərinin iştirakı ilə pilotsuz uçuş aparatlarının və raketlərin zərbələri altında açıq və demokratik seçkiləri necə təşkil etmək olar? Bunun mümkün olduğunu düşünmürəm", - Ukrayna prezidenti qeyd edib.

Onun sözlərinə görə, avropalı tərəfdaşlar anlayırlar ki, ölkə daxilindəki parçalanma "sunami"yə səbəb ola və Ukraynanın müqavimət qabiliyyətini sarsıda bilər.

Səsvermənin daha da təxirə salınmasının Ukrayna demokratiyasını zəiflədib-zəiflətməyəcəyi ilə bağlı suala cavab olaraq Zelenski bildirib ki, heç kim hakimiyyətdə qalmağa çalışmır.

"Biz dövləti qorumalıyıq - hər kəs öz yerində, qanuna və Konstitusiyaya uyğun olaraq. Hərbçilər cəbhədədir, əgər biz ölkəni əldən vermək və müstəqilliyimizi itirmək istəmiriksə hamı işləməli və vergi ödəməlidir", - o deyib.

Avropa ölkələrində qarşıdan gələn seçkilərə və hökumətlər dəyişdikdən sonra Kiyevə dəstəyin mümkün azalmasına toxunan Zelenski qeyd edib ki, hər bir halda qərar müvafiq ölkənin vətəndaşlarına məxsusdur.