Türkmənistanda ətin qiymətinə etiraz edənləri saxlayıblar
28 Avqust 2026
Türkmənistanın Türkmənabad şəhərində bazarda alıcılar ətin qiymətindən narazılıq bildirərək satıcılarla mübahisəyə başlayıblar. “TurkmenNews” mənbələrinə istinadla Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarının etirazçıları saxladığını yazır.
Nəşrin məlumatına görə, təxminən 30 nəfər qiymətlərdən narazılıq bildirib. Onlar deyiblər ki, maaşları azdır və ucadan etiraz etməyə başlayıblar. Əvvəlcə hadisə yerinə polis gəlib, kütləni sakitləşdirməyə çalışıb. Bir müddət sonra bazara Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları gəlib və əsasən kişiləri saxlayıb.
“Milli Təhlükəsizlik Nazirliyinin bir əməkdaşı onlara deyib ki, ‘toxluqdan qudurublar’, ‘çox danışsalar, ümumiyyətlə ətsiz qalacaqlar’. Bu, etirazçıları lap qəzəbləndirib”, – “TurkmenNews”un mənbəsi bildirir.
Məlumata görə, təhlükəsizlik qüvvələrinin kütləni dağıtması təxminən iki saat çəkib, baş verənləri videoya çəkməyə də imkan verməyiblər. Saxlanılanlara hansı cəza verildiyi bəlli deyil.
“Türkmənistan xronikası” isə xəbər verir ki, Arxadağ şəhərində Qurbanqulu Berdiməhəmmədov məscidinin tikintisi münasibətilə keçirilən sədəqə mərasimindən sonra ətin qiyməti kəskin bahalaşıb. Nəşrin məlumatına görə, mayda sümüklü mal ətinin kiloqramı 135 manat olub, indi 160 manata qalxıb.
Avqustun əvvəlində AzadlıqRadiosunun türkmən xidməti xəbər vermişdi ki, mal və quş ətinin bahalaşması Lebap vilayətində sakinlərini etiraza çıxmağa vadar edib. Türkmənistan sərt nəzarət altındadır deyə belə etirazlar nadir hal sayılır.