Logo
news content
User
Kateqoriyalar

Xəbər

Türkmənistanda dərs ili ərəfəsində gəncləri yenə ölkədən buraxmırlar

Yeni tədris ili yaxınlaşdıqca Türkmənistandan gənclər təhsil almaq üçün xaricə getməyə hazırlaşır. Aşqabad hava limanında isə vətəndaşların xarici reyslərə buraxılmaması halları artıb.

AzadlıqRadiosunun türkmən xidmətinin məlumatına görə, belə hallarla üzləşən gənclər hakimiyyətin öz cibini doldurmağa, vətəndaşların xaricə axınını məhdudlaşdırmağa çalışdığını deyirlər.

Aşqabad hava limanındakı mənbənin dediyinə görə, son on gündə gündəlik olaraq Lebap, Balkan, Marı və Daşoğuz vilayətlərindən onlarla gənc oğlan və qızı reyslərə buraxmırlar: “Onlar xarici universitetlərə qəbul olunan və sentyabrda təhsilə başlamalı olan gənclərdir”.

Belə vətəndaşlar arasında Rusiya, Almaniya və Türkiyəyə getməyi planlaşdıran gənclər də var.

“Dedi ki, 500 dollar tap, gəl”

“Miqrasiya xidmətinin əməkdaşları bizi ayrı-ayrılıqda sorğu-sual etməyə başladılar. Məndən başqa, təhsil almağa gedən təxminən 25 gənc oğlan və qız var idi. Lazımi sənədlərimizin olmasına baxmayaraq, onları qaytarmadan bizi bir saatacan gözlətdilər. Sonra isə dedilər ki, ‘Siz təhsil bəhanəsi ilə Türkiyəyə işləməyə gedirsiniz, sizi ölkədən buraxa bilmərik’”, – Marıdan bir gənc anonimlik şərti ilə deyib. Onun ölkədən çıxışına icazə verilməyib.

Həmsöhbətlərin dediyinə görə, miqrasiya və gömrük xidmətlərinin əməkdaşları bu cür tədbirlərlə bağlı vətəndaşlara aydın izahat vermirlər. Onlara şifahi şəkildə ölkədən buraxılmadıqları deyilir.

“Xaricə təhsil almağa gedən tələbə qızlardan biri bizə yaxınlaşıb dedi: ‘500 dollar rüşvət versən, buraxırlar. Ödədim və keçirəm’. Miqrasiya xidmətinin əməkdaşına dedim ki, yanımda 150 dollar var. O isə birbaşa dedi: ‘İstanbula 500 dollardan ucuz getmək mümkün deyil. 500 dollar tap, gəl’. Bundan sonra məni, Marı, Lebap və Balkan vilayətlərindən olan, rüşvət verməyən 20-yə yaxın gənci geri qaytardılar”, – Balkan vilayətindən gənclərdən biri anonimlik şərti ilə bunları deyib.

Yenidən bilet almalı olurlar, həm də kreditlə

Reysə buraxılmayan gənclərdən bəziləri biletlərinin ləğv edildiyini deyiblər. Buna görə də onların valideynləri indi yeni biletlər almağa hazırlaşırlar, bundan ötrü yüksək faizlə kredit götürürlər.

“Rəsmilər xaricə təhsil almağa gedən tələbələrin hesabına pul qazanırlar. Ölkədə hər şey rüşvət üstündə qurulub, buna görə ölkə rəhbərliyi günahkardır”, – Marıdan bir gənc anonimlik şərti ilə bildirib.

Türkmənistan hakimiyyəti uzun illərdir gənclərin və tələbələrin xaricə getməsini sistemli məhdudlaşdırır. Vətəndaşları hava limanlarında beynəlxalq reyslərə qeyri-rəsmi şəkildə buraxmırlar, buna səbəb göstərmirlər, bəzən də daxili tələblərə uyğun gəlmədiklərini bəhanə göstərirlər.

Əvvəllər də Aşqabad hava limanında miqrasiya xidməti onlarla gənc oğlan və qızı təyyarəyə buraxmayıb. Bu, xüsusilə Türkiyəyə uçuşlar zamanı baş verib. Həm də gənclərin qüvvədə olan tələbə vizaları və xarici universitetlərdən verilmiş sənədləri olub.

Türkmənistan hakimiyyəti vətəndaşların ölkədən çıxışına məhdudiyyətlərin səbəblərini rəsmən açıqlamır.