Tramp “daha yaxşı gələcək” naminə Si Cinpinlə birgə işi davam etdirməyə hazırdır
25 Sentyabr 2026
ABŞ və Çin liderləri süni intellekt, texnologiya, təhlükəsizlik məsələlərini müzakirə edəcək.
Bu barədə ABŞ Prezidenti Donald Tramp Ağ Evdə Çin Xalq Respublikasının Sədri Si Cinpini qarşılayarkən deyib.
“Bu səfər zamanı təhlükəsizlik, texnologiya və superintellekt (süni intellekt) ilə bağlı aktual məsələləri də müzakirə edəcəyik. Bu sahələrdə bu gün qəbul etdiyimiz qərarlar qarşıdakı onilliklər ərzində sülh və rifahın təşviqinə xidmət edə bilər”, — Tramp bildirib.
ABŞ Prezidenti görüşdən gözləntilərinin yüksək olduğunu, “daha yaxşı gələcək” naminə Si Cinpinlə birgə işi davam etdirməyə hazır olduğunu vurğulayıb.
“Əminəm ki, birlikdə çox şeyə nail ola bilərik”, — o qeyd edib.
Tramp ABŞ və Çinin İkinci Dünya müharibəsi zamanı müttəfiq kimi birgə mübarizə apardıqlarını xatırladıb.
“Tarix boyu bu ümumi maraqlar xalqlarımızı geniş okeanlar, böyük məsafələr və çoxsaylı fərqlərə baxmayaraq, bir-birinə bağlayıb və hətta bizi İkinci Dünya müharibəsində müttəfiq edib”, — ABŞ prezidenti qeyd edib.
Tramp müharibə illərində yardım üçün Çinə gedən amerikalı pilotları da xatırlayıb, “Flying Tigers” (“Uçan pələnglər”) qrupundan danışıb.
“Cəsur amerikalı pilotlar Çinə könüllü şəkildə gəlib əfsanəvi bir ölkənin yaşaması uğrunda mübarizə apardılar. Həmin əfsanəvi “Flying Tigers” qrupu — onlar həqiqətən inanılmaz idilər”, — ABŞ Prezidenti əlavə edib.