Tokayevin bacısı qızı parlamentə düşüb
28 Avqust 2026
Qazaxıstanda parlament seçkilərinin qalibin elan olunmuş “Ədalət” (“Ədilet”) partiyası deputat mandatı alacaq üzvlərinin siyahısını açıqlayıb. Bu partiya yeni birpalatalı parlamentə - Qurultaya avqustun 24-də keçirilmiş seçkilərin qalibi elan edilib.
AzadlıqRadiosunun Orta Asiya üzrə rusdilli bölməsi olan “Azattyq Asia” xəbər verir ki, siyahıda prezident Kasım-Jomart Tokayevin bacısı qızı Dana Medeuovanın adı var. O, Tokayevin bacısı Karlığa İzbastina və onun həyat yoldaşı, diplomat, Qazaxıstanın Bolqarıstandakı keçmiş səfiri Temirtay İzbastinin qızıdır.
110 namizəd arasında “Ədalət” partiyasının sədri, Tokayev administrasiyasının keçmiş rəhbəri Aybek Dadebay, son çağırış Məclisin deputatı, keçmiş təhsil naziri Asxat Aymağambetov, keçmiş məmur Kuandık Bişimbayevin məhkəmə prosesindən sonra tanınan keçmiş prokuror Ayjan Aymağanova, son çağırış Məclisin deputatı, politoloq Aydos Sarım, söz azadlığını müdafiə edən “Ədil söz” Fondunun keçmiş rəhbəri Karlığaş Jamankulova da var.
Keçmiş dövlət müşaviri Yerlan Karin, “Kazaxtelekom” milli şirkətinin rəhbəri və keçmiş rəqəmsallaşma naziri Bağdat Musin, maarif naziri Juldız Süleymenova, “Qazax dili” (“Қазақ тілі”) Beynəlxalq Cəmiyyətinin prezidenti Rauan Kenjehanulının siyahıdan kənar qalıblar.
Mərkəzi Seçki Komissiyasının məlumatına görə, 6 milyon 528 min 948 nəfər “Ədalət” partiyasına səs verib. Bu, seçici siyahılarına daxil edilmiş şəxslərin ümumi sayının 71,17 faizi deməkdir.
Astana seçkiləri baş tutmuş elan edib. ATƏT/DTİHB və ATƏT PA müşahidəçiləri bildiriblər ki, Qazaxıstanda seçkilər ciddi pozuntular olmadan keçib, lakin real müxalifət və siyasi plüralizm olmayıb.
Avqustun 26-da Qurultaya keçən digər dörd partiya da deputatlığa namizədlərinin siyahısını təqdim edib.