Logo
news content
User
Kateqoriyalar

Xəbər

Tarif Şurasından yeni müəmma - “Nə dəyişir ki, qiymətlər də dəyişir?”

İyulun 26-da Tarif (qiymət) Şurasının növbəti iclasında bir sıra məsələlərə baxılıb.

Şuranın yaydığı məlumata görə, iclasda, benzin və dizel üzrə təchizat tariflərinin müəyyən olunmasına dair Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) müraciəti dəyərləndirilib.

Qurum bildirir ki, indiyədək qüvvədə olan qərara əsasən, neft məhsulunun topdansatış tarifi (təchizat tarifi də daxil olmaqla) pərakəndə satış yerinədək daşınması ilə bağlı bütün xərclər daxil edilməklə tətbiq edilirdi.

Açıqlamaya görə, benzin (litri 1 manat), dizel (80 qəpik) üzrə pərakəndə satış tarifi əvvəlki kimi saxlanılmaqla tarif zəncirində dəyişiklik edilərək topdansatış və pərakəndə satış üzrə təchizat tariflərinin ayrılıqda müəyyən edilməsi məqsədəuyğun hesab olunub:

“Belə ki, benzin və dizel üzrə mövcud 18 manat/ton topdansatış təchizat tarifi 20 manat/ton, yanacaqdoldurma məntəqələrinin mövcud 100 manat/ton marjası 108 manat/ton müəyyən edilib, həmçinin həmin məhsulların borular vasitəsilə nəqli tarifi 3 manat/ton səviyyəsində müəyyənləşdirilib”.

İmtahanların qiymətləri…

İclasda həmçinin tələbə qəbulunda yeni xidmətlər üzrə tariflərin müəyyən olunması və bəzi imtahan növləri üzrə isə təsdiq edilmiş qiymətlərin dəyişdirilməsinə dair Dövlət İmtahan Mərkəzinin müraciətinə baxılıb:

“…İl ərzində 5 dəfədən artıq müsahibədə iştirakla bağlı ödənişin məbləği dövlət qulluğu vəzifələrinin qruplarına uyğun olaraq hər bir mövcud imtahan tarifinin 50 faizi miqdarında (35, 40, 45 və 50 manat) müəyyənləşdirilib. Qərar 26 iyul 2022-ci il tarixindən qüvvəyə minir”.

Bildirildiyinə görə, eyni zamanda, orta ixtisas təhsili müəssisələrinə, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə, ali təhsil müəssisələrinin, Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinə və tibb təhsili üzrə rezidenturaya qəbul imtahanları üzrə yeni tariflər müəyyən edilib.

İmtahan qiymətləri əsasən artırılıb. Məsələn, bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsinə qəbul imtahanı (I mərhələ) 45, ikinci mərhələ 50 manat olub. Əvvəl isə yalnız bir iştirak üçün 40 manat nəzərdə tutulurdu.

Kəskin artım

Daha çox artım rus bölməsi abituriyentləri üçün Azərbaycan dili üzrə test imtahanında özünü göstərir. Burada qiymət 10 manatdan 30 manata yüksəldilib.

İqtisadçı: “Nə dəyişir ki, qiymətlər də dəyişir”

İyulun 26-da Tarif Şurası benzin və dizel üzrə təchizat tariflərini müəyyən edib.

Şuranın digər qərarı ilə ali məktəblərə, kolleclərə, magistraturaya qəbul imtahanları üçün yeni tariflər müəyyənləşib.

İqtisadçı Natiq Cəfərli AzadlıqRadiosuna bildirib ki, yanacağın daşınması ilə bağlı edilən dəyişikliklərin benzin və dizelin qiymətlərinə təsirinin olub-olmaması sonra bilinəcək: "Xidmət haqlarından asılı olacaq. Xidmət haqları dəyişəcəksə bu, qiymətlərə təsir göstərəcək".

İqtisadçı imtahanların qiymət dəyişiklikləri ilə bağlı isə deyib ki, bu cür qərarlar çox müəmmalıdır:

"Belə qərarlar veriləndə heç vaxt əsaslandırma verilmir ki, qiymətlər niyə qalxır? Nə dəyişir ki, qiymətlər də dəyişir? Əsaslandırma mütləq olmalıdır, amma biz onu görmürük".