Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiyalı oliqarxlara aid yaxtaların haradadır? - ARAŞDIRMA


Rusiyanın Ukraynaya hücumundan sonra rusiyalı oliqarxlara aid bəzi super-yaxtalar dənizçilik üzrə beynəlxalq izləmə sistemindən itib. Amma peyk şəkillərindən və sosial media paylaşımlarından onların harada olduğunu müəyyən etmək mümkündür.





Ukraynada müharibənin başlaması rusiyalı oliqarxları beynəlxalq sanksiyaların hədəfinə çevirdi. Bundan sonra qəribə şeylər baş verdi - rusiyalı milyarderlərə aid olduğu deyilən super-yaxtalar beynəlxalq izləmə sistemindən itməyə başladı.




Halbuki bu, BMT-nin “Dənizdə insan həyatının mühafizəsinə dair” Beynəlxalq Konvensiyasına (SOLAS) ziddir. Bu konvensiyaya görə, gəmi və ekipaj üçün, məsələn, dəniz quldurları tərəfindən təhlükə olmadığı təqdirdə Avtomatik İdentifikasiya Sistemi (AİS) açıq olmalıdır.





Bəzi super-yaxtaların harada olduğu hələ ki, bilinmir.





BBC onlardan dördünü tapmaq üçün ictimaiyyətə açıq peyk görüntülərindən və sosial media paylaşımlarından istifadə edib.





"Adətən, bu tip yaxtalar bir neçə dəqiqədən bir siqnal verir. Ona görə də bu müddət ərzində heç bir siqnalın olmaması qeyri-adi hal sayılır" - dənizçiliklə bağlı məlumatlar toplayan “VesselsValue”-nin  analitiki belə deyir.





Limanda durduqları vaxt da daxil olmaqla, sözügedən yaxtalardan üçü bu il olduqları yerlər haqqında hər gün məlumat ötürüblər. Amma günün birində qəfil susublar.





Digər ikisi isə AİS-i qoşmadan min kilometrdən çox məsafə qət edib.





Sanksiya tətbiq edilmiş oliqarxlara aid milyardlarla dollarlıq super-yaxtalar (belələri nadir hallarda qeydiyyatda olur) ABŞ, Aİ və Böyük Britaniya tərəfindən saxlandıqdan sonra təhlükəsizlikləri təmin olunub.





Neft milyarderi Vahid Ələkbərova aid olduğu deyilən “Galactica Super Nova” yaxtası




70 metrlik super-yaxtada ümumilikdə 12 nəfərin qala biləcəyi 6 dəbdəbəli kayut, şüşə dibli 6 metrlik hovuz, şəlalə və helikopter meydançası var.





Dəyəri 80 milyon dollar olan bu yaxta sonuncu dəfə martın 2-də Monteneqro sahillərində qeydə alınıb.





“Galactica Super Nova” fevralın 26-da – Rusiyanın Ukraynaya hücumundan cəmi iki gün sonra İspaniyanın Barselona şəhərindən ayrılıb.





Ələkbərova əvvəlcə Böyük Britaniya və Avstraliya, ardınca da Kanada sanksiya tətbiq edib. Az sonra o, “Lukoyl”un rəhbəri vəzifəsindən istefa verib.





Monteneqrodan yola düşən yaxta cənub-şərqə doğru 1500 kilometrdən çox məsafəni AİS siqnalı ötürmədən qət edib. İnstaqram paylaşımlarından görünür ki,  “Galactica Super Nova” hazırda  Türkiyənin “Göcek Azure” limanındadır. Yaxta bu limana mayın 9-da daxil olub.










yaxta, oliqarx, Rusiya





“Galactica Super Nova”-nın “Göcek Azure” limanında olduğunu görünür




Türkiyə beynəlxalq sanksiyalara qoşulmadığına görə bu ölkə yaxta üçün təhlükəsiz liman kimi görünür.





Türkiyənin lüks yaxta sektorunda çalışan mənbə BBC-yə bildirib ki, rusiyalı oliqarxlara sanksiya tətbiq ediləndən sonra Türkiyədə yaxtaların sayı artıb:





“Roman Abramoviçin hər iki yaxtası çoxdandır ki, buradadır. Gedəcək yerləri olmadığı üçün yəqin ki, hələ bir müddət də burada olacaqlar".





“Quantum Blue” - oliqarx Sergey Qalitskiyə aid olduğu deyilən yaxta









rusiya, oliqarx





“Quantum Blue” Monakoda




“Quantum Blue” daha böyük yaxtadır, AİS siqnal göndərmədən 1700 km-dən çox yol qət edib.





Dəyəri təxminən 250 milyon dollar olan yaxtanın uzunluğu 104 metrdir; 40 nəfərlik heyəti, kinoteatrı, gözəllik salonu və helikopter meydançası var.





Qalitskiyə sanksiya tətbiq edilməsə də, martın əvvəllərində yaxtanın Monako limanından çıxmasına icazə verilməyib.





Qadağa aradan qaldırılandan sonra “Quantum Blue” Aralıq dənizini keçərək martın 16-da Süveyş kanalına daxil olub, martın 22-də - Yəmən-Oman sərhədi yaxınlığında siqnal göndərməyi dayandırıb.





“Faceebook”-dakı “Cəbəllütariq Yaxtaçılıq” səhifəsinə material hazırlayan bir nəfər yaxtanın indiki yerini açıqlayıb.





Dənizçilik sektorunda çalışdığı üçün anonim qalmaq istəyən həmin şəxs Dubayda tətildə olduğunu və bu əmirliyin hökmdarı Şeyx Məhəmməd ibn Rəşid Əl-Məktuma məxsus super-yaxtanın şəklini çəkmək üçün “Rəşid” limanına gedəndə orda təkcə şeyxin yaxtasını yox, həm də “Quantum Blue”-nu gördüyünü deyib.





Bundan başqa,  sanksiya tətbiq edilmiş digər rusiyalı oliqarx Andrey Skoça aid oluğu deyilən “Madame Gu” adlı yaxta da orda olub.










Rusiya, oliqarx





“Quantum Blue”-nun hazırda Dubayda olduğu görünür




Avropa Kosmik Agentliyi tərəfindən çəkilmiş peyk şəkilləri göstərir ki, “Quantum Blue” 14-29 mart tarixlərində Dubaya gəlib və hələ də oradadır.





Gələcəkdə Qalitskiyə sanksiya tətbiq edilsə belə, mülkiyyət müsadirəsiylə bağlı Dubayın ABŞ, Böyük Britaniya və ya Aİ ilə hər hansı razılaşması yoxdur.





Rusiyanın “RT” xəbər saytından başqa, “Forbes”, “Financial Times” və digər Qərb nəşrləri də sözügedən yaxtanın Qalitskiyə aid olduğunu yazıblar.





“Clio” - milyarder Oleq Deripaskaya aid olduğu deyilən yaxta









Rusiya, oliqarx





“Clio” 2019-cu ilin iyun ayına qədər “Queen K” adlanıb




Dəyəri 65 milyon dollar, uzunluğu 73 metr olan bu super-yaxta fevralın 10-da Şri-Lankadan Maldiv adalarına tərəf yola düşüb.





Daha sonra Qırmızı dənizə üzüb, Süveyş kanalından keçərək şimala doğru gedib.





Aprelin 18-də Bosfor boğazından Qara dənizə keçəndən sonra siqnal ötürməyi dayandırıb.





Bundan sonra təxminən 900 km yol qət edərək Rusiyanın “Adler” limanına gedib. Peyk görüntüləri yaxtanın ora aprelin 22-də çatdığını və indi də həmin limanda olduğunu göstərir.










Rusiya, oliqarx





Adler” limanındakı “Clio”




ABŞ, Böyük Britaniya, Aİ və Avstraliya Putinlə yaxın əlaqələri olduğu iddiasına görə Deripaskaya sanksiya tətbiq edib.





Deripaskanın sözçüsü BBC-yə açıqlamasında sanksiyaların son dərəcə yanlış istiqamətləndirildiyini deyib:





“Əsassız və gülünc ittihamlardır. Deripaska heç vaxt siyasətlə məşğul olmayıb və heç bir hərbi münaqişədən fayda götürməyib”.





“Graceful” - Rusiya prezidenti Vladimir Putinə aid olduğu deyilən yaxta









Rusiya, oliqarx





“Graceful”




Bu 82 metrlik yaxta təmirdə olduğu Hamburqdan fevralın 7-də çıxaraq, Rusiyanın Kalininqrad şəhərinə tərəf yönəlib.





"Sözügedən yaxta haqqında heç bir məlumatımız yoxdur. Açıq şəkildə deyə bilərik ki, bu və ya hər hansı başqa bir yaxtanın Putinə aidiyyatı yoxdur" – Rusiya prezidentinin sözçülərindən biri BBC-yə belə deyib.





Buna baxmayaraq, ABŞ Maliyyə Nazirliyinin sanksiya tətbiq edilən mülklərlə bağlı siyahısında “Graceful”-un Vladimir Putinə aid olduğu göstərilib.





Qurumun açıqlamasında qeyd olunub ki, Putin bu super-yaxtada "çox səyahət edib".





Beynəlxalq Dəniz Təşkilatında “Graceful”-un sahibi kimi “Arqument” ASC gəmiçilik şirkəti qeydiyyatdan keçib.





BBC Rusca xidmətinin araşdırması nəticəsində məlum olub ki, bu şirkət Qara dəniz sahilində “Putinin sarayı” kimi tanınan dövlət mülkləri ilə əlaqəlidir.





Vahid Ələkbərov və Sergey Qalitski  BBC-nin bu iddialarla bağlı müraciətini cavabsız qoyublar.