Rusiya Kiyevdə dəmir yoluna ballistik zərbə endirib, Ukrayna Samarada "Ozon"u vurub
22 Avqust 2026
Rusiya qoşunları Kiyevin Darnitsa rayonundakı dəmir yolu müəssisəsinə ballistik zərbə endirib, nəticədə "Ukrzaliznitsya"nın əməkdaşı həlak olub.
Bu barədə "Ukrzaliznitsya" SC-nin İdarə Heyətinin sədri Aleksandr Pertsovski "Facebook"da bildirib.
Onun sözlərinə görə, zərbə Darnitsadakı dəmir yolu müəssisələrindən birinə endirilib.
"Bir işçi - briqadir hadisə yerində həlak olub, digərlərini ilk zərbədən sonra operativ şəkildə təxliyə etmək mümkün olub", - Pertsovski qeyd edib.
Bundan başqa, "Ukrzaliznitsya"nın rəhbəri Odessa dəmir yoluna edilən hücum barədə məlumat verib. Onun sözlərinə görə, Odessa vilayətinin Razdelnaya stansiyasında dəmiryol vağzalı zədələnib.
Zaporojye Vilayət Hərbi Administrasiyasının rəhbəri İvan Fyodorov bildirib ki, Rusiya qoşunları sutka ərzində Ukraynanın Zaporojye vilayətinin 42 yaşayış məntəqəsinə 539 zərbə endirib. Hücumlar nəticəsində 3 nəfər həlak olub, 19 nəfər, o cümlədən iki uşaq yaralanıb.
"Yaşayış evlərinin, avtomobillərin və infrastruktur obyektlərinin zədələnməsi barədə 71 məlumat daxil olub", - o qeyd edib.
***
Rusiyanın Samara vilayətinə pilotsuz uçuş aparatlarının (PUA) kütləvi hücumundan sonra sənaye müəssisələrindən biri zədələnib.
Rusiya mediası xəbər verir ki, bu barədə vilayətin qubernatoru Vyaçeslav Fedorişev məlumat verib.
Bundan başqa, "Ozon" logistika kompleksinə də zərbə endirilib.
"Ozon"un mətbuat xidmətindən bildirilib ki, PUA hücumu nəticəsində Samara vilayətinin Çapayevsk şəhərindəki anbarda yanğın başlayıb. 500-dən çox əməkdaş təxliyə edilib, bir neçə nəfər xəsarət alıb. Anbarın fəaliyyəti qeyri-müəyyən müddətə dayandırılıb.

08:56
Avqustun 22-nə keçən gecə pilotsuz uçuş aparatları (PUA) ilk dəfə olaraq Rusiyanın Samara vilayətində "OZON" şirkətinin (Rusiyanın ilk e-ticarət şirkətlərindən biri - red.) logistika obyektinə hücum edib.
Bu barədə yerli "Telegram" kanalları məlumat yayıb.
Əvvəllər "Wildberries" anbarlarına da zərbələr endirilmişdi.
Məlumata görə, saat 02:47 radələrində Samara vilayətində "PUA təhlükəsi" rejimi elan edilib. Artıq 04:30-dan sonra sosial şəbəkələrdə yanğın və tüstü sütununun əks olunduğu videolar kütləvi şəkildə yayılıb, bəzi kanallar isə zərbəyə məhz Çapayevskdəki "OZON" logistika qovşağının məruz qaldığını dəqiqləşdirib. Hücumdan sonra obyektdə yanğın baş verib, lakin yerli hakimiyyət orqanları və şirkətin özü insidentlə bağlı hələlik heç bir şərh verməyib.
Avqustun ortalarında Ukrayna Müdafiə Nazirliyi həmin vaxta qədər "Wildberries"in 10 ən böyük logistika qovşağından 7-sini sıradan çıxarıldığını açıqlamışdı.