Qanunsuz medallar verməkdə günahlandırılan QHT rəhbərlərinin işi məhkəməyə göndərilib
13 Yanvar 2026
Qanunsuz medallar təsis edərək çoxsaylı şəxslərə verməkdə günahlandırılan Qeyri Hökumət Təşkilatlarının (QHT) vəzifəli şəxsləri barəsində ibtidai istintaq tamamlanıb.
Bu barədə yanvarın 12-də Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.
Onlardan "Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri" İB sədri Mehdi Mehdiyev, "Azərbaycan Vətən Müharibəsi Veteranları" İB-nin sədri Füzuli Rzaquliyev və "Beynəlmiləlçi Əlil Döyüşçülər" Fondunun prezidenti Sərraf Orucov Cinayət Məcəlləsinin 309.1-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə təqsirləndirilib. Onlar barələrində istintaq orqanının qərarı ilə polisin nəzarəti altına vermə növündə qətimkan tədbirləri seçilib və iş baxılması üçün məhkəmələrə göndərilib.
Həmin maddə ilə şəxsə cərimə, islah işləri və 3 ilə qədər həbs cəzası verilə bilər.
Bu açıqlamaya sözügedən QHT rəhbərlərindən münasibət almaq mümkün olmayıb.
Cavab
Amma onların ötən il bununla bağlı ittihamlara media orqanlarında cavabları yayılıb. "Azərbaycan Vətən Müharibəsi Veteranları" (AVMVİB) İdarə Heyətinin sədri F.Rzaquliyev vurğulayırdı ki, onların 7 il bundan əvvəl təşkilatın yaranmasının 25 illiyi münasibətilə təsis edilmiş xatirə və yubiley nişanları təltif olunanlara heç bir əlavə imtiyaz vermir: "Bu xeyirxah aksiya xidmətləri olmuş təşkilat üzvləri və birliyimizlə yaxından əməkdaşlıq edən şəxslər üçün hazırlatdığımız rəmzi minnətdarlıq nümunəsidir. Təşkilatımız bu nişanları heç vaxt rəsmi təltif kimi təqdim etməmiş, onların yalnız ictimai status daşıdığını dəfələrlə bəyan etmişdir".
O əlavə edirdi ki, təşkilat təxminən 2 il bundan əvvəl fərqləndirmə və xatirə nişanlarının təqdimatı prosesini dayandırıb.