Logo
news content
User
Kateqoriyalar

Xəbər

İcmal

Putinin reytinqi düşür. "Yavaş-yavaş əriyəcək"

Rusiyada prezident Vladimir Putinin başına son illərdə görünməmiş iş gəlib: reytinqində azalma var.

Ölkə üzrə mobil internetin kəsilməsi, Ukraynanın dron hücumları, Sibirdə xəstə heyvanların kütləvi məhvi və fermerlərin buna kəskin etirazı mümkün səbəblər sırasında ola bilər. Üstəlik, Kremlin Ukraynaya qarşı müharibəsi beşinci ildir gedir. Hər halda, Putin daha əvvəlki kimi populyar deyil.

Son həftələr iki ictimai rəy sorğusu bu düşüşü üzə çıxarıb. Onların ikisini dövlətə bağlı şirkətlər keçirib. Bir sorğuya görə, Putinə ictimai inamın səviyyəsi 2022-ci ilin sentyabrından bəri ən aşağı həddə - 71 faizə düşüb.

AzadlıqRadiosunun beynəlxalq məsələlər üzrə müxbiri Mayk Ekkel yazır ki, reytinqin düşməsi Kreml üçün siyasi böhran demək deyil, Putin ölkənin rəqibsiz lideri olaraq qalır. Kreml rəsmiləri, xüsusilə Prezident Administrasiyası illərdir seçki proseslərini elə düzüb qoşublar ki, sanki rusiyalılar liderlərini gerçəkdən seçirlər, bunun adı "idarəolunan demokratiya"dır.

Kremlin həssaslığı

Bununla belə, ekspertlərin fikrincə, Kreml ictimai rəydəki dəyişikliklərə həssas yanaşır.

Londondakı Kral Kollecinin Rusiya İnstitutunun direktoru Gülnaz Şarafutdinova deyir ki, reytinqin azalması müxtəlif hadisə və insidentlərlə təsdiqlənir. O, Kreml tərəfdarı vəkilin Putini tənqid etdikdən sonra psixiatriya xəstəxanasına salınmasını qeyd edir.

Təhlilçinin fikrincə, əhval-ruhiyyədəki dəyişiklik bir neçə amillə izah oluna bilər: Ukrayna dronlarının yaratdığı pozuntular; Telegram, WhatsApp və internetə məhdudiyyətlər; ABŞ-nin dəstəklədiyi sülh danışıqlarından gözləntilərin doğrulmaması; uzanan müharibənin səbəb olduğu ümumi yorğunluq və bunun iqtisadiyyata təsirinin daha aydın hiss olunması.

"Bu, inqilabın qaçılmaz olduğu demək deyil, amma artan gərginlik Kreml üçün yaxşı əlamət sayılmır", – o əlavə edir.

Tel-Əvivdə yaşayan sosioloq, Rusiya hökumətinin keçmiş müşaviri Konstantin Qaaze isə hələlik bu azalma ilə konkret sosial qruplardakı proseslər arasında birbaşa əlaqə qurmaqdan ötrü yetərincə məlumat olmadığını deyir. "Kim yorulub, kim məyusdur, kim qəzəblidir?", –sual edir. O, müharibənin Rusiyanın mərkəzinə getdikcə daha dərindən nüfuz etdiyini, dron hücumları, neft emalı zavodlarına zərbələrin zamanla üst-üstə yığıldığını vurğulayır.

İnəklər, texnologiya

İllərdir Rusiyada internet üzərində nəzarət gücləndirilir. Son bir ildə isə rəsmilər getdikcə daha çox regionda mobil interneti tamamilə kəsməyə başlayıblar.

Kreml bunu Ukrayna dronlarının Rusiya şəbəkələrindən istifadəsinin qarşısını almaq üçün etdiyini bildirir. Amma Telegram, WhatsApp kimi tətbiqlərin zəiflədilməsi milyonlarla insanın, xüsusilə Moskvada yaşayanların həyatını pozub.

"Levada" Mərkəzinin keçən ay yaydığı sorğuya görə, internet problemləri ilə üzləşən rusiyalıların sayı artıb, hakimiyyətin Telegram və WhatsApp-a təzyiqindən narazıların da həmçinin.

Fevralın əvvəlində Sibirdə quduzluq, digər yoluxucu xəstəliklərə görə on minlərlə mal-qara məhv edilib. Fermerlər bunu aşırı addım sayıb, etiraz bildiriblər. Bəziləri kompensasiyanın yetərli olmadığını deyib.

Etirazlar Moskvaya, Qırmızı meydanacan gedib çıxıb, bu isə bugünlərdə nadir siyasi addım sayılır.

Rusiyanın iqtisadiyyatı da zəifləyir. İlk illər müharibə xərcləri hesabına sürətli artım yaşandı, indi inflyasiya qiymətləri artırıb, faiz dərəcələri kəskin yüksəlib, maaş artımı dayanıb.

Müharibədən heç danışmayın

Fevralın 24-də Ukraynaya qarşı təcavüzkar müharibənin dördüncü ili tamam oldu.

ABŞ prezidenti Donald Tramp 2025-ci ilin yanvarında vəzifəyə gələndə bu müharibəni bitirməyi prioritet elan etmişdi. Onun təmsilçiləri Putinlə bir neçə dəfə görüşüb, danışıqlar aparılıb. Sonradan danışıqlar dalana dirənib.

Bir səbəb ABŞ və İsrailin İrana qarşı hücumları idi. Amma Rusiyanın ərazi və təhlükəsizlik ilə bağlı sərt tələbləri də öz sözünü deyir, Ukrayna bu tələbləri qəbuledilməz sayır.

Ukrayna ordusu Rusiyanın sürətli irəliləyişinin qarşısını alıb, rusiyalılar ağır itkilər veriblər.

Putinin reytinqi sonuncu dəfə 2022-ci ilin sentyabrında ciddi aşağı düşmüşdü. Onda müharibənin yeddi ayı tamam olurdu.

Kreml müharibənin tezliklə bitməyəcəyini anlayanda Putin genişmiqyaslı səfərbərlik elan etdi. Bu, cəmiyyətdə şok effekti yaratdı, yüz minlərlə insan ölkəni tərk etdi.

İndi Rusiyada fərqli fikir, demək olar, tamamilə susdurulub. "Vaqner" hərbi şirkətinin rəhbəri Yevgeni Priqojin müharibənin gedişatını açıq tənqid edirdi. O, 2023-cü ildə uğursuz qiyam cəhdindən sonra həlak oldu.

Ötən ay Kremlin tərəfdarı İlya Remeslo müharibə və ölkənin vəziyyəti ilə bağlı kəskin tənqidi məqaləsində Putini də hədəfə almışdı. Onu "hərbi cinayətkar" adlandırıb, Rusiyanı dağıtmasından şikayətlənmişdi. Məqalənin dərcindən iki gün sonra Remeslo psixiatriya xəstəxanasına yerləşdirilib. Bunun könüllü baş verib-vermədiyi məlum deyil. Hazırda harada olduğu da bilinmir.

Sosioloq Yelena Koneva deyir ki, "Putinə dəstək" adlanan böyük bir qar yığını əriməyə başlayır. "Birdən-birə dağılmayacaq, yavaş-yavaş əriyəcək. Gerçəkdən mühüm dəyişiklikdir. İlkin əlamətdir və onu repressiya ilə dayandırmaq mümkün deyil, səbəblər çoxdur", – o, Moskvanın keçmiş "Exo" radiostansiyasının dərc etdiyi şərhdə yazır.