Logo
news content
User
Kateqoriyalar

Analitika

Moskvanın şantajı: Ermənistanı Aİİ-dən çıxsa onu nə gözləyir?
Rusiya və əlaltıları İrəvanı hədəfə götürən hesabat hazırlayıblar

Rusiya, Belarus, Qazaxıstan və Qırğızıstan nümayəndələri Ermənistanın Avrasiya İqtisadi İttifaqında (Aİİ) üzvlüyünün dayandırılmasının mümkün nəticələrinə dair məruzə hazırlayıblar. Bu barədə Rusiya hökumətinin mətbuat xidməti məlumat yayıb.

Sənəddə İrəvanın Avropa İttifaqına üzvlüklə bağlı atdığı addımlar təhlil edilir, həmçinin Aİİ və Aİ-nin hüquqi rejimlərinin bir-birinə uyğunluğu qiymətləndirilir. Məsələn, Ermənistanın Avrasiya İqtisadi İttifaqı çərçivəsində öhdəlikləri və Avropa İttifaqına mümkün üzvlüklə bağlı tələblər nəzərdən keçirilir.

Məruzə müəllifləri Ermənistanın Avropaya inteqrasiyası ilə bağlı risklərin qarşısını almaq üçün mövcud hüquqi mexanizmləri araşdırıb, ölkənin Aİİ-yə üzvlüyünün dayandırılmasının mümkün nəticələrini qiymətləndiriblər.

Sənəddə qeyd olunur ki, İrəvanın Avropa İttifaqına yaxınlaşmaq istiqamətində atdığı addımlar respublikanın ittifaqdakı gələcək statusu ilə bağlı suallar yaradır. Vurğulanıb ki, Avropa standartlarının tətbiqi Aİİ-nin vahid gömrük məkanının bütövlüyünə təhlükə yarada bilər.

Məruzədə bildirilir ki, Ermənistanın bu təşkilata üzvlüyü dayandırılarsa, ölkənin Aİİ dövlətləri ilə ümumi ticarət dövriyyəsi 55,6 faiz azalacaq. Hazırda respublikanın ticarət dövriyyəsinin 37,8 faizi, o cümlədən ixracının 38 faizi və idxalının 37,7 faizi ittifaq ölkələrinin payına düşür. Üzvlüyün dayandırılması Ermənistanın ittifaqa daxil olan ölkələrlə ticarət dövriyyəsinin iki dəfədən çox azalmasına səbəb olacaq.

Ermənistanın Aİİ-yə üzvlüyünün dayandırılması ölkənin ÜDM-nin 15,6 faiz azalmasına gətirib çıxaracaq.

Məruzəyə əsasən, Ermənistan Aİİ-dən çıxacağı təqdirdə, qaz idxalına çəkdiyi illik xərclər 69 faiz artaraq 657,5 milyon dollara çata bilər.

Həmçinin qeyd olunur ki, Ermənistanın Avrasiya İqtisadi İttifaqına üzvlüyü dayandırılarsa, Rusiyadan ölkəyə pul köçürmələrinin həcmi iki dəfədən çox azalaraq 2025-ci ildəki 3,88 milyard dollarla müqayisədə 1,8 milyard dollara düşəcək.

Məruzə Rusiya, Belarus, Qazaxıstan və Qırğızıstan prezidentlərinin 2026-cı il mayın 29-da verdikləri birgə bəyanatın icrası çərçivəsində hazırlanıb. Sənədin Vladimir Putin, Aleksandr Lukaşenko, Kasım-Jomart Tokayev, Sadır Japarov və Ermənistanın Baş naziri Nikol Paşinyana təqdim edilməsi planlaşdırılır.

Bəs bu sənəd mahiyyət etibarilə nə deməkdir? Bu, İrəvana qarşı təhdiddirmi? Məruzədə təsvir olunan və ölkənin guya mütləq üzləşəcəyi itkilər səbəbindən Ermənistanda ictimai narazılıq yaratmağa hesablanmış addımdırmı? Aydındır ki, bütün bunlarda əsas rolu Moskva oynayır. Maraqlıdır, Rusiya konkret olaraq nəyə ümid edir?

Pressklub.az-ın suallarını tanınmış xarici şərhçilər cavablandırıblar.

Şərqi Avropa ölkələri üzrə rusiyalı ekspert, jurnalist və analitik Vadim Dubnov (Praqa) hesab edir ki, bu, sadəcə olaraq, Avrasiya İqtisadi İttifaqında məcburi birliyin nümayişidir. Sənədə imza atan Qırğızıstan, Qazaxıstan və digər ölkələr üçün bunun heç bir əhəmiyyəti yoxdur.

“Onlar Rusiyaya dəstəklərini nümayiş etdirirlər. Lakin bu, onları heç nəyə məcbur etmir. Rusiya isə öz növbəsində Ermənistana təzyiq göstərmək üçün növbəti gedişini edir. Halbuki bu təzyiq də heç nəyə gətirib çıxarmayacaq.

Düşünürəm ki, Ermənistanla Rusiya arasındakı bütün məsələlər ikitərəfli görüşlərdə, elə həmin “Rosatom” və ya dəmir yolları ilə bağlı danışıqlarda həll olunur. Bütün bunlar həmin müstəvidə baş verir, çünki hər kəs yaxşı başa düşür ki, Ermənistanın atdığı addımlar hələlik heç bir hüquqi problem yaratmır və kifayət qədər uzun müddət də yaratmayacaq.

Beləliklə, bu, tamamilə siyasi xarakterli hadisə və prosesdir. Düşünmürəm ki, bu yolla Ermənistanın siyasətində hər hansı dəyişiklik baş verə bilər. Hesab edirəm ki, bu, sırf situativ xarakter daşıyır. Bəlkə də, Ermənistanda keçiriləcək COP17-yə cavabdır. Ermənistan isə şübhəsiz ki, bundan Qərbyönümlü kursunu nümayiş etdirmək üçün istifadə edəcək. Amma məsələ bununla bitir”, – Dubnov hesab edir.

Hərbi və siyasi elmlər doktoru, professor Vaxtanq Maisaya (Tbilisi) isə bu fikirlə qətiyyən razılaşmır.

Onun fikrincə, bu məruzə Rusiyanın yumşaq gücünün deyil, “kəskin güc” (Sharp Power) siyasətinin necə işlədiyini göstərən nümunədir. “Bu, Ermənistanı seçim qarşısında qoymağa və Aİİ-dən çıxacağı təqdirdə ölkənin çox şey itirəcəyini bildirməyə hesablanmış şantajdır. Təbii ki, Ermənistanın təxminən 10 il üzvü olduğu iqtisadi sistemdən çıxması müəyyən nəticələrə və problemlərə səbəb olacaq. Biz özümüz də MDB-dən çıxarkən və enerji təhlükəsizliyimizi gücləndirmək üçün müstəqil enerji siyasəti yürütməyə başlayarkən oxşar çətinliklərlə üzləşmişik.

Lakin bu problemlərin öhdəsindən gəlmək mümkündür. Avropa İttifaqı ciddi güzəştli kreditlər və maliyyə dəstəyi mexanizmləri təklif edə, Assosiasiya Sazişi imzalandığı təqdirdə isə Ermənistan iqtisadiyyatını öz iqtisadi sisteminə uyğunlaşdıra bilər. Bu, Ermənistana Avrasiya İqtisadi İttifaqına üzvlüklə müqayisədə daha çox fayda gətirər. Bundan əlavə, Türkiyə ilə Ermənistan arasında ticarət dövriyyəsinin artması regionda iqtisadi əlaqələri və təsiri gücləndirər. Digər mühüm amil Ermənistanın geoiqtisadi layihədə – “Tramp marşrutu”nda iştirakı perspektividir. ABŞ bu layihəyə ilkin olaraq təxminən 200 milyon dollar vəsait ayırıb və gələcəkdə bu məbləğin artırılması nəzərdə tutulur.

Ermənistan Qərbyönümlü xarici iqtisadi konsepsiyanı irəli aparmaqdan Avrasiya modelinə nisbətən xeyli çox fayda əldə edəcək. Nəzərdən keçirilən sənəd “kəskin güc” siyasətinin tətbiqini əyani şəkildə nümayiş etdirir. Təsirin dörd növü – sərt güc, yumşaq güc, ağıllı güc və “kəskin güc” (Sharp Power) – arasında sonuncusu başqa ölkəyə qarşı şantaj və gizli təhdidlərdən ibarətdir. Hazırda müşahidə etdiyimiz də məhz budur”, – Maisaya əmindir.

Rauf Orucov