Pezeşkian: ABŞ-la razılaşmada kapitulyasiya ilə bağlı bənd yoxdur, sülhün vaxtıdır
21 Avqust 2026
İndi, İran "güc və ləyaqət mövqeyində" ikən Yaxın Şərqdəki müharibəyə son qoymaq yaxşı olar.
“Al Jazeera” xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian ölkənin Tibb Cəmiyyəti İslam Assosiasiyasının 31-ci Baş Assambleyasındakı çıxışı zamanı bildirib.
"Müharibə gec-tez başa çatmalıdır. Nə qədər ki, biz güc və ləyaqət mövqeyindəyik, ona bu gün son qoymaq daha yaxşıdır", - o deyib.
Bununla yanaşı, o, Tehranın istənilən yeni hücuma qətiyyətlə cavab verəcəyi barədə xəbərdarlıq edib.
Pezeşkian ABŞ tərəfi ilə danışıqlar gedişində əldə olunmuş son razılaşmanı İranın Ali Milli Təhlükəsizlik Şurası tərəfindən yekdilliklə bəyənilmiş "mühüm nailiyyət" kimi xarakterizə edib.
"Onlar bu razılaşmada kapitulyasiyaya işarə edəcək bircə bənd belə tapa bilməzlər; bütün öhdəliklər qarşı tərəfin üzərinə düşür... Biz heç bir şəraitdə hədə-qorxuya boyun əyməyəcəyik. Biz son nəfəsimizə qədər onlara müqavimət göstərəcək və sarsıdıcı zərbə endirəcəyik", - o deyib.