Paşinyan Mişustinə: Ermənistan Aİİ-də qalmaq istəyir
07 İyul 2026
Ermənistan Rusiya ilə münasibətləri inkişaf etdirməkdə qərarlıdır və Avrasiya İqtisadi İttifaqında (Aİİ) qalmaq istəyir. Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan bu gün Yekaterinburqda rusiyalı həmkarı Mixail Mişustinlə görüşündə bəyan edib.
"Bugünkü görüş münasibətlərimizin bütün aspektlərini müzakirə etmək, seçkilərdən sonra isə fikir mübadiləsi aparmaq üçün yaxşı fürsətdir", – deyən Paşinyan vurğulayıb ki, ölkəsi həm seçki öncəsi, həm də seçkidən sonrakı dövrdə Rusiya ilə əlaqələrin davamlı inkişafına sadiqdir və Aİİ-də iştirakda maraqlıdır.
Mişustin isə bildirib ki, Moskva seçkilərdən sonra yeni Ermənistan hökumətinin Rusiya ilə əlaqələri "dostluq və mehriban qonşuluq ruhunda" davam etdirəcəyinə ümidlidir: "Ermənistan hökumətinin rusiyalı investorlar üçün yaxşı şərait yaratmağa davam etməsi və onların hüquqlarını, qanuni maraqlarını qoruması vacibdir".
Digər tərəfdən, parlament seçkilərindən demək olar ki, bir ay keçməsinə baxmayaraq, Rusiya tərəfi hələ də Paşinyanı rəsmən təbrik etməyib. Bugünkü görüşün mətbuata açıq hissəsində də buna dair heç bir işarə olmayıb.
Buna baxmayaraq, "İnterfaks" agentliyi xüsusi olaraq vurğulayır ki, Rusiya Paşinyanın iyunun 7-də keçirilən parlament seçkilərindən sonra işgüzar səfərə çıxdığı ilk ölkədir.
Danışıqlar Rusiyanın Ermənistan mallarının idxalına tətbiq etdiyi məhdudiyyətlər və tərəflər arasında mövcud olan siyasi gərginlik fonunda baş tutub.