Paşinyan BMT-dən Bakıya çağırış etdi
“Ermənistan münaqişə nəticəsində Azərbaycanda saxlanılan ermənilərin geri qayıtmasını gözləyir”
25 Sentyabr 2026
Ermənistan Baş naziri Nikol Paşinyan BMT Baş Assambleyasının növbəti sessiyasındakı çıxışında Ermənistan və Azərbaycan arasındakı münasibətlərə, regiondakı son vəziyyətə və tərəflər arasında həllini gözləyən əsas məsələlərə toxunub.
Paşinyan bildirib ki, İrəvan və Bakı arasında itkin düşmüş minlərlə şəxsin taleyinin aydınlaşdırılması, minalardan təmizləmə sahəsində əməkdaşlıq və Azərbaycanda törətdikləri ağır cinayətlərə görə məhkum edilmiş ermənilərin qaytarılması kimi mövzular hələ də gündəlikdə qalmaqdadır. O, tərəflərin itkin düşənlərin taleyinin aydınlaşdırılması istiqamətində əməkdaşlıq etməyə razılaşdıqlarını və Ermənistanın minadan təmizləmə sahəsində işbirliyini dərinləşdirməyə hazır olduğunu diqqətə çatdırıb: “Əlbəttə ki, Ermənistan Respublikası münaqişə nəticəsində Azərbaycanda saxlanılan ermənilərin geri qayıtmasını gözləyir”.
Tarixi və mədəni irslə bağlı qarşılıqlı bəyanatlara da toxunan Baş nazir, tərəflər arasında konfrontasiyalı ritorikadan çəkinməyin vacibliyini vurğulayıb: “Biz, yəni Ermənistan və Azərbaycan, tarix, tarixi-mədəni abidələr və ya başqa hər hansı mövzuda qarşıdurma yaradan bəyanatlardan daha dəyərli olan yetərincə nəticələr əldə etmişik”. O, İrəvan və Bakı arasında əməkdaşlığın əsas qayəsinin sülhün qorunması və institusional müstəviyə keçirilməsi olmalı olduğunu qeyd edib.
Paşinyanın sözlərinə görə, növbəti mühüm addım Vaşinqtonda ilkin variantı razılaşdırılmış sülh sazişinin tam imzalanması və ratifikasiya edilməsidir.
Baş nazir, həmçinin TRIPP layihəsinin icrasının Ermənistan üçün “tarixi əhəmiyyət” kəsb etdiyini bəyan edib. Layihə gerçəkləşəcəyi təqdirdə Ermənistanın Azərbaycan vasitəsilə Rusiya, Mərkəzi Asiya və Çinlə birbaşa dəmir yolu əlaqəsi qazanacağını deyən Paşinyan, Meğri və Dəvəli (Yeraskh) dəmir yolu xətlərinin bərpasının planlaşdırıldığını bildirib.
Rusiya ilə münasibətlərin “keçid və transformasiya mərhələsində” olduğunu deyən Paşinyan əlavə edib: “Azərbaycanla sülhü təmin etdiyimiz üçün Ermənistan-Rusiya münasibətləri təbii olaraq dəyişəcək. Biz bu əlaqələrin dostluq və qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf etməsini arzulayırıq”.
Sonda Paşinyan İrəvan və Ankara arasında normallaşma prosesinin qətiyyətlə irəlilədiyini, İran və Gürcüstanla münasibətlərin isə Ermənistan üçün “müstəsna əhəmiyyət” daşıdığını xüsusi vurğulayıb.
Turqut