NATO: İranın istənilən təhdidinə cavab verməyə hazırıq
20 Avqust 2026
NATO İrandan Avropadakı ABŞ hərbi obyektlərinə zərbələr endiriləcəyi təqdirdə üzv ölkələrinə yönələn təhdidlərə cavab verməyə hazırdır.
"Report" xəbər verir ki, bu barədə NATO-nun nümayəndəsi CNN-ə bildirib.
"NATO istənilən təhdidə qarşı durmağa hazırdır və müttəfiqləri qorumaq üçün bütün zəruri tədbirləri görəcək", - o qeyd edib.
Bu açıqlamalar "Financial Times" qəzetinin İrana yaxın mənbələrə istinadən Tehranın Vaşinqtonun müharibəni genişləndirməsi halında Avropadakı ABŞ hərbi obyektlərinə hücum ehtimalını nəzərdən keçirdiyini bildirməsindən sonra səsləndirilib.
Şimali Atlantika Müqaviləsinin 5-ci maddəsində təsbit edilmiş kollektiv müdafiə prinsipinə əsasən, alyans üzvlərindən birinə edilən hücum hamıya edilmiş hücum kimi qiymətləndirilir. Bu günə qədər bu maddə yalnız bir dəfə - 2001-ci il sentyabrın 11-də ABŞ-də baş vermiş terror aktlarından sonra həyata keçirilib.