MKİ direktorunun Rusiyaya səfərinin nəsə nəticəsi ola bilər
27 Avqust 2026
ABŞ prezidenti Donald Tramp deyir ki, Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) direktoru Con Retkliffin Rusiyaya səfərinin müəyyən nəticələri ola bilər. Prezident avqustun 26-da “Glenn Beck Program” verilişinə müsahibə verib.
Kremlin mətbuat katibi Dmitri Peskov isə “Washington Post” qəzetinə deyib ki, MKİ rəhbəri Moskvaya “xüsusi xidmətlər arasında əlaqə yaratmaq” üçün gedib.
Peskov TASS agentliyinə bildirib ki, MKİ direktorunun Rusiya Prezidenti Vladimir Putinlə görüşü planlaşdırılmayıb.
“Washington Post” yazır ki, Peskov bir gün əvvəl Moskvanın Vnukovo hava limanına gələn ABŞ hərbi təyyarələri barədə Kremldə məlumat olmadığını bildirmişdi.
Avqustun 25-də CBS və Axios adı açıqlanmayan mənbələrə istinadla Retkliffin Moskvaya öncədən elan olunmamış səfəri barədə məlumat yayıb. “Axios”un jurnalisti Barak Ravid yazıb ki, Retkliffin səfəri zamanı ABŞ hakimiyyəti Ukraynadan Rusiya ərazisinə zərbələri dayandırmağı xahiş edib.
“The Wall Street Journal” Retkliffin səfərinin bir neçə mümkün səbəbini göstərib. Bunlar Rusiyada ehtimal olunan səfərbərlik, Ukraynanın Rusiyaya hücumlarını intensivləşdirməsi, İranla müharibə və ya Moskvanın NATO ölkələrinə qarşı mümkün təxribatı ola bilər.
Kremlin müxbirləri qrupuna daxil olan jurnalist Aleksandr Yunaşevin ehtimalına görə, Rusiya prezidentinin iş qrafiki məhz Retkliffin səfərinə görə dəyişdirilib. Onun sözlərinə görə, avqustun 25-nə “çox genişmiqyaslı tədbir” planlaşdırılmışdı, MKİ direktorunun səfərindən bir neçə gün əvvəl həmin tədbir başqa vaxta keçirilib.
MKİ direktoru Moskvaya qəfil səfər edib
Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) direktoru Con Retkliff avqustun 25-də Moskvaya qəfil səfər edib. Xəbəri ABŞ rəsmiləri AzadlıqRadiosuna təsdiqləyiblər, amma onun kimlərlə görüşdüyünü açıqlamayıblar.
MKİ və Ağ Ev də məsələ ilə açıqlama verməyib.
Bu qəfil səfər ABŞ kəşfiyyat qurumunun rəhbərinin Rusiyaya niyə şəxsən getməsi ilə bağlı suallar doğurub. Bundan əvvəl MKİ rəhbəri Uilyam Börnsün Rusiyaya getdiyi bəllidir. O, 2021-ci ilin noyabrında, Vladimir Putin Ukraynaya qarşı genişmiqyaslı işğala başlayandan üç ay əvvəl Rusiya prezidenti ilə görüşüb.
Hazırda Rusiyanın işğalçı müharibəsini bitirmək üçün Vaşinqtonun səyləri dalana dirənib. Digər yandan Moskvanın Tehranla münasibətləri ilə bağlı gərginlik var.
ABŞ-də yerləşən Saratoqa Fondunun sədri, Rusiya üzrə ekspert Qlen Hovard AzadlıqRadiosuna bildirib ki, səfərin xarakteri məsələnin ciddi olduğunu göstərir.
“MKİ direktorları nəsə istəmək niyyətləri olmayanda Moskvaya getmirlər”, – Hovard deyib. Onun sözlərinə görə, məsələ mühüm olmadıqca onlar “Rusiyaya qədər gedib çıxmırlar”.
“Börns 2021-ci ilin noyabrında, Rusiyanın işğalından əvvəl ora getmişdi ki, onları Ukraynaya hücum etməməyə çağırsın”, – o bildirib.
ABŞ kəşfiyyatının yüksək vəzifəli rəsmiləri müharibə dövründə rusiyalı həmkarları ilə əlaqələri davam etdirirlər. Amma bu səviyyədə üzbəüz görüşlər nadir hallarda keçirilir.
Ukrayna və İran
Səfərin mümkün səbəblərindən biri Ukrayna ola bilər. Prezident Donald Trampın 2025-ci ilin avqustunda Alyaskada Putinlə keçirdiyi sammitə baxmayaraq, ABŞ-nin vasitəçiliyi ilə aparılan səylər dalana dirənib.
“Ümid etmək istərdim ki, onun siyahısının başında Vladimir Putin qarşısında Ukraynadakı bu açıq təcavüz müharibəsini dayandırmaqla bağlı barədə tələb dayanır”, – Vaşinqtonda yerləşən Demokratiyaları Müdafiə Fondunun Hərbi və Siyasi Güc Mərkəzinin baş direktoru Bredli Bouman AzadlıqRadiosuna bildirib.
Bouman səfər zamanı Rusiyanın İrana dəstəyinin də müzakirə oluna biləcəyini deyir.
“Ümid edirəm ki, o, Vladimir Putinə İranın peyklər buraxmasına yardım göstərməyi dayandırmağın vacib olduğunu da deyir”, – Bouman bildirib.
Hovardın da fikrincə, İran məsələsi Retkliffin missiyasının mərkəzində dayana bilər. Amma bunu özünün şəxsi ehtimalı da adlandırır. Hovardın fikrincə, Retkliff Moskvanı İrana silah və ya digər yardım verməyi dayandırmağa razı salmağa çalışa, bu səfər Kremlə qeyri-adi dərəcədə birbaşa xəbərdarlıq ola bilər.