Meta uşaqlarla bağlı məhkəmə iddialarına görə 18 milyard dollar ödəyəcək
28 Avqust 2026
“Meta Platforms” uşaqlarda sosial media asılılığı ilə bağlı ABŞ-də qaldırılmış məhkəmə iddialarının həlli üçün qarşıdakı on il ərzində 18 milyard dollar ödəyəcək. Şirkət yeniyetmələrin Facebook və Instagram-dan istifadəsinə ciddi məhdudiyyətlər qoyacaq. Bu barədə ABŞ ştatlarının demək olar ki, hamısı ilə razılaşma əldə olunub. Ştatlar "Meta"nı bu platformaları uşaqlarda asılılıq yaratmaq məqsədilə hazırlamaqda ittiham edirdi.
Razılaşma avqustun 26-da açıqlanıb. “Reuters” yazır ki, "Meta"nın fəaliyyətində köklü dəyişiklik edilməyəcək. Amma bu razılaşmalar şirkətin azyaşlı və yeniyetmə istifadəçilərə xidmətinə təsir göstərmək cəhdidir.
Bu razılaşma sosial media şirkətlərinə qarşı minlərlə məhkəmə iddiasının həlli üçün nümunə ola bilər. Dünyanın müxtəlif ölkələri uşaqların zərərli onlayn məzmuna çıxışını məhdudlaşdırmağa çalışır. Avstraliyada 16 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsi qadağan edilib.
Meta qarşıdakı on il ərzində yeniyetmələrin Facebook və Instagram-dan istifadəsini gündə iki saata salmağa razılaşıb. Valideynlərin razılığı olmayanda isə gecə saat 12-dən səhər 6-dək bu platformalardan istifadə tam bloklanacaq.
Snapchat, TikTok və YouTube da oxşar qaydalar tətbiq edərsə, bu məhdudiyyətlər daha da sərtləşdirilə bilər. Meta dərs saatlarında yeniyetmə istifadəçilərə göndərilən ani bildirişləri əsasən deaktiv edəcək.
Meta razılaşmanı qəbul etsə də, hər hansı qanun pozuntusuna yol vermədiyini bildirib. Ödəniləcək məbləğ şirkətin təxminən üç-dörd aylıq mənfəətinə və bir aylıq gəlirinə bərabərdir.