Merts: "Rusiyanın dondurulmuş aktivləri Avropada qalmalıdır"
16 Oktyabr 2026
Almaniya kansleri Fridrix Merts oktyabrın 15-də bildirib ki, Rusiyanın Ukraynaya müdaxiləsindən sonra Avropada dondurulmuş milyardlarla avroluq aktivləri elə Avropanın da nəzarətində qalmalıdır. Bu açıqlamadan öncə ABŞ-nin bu aktivlərin bir hissəsini öz nəzarətinə götürmək istəməsi barədə məlumatlar yayılmışdı.
"Bunlar Avropada dondurulmuş aktivlərdir və Avropada da dondurulmuş olaraq qalmalıdır. Bu, bizim işimizdir və qərarı da biz veririk", – deyə Merts Brüsseldə keçirilən Avropa İttifaqı sammiti ərəfəsində bəyan edib.
"The Financial Times" qəzeti oktyabrın 15-də məsələdən xəbərdar olan mənbələrə istinadən yazıb ki, ABŞ sülh danışıqlarını canlandırmaq məqsədilə aktivlərin bir hissəsinin Vaşinqtonun nəzarətindəki xüsusi bir struktura köçürülməsini təklif edib.
Qəzetin yazdığına görə, bu planı ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoff və Donald Trampın kürəkəni Cared Kuşner irəli sürüb, amma Avropa təmsilçiləri onu rədd ediblər.
"Reuters" agentliyi bu məlumatı müstəqil şəkildə təsdiqləyə bilmədiyini vurğulayır.
Kremlin sözçüsü Dmitri Peskov isə Rusiyanın belə bir təklifdən xəbərsiz olduğunu bildirib.
Rusiyanın 2022-ci ilin fevralında Ukraynaya müdaxiləsindən sonra Avropa İttifaqı Rusiya Mərkəzi Bankının təxminən 210 milyard avro (235.73 milyard dollar) dəyərindəki aktivlərini dondurub. Həmin vəsaitin təxminən 185 milyard avrosu Brüsseldə yerləşən "Euroclear" mərkəzi qiymətli kağızlar depozitarında saxlanılır.
Avropanın bəzi ölkələri Rusiyanın dondurulmuş aktivlərindən Ukraynanın xeyrinə istifadə olunmasını dəstəkləyir.