Sinəsinə "Georgi lenti" taxdıqdan sonra həbs olunan Saleh Səmədova hökm oxundu
16 Oktyabr 2026
İmişli rayon Ağsaqqallar Şurasının keçmiş sədri Saleh Səmədov 8 il azadlıqdan məhrum edilib. O, ötən il mayın 9-da — faşizm üzərində Qələbə günü münasibətilə tədbirin SSRİ bayrağı altında keçirilməsi və sinəsinə "Georgi lenti" taxmasından sonra vəzifədən çıxarılmış, ardından isə həbs edilmişdi. Oktyabrın 15-də Bakı Ağır Cinayətlər Məhkəməsində ona hökm oxunub.
Hökmə əsasən, S.Səmədov külli miqdarda mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirli bilinib. Ona qarşı irəli sürülən ittihamda 200 min manatlıq yeyintidən bəhs olunur.
64 yaşlı Səmədov məhkəmədə verdiyi ifadəsində özünü qismən təqsirli bildiyini söyləyib. Bildirib ki, ittihamda yeyinti kimi təqdim olunan vəsaitləri özü mənimsəməyib, həmin vəsaitlər abadlıq işləri və digər bu kimi məsələlərə sərf olunub.
Oktyabrın 15-də hökmdən öncəki son sözündə də hakimlərdən ədalətli hökm çıxarılmasını istəyib.
Vurulan ziyanın yarısı qədər də dövlətə əlavə pul cərimə ödənilib
Vəkili isə vurğulayıb ki, mənimsəmə ittihamı üzrə göstərilən məbləği S.Səmədovun ailə üzvləri tam şəkildə ödəyib. Üstəlik, vurulmuş ziyanın 50 faizi qədər dövlət nəfinə də əlavə pul köçürülüb. Bu üzdən müdafiəçi Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israfetmə) maddəsi ilə ittihama xitam verilməsini istəyib.
Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddəsi ilə verilən ittihama gəlincə, vəkil xahiş edib ki, bu maddə üzrə təyin olunacaq cəza Səmədovun həbsdə qaldığı müddətlə hesablansın və müvəkkili azadlığa buraxılsın.
Prokuror S.Səmədova 9 il həbs cəzası verilməsini təklif etmişdi. Onun oğlunun ziyanı tam ödəməsindən sonra məhkəmə istintaqı yenilənsə də, prokurorun mövqeyi dəyişməz qalıb. Dövlət ittihamçısı oktyabrın 15-də yenə də eyni cəza təklifi ilə çıxış edib.
Bu işdə 200 min manatlıq ziyanın 44 mini istintaq vaxtı, qalanı isə məhkəmə prosesi getdiyi dövrdə ödənilib.
Qanuna görə, dələduzluq və mənimsəmə kimi cinayətlərdə vurulmuş ziyan tam ödənildikdən sonra onun 50 faizi qədər dövlət nəfinə əlavə pul köçürülərsə, məhkəmə həmin ittihama xitam verə bilər. Elə bu səbəbdən də Səmədovun oğlu ziyanın 50 faizi qədər əlavə ödəniş etmişdi.
Xatırlatma
S.Səmədov ötən il mayın 13-də İmişli rayon Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad edilib, ardınca Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs olunub.
O, həbsindən əvvəl yerli mediaya açıqlamasında demişdi ki, faşizm üzərində qələbənin 80 illiyi ilə bağlı tədbir zamanı meydanda başqa bayraqlar da olub: "Azərbaycan bayrağı bizim hər zaman başımızın üstündədir".
"Georgi lenti" Rusiyada imperiya simvollarından sayılır. Ukraynada, Baltik ölkələrində rəsmən qadağan edilib. Azərbaycanda isə kommunizmin və SSRİ simvollarının təbliğinə qanunla qadağa nəzərdə tutulmayıb.
Azərbaycan Ağsaqqallar Şurası SSRİ dönəmində, 1989-cu ildə təsis edilib, bir il sonra dövlət qeydiyyatından keçərək rəsmi fəaliyyətə başlayıb. Qurum Azərbaycan müstəqilliyinə qovuşduqdan sonra da fəaliyyətini davam etdirib.
Azərbaycan Xalq Cümhuriyyəti (AXC) Rusiyanın silahlı müdaxiləsi ilə 1920-ci ildə işğal edilib. 1922-ci ildə SSRİ yaradılıb və Azərbaycan sovet sosialist respublikası kimi ora daxil edilib. Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa edib.