Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ukrayna yenidən Rusiyanın enerji obyektlərinə hücuma keçdi

Ukrayna Silahlı Qüvvələri oktyabrın 15-nə keçən gecə Rusiyanın Ryazan şəhərində yerləşən neft emalı zavoduna (NEZ) hücum edib. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, obyektə doğru hərəkət edən dörd uzaqmənzilli "Flaminqo" qanadlı raketi və təyyarə tipli 69 pilotsuz uçuş aparatı (PUA) vurulub. Vurulan PUA-ların qalıqlarının zavodun ərazisinə düşməsi nəticəsində yanğın başlayıb.

Bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti "Telegram" kanalında məlumat yayıb.

Nazirliyin məlumatına görə, hücum saat 04:00-dan 07:00-dək (Bakı vaxtı ilə 05:00-dan 08:00-dək) davam edib. Hava hədəflərinin məhv edilməsinə zenit-raket qoşunları, qırıcı və ordu aviasiyası, eləcə də mobil atəş qrupları cəlb olunub.

Ryazan vilayətinin qubernatoru Pavel Malkovun bildirdiyinə görə, hadisə nəticəsində xəsarət alan olmayıb. Neft emalı zavodundakı yanğınla yanaşı, hücum zamanı başqa bir müəssisənin ərazisindəki anbar və avtomobillər də zədələnib. Ryazanın məktəb və uşaq bağçalarında dərslər ləğv olunub.

Ukrayna Prezidenti Volodimir Zelenski isə "Financial Times" qəzetinə müsahibəsində Ukrayna ordusunun Rusiyanın neft emalı zavodlarına zərbələri bərpa etdiyini bildirib.

Onun sözlərinə görə, Ukrayna ABŞ-nin xahişini nəzərə alaraq üç gün ərzində Rusiyanın enerji obyektlərinə hücum etməyib. Lakin buna baxmayaraq, Rusiya Ukraynanın enerji infrastrukturunu vurmaqda davam edib.