Fransa-Azərbaycan gərginliyi yenidən qızışır?
16 Oktyabr 2026
Mənbə: Azadlıq Radiosu
Fransa Azərbaycanı Yeni Kaledoniyada siyasi gərginliyi qızışdırmaqda ittiham edir. Rəsmi Bakı isə bu iddiaları rədd edərək Parisin öz siyasətində demokratiya və insan hüquqları prinsiplərini rəhbər tutmalı olduğunu bildirir. Bu həftə böyüyən mübahisə bir sualı yenidən gündəmə gətirir: Azərbaycan başqa ölkələrin onun daxili işlərinə qarışmasına qarşı çıxdığı halda, Fransadakı müstəqillik hərəkatlarını necə dəstəkləyir?
Nazirliklər səviyyəsində qarşılıqlı söz savaşı
Fransanın xarici işlər naziri Jan-Noel Barro oktyabrın 13-də Parisdəki Qlobal Forumda çıxış edərkən Azərbaycanla bağlı bir qrupu Yeni Kaledoniyada üsyana çağırışlar yaymaqda və Fransanın daxili işlərinə müdaxilədə günahlandırıb. Nazir qrupun adını çəkməyib. Bu ittihamlar Fransada 2027-ci il prezident seçkisi ərəfəsində demokratik təsisatları zəiflətməyə yönəlmiş xarici müdaxilə təhlükəsi barədə geniş çıxış zamanı səslənib.
Oktyabrın 14-də Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Ayxan Hacızadə bu ittihamları "əsassız" adlandırıb. Onun sözlərinə görə, Parisin mövqeyi Fransa hakimiyyətinin Azərbaycanla münasibətlərdə qarşıdurma ritorikasından əl çəkmədiyini göstərir. Bakı hesab edir ki, Yeni Kaledoniyada və Fransanın digər dənizaşırı ərazilərindəki siyasi prosesləri xarici müdaxilə kimi təqdim etmək yerli əhalinin iradəsini və narazılıqlarını kölgədə qoyur. XİN Fransanı suveren bərabərlik və daxili işlərə qarışmamaq prinsiplərinə hörmət etməyə çağırıb.
Qarabağdan Yeni Kaledoniyaya
Azərbaycanla Fransa arasında münasibətlər Qarabağ münaqişəsi ətrafında tərəflərin fərqli mövqeləri səbəbindən, xüsusilə 2020-ci il müharibəsindən və Azərbaycanın 2023-cü ilin sentyabrında öz suverenliyini tam bərpa etməsindən sonra pisləşib. Paris Ermənistanın təhlükəsizliyi və Qarabağ ermənilərinin hüquqları məsələlərini önə çəkir. Bakı isə Fransanı münaqişədə qərəzli mövqe tutmaqda və Ermənistana hərbi dəstək verməklə regiondakı qüvvələr balansına mənfi təsir göstərməkdə ittiham edir. Fransa bu mövqeyini beynəlxalq hüququn və Ermənistanın təhlükəsizliyinin müdafiəsi ilə əsaslandırır.
Azərbaycanla Fransa arasında gərginliyin əsas mövzularından biri Yeni Kaledoniya olub. 2024-cü ilin mayında Fransanın seçki qaydalarını dəyişdirmək təşəbbüsündən sonra Sakit okeandakı bu ərazidə kütləvi etirazlar və zorakılıqlar baş verib. Yerli kanak xalqı müstəqillik tələb edir, Fransa isə ərazi üzərində nəzarətini qorumağa çalışır. Azərbaycanla əlaqəli Bakı Təşəbbüs Qrupu Fransanın dənizaşırı ərazilərindəki müstəqillik hərəkatlarını dəstəkləyir. Bakı bunu dekolonizasiya və xalqların öz müqəddəratını təyin etmək hüququ ilə əsaslandırır. Paris isə Azərbaycanı həmin ərazilərin daxili işlərinə müdaxilədə ittiham edir.
Siyasi şərhçi, "III Respublika" Platformasının qurucu heyət üzvü Araz Əliyev hesab edir ki, Azərbaycanla Fransa arasında bugünkü gərginliyin kökündə 2020-ci il müharibəsi zamanı və ondan sonra Parisin Ermənistanla bağlı tutduğu mövqe dayanır. Onun sözlərinə görə, Fransa ilə Ermənistanın sonrakı illərdə də yaxınlaşması Azərbaycan hakimiyyətinin narahatlığına səbəb olub. Şərhçi Bakı Təşəbbüs Qrupunun yaradılmasını, Fransanın dənizaşırı əraziləri ilə bağlı məsələlərin gündəmə gətirilməsini və bu mövzuda konfransların keçirilməsini də həmin siyasətlə əlaqələndirir. O, Fransanın ATƏT-in Minsk qrupunun həmsədri olduğu dövrdə də Azərbaycan hakimiyyəti tərəfindən açıq şəkildə hədəfə alındığını xatırladır: "Səfirlərin dəyişməsinin münasibətlərdə yumşalma yaradacağı gözlənilirdi. Amma hələ ki, bu istiqamətdə bir yumşalma görünmür və qarşıdurma bu və ya digər formada davam edir".
Ötən ilin oktyabrında prezident İlham Əliyev Fransanın Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Sofi Laqutun etimadnaməsini qəbul edərkən Azərbaycanla Fransa arasında anlaşılmazlığa səbəb olan məsələlərin keçmişdə qaldığını deyirdi.
Brüssellə münasibətlərdə soyuqluq
Fransa ilə gərginlik fonunda Belçika ilə münasibətlərdə də fikir ayrılıqları dərinləşib. Belçika parlamenti 2025-ci il iyulun 17-də Azərbaycanla bağlı tənqidi qətnamə qəbul edib. 2026-cı il aprelin 16-da isə Belçika və Niderland parlamentləri Azərbaycan-Ermənistan sülh prosesi ilə bağlı yeni qətnamələr qəbul ediblər. Azərbaycan Milli Məclisi bu sənədləri "birtərəfli" və "qərəzli" adlandıraraq onların sülh prosesinə zərər vurduğunu bildirib. Sonradan Azərbaycan XİN Belçika və Niderlandın diplomatik nümayəndələrini nazirliyə çağıraraq qətnamələrə kəskin protest bildirib. Mayın 1-də isə Milli Məclis Avropa Parlamentinin Azərbaycanla bağlı qətnaməsinə cavab olaraq bu qurumla əməkdaşlığı dayandırıb.
Təhlilçi A.Əliyev Belçika ilə gərginliyi də Ermənistanla yaxınlıqla əlaqələndirir. Şərhçinin sözlərinə görə, Avropa Parlamentində Azərbaycan hakimiyyəti tənqid olunanda Bakı Fransa, Belçika və digər Avropa ölkələrinə qarşı sərt bəyanatlarla çıxış edir. O, Niderlandla bağlı da oxşar açıqlamaların verilə biləcəyini istisna etmir.
"Azərbaycana qarşı sistematik hücumlar"
Cənubi Qafqaz Tədqiqat Mərkəzinin rəhbəri Fərhad Məmmədov Fransa, Belçika, Niderland və Lüksemburqla münasibətlərdəki gərginliyin haqlı səbəblərə dayandığı düşüncəsindədir və bu ölkələrin Azərbaycana qarşı sistematik hücumlar apardığını bildirir: "Həmin ölkələrin parlamentlərində "Dağlıq Qarabağ Respublikası"nın tanınması ilə bağlı qətnamələrin qəbul edilməsi əsas səbəblərdəndir və bugünə qədər də o qətnamələr qüvvədədir. Digər tərəfdən, Qarabağ erməniləri ilə bağlı Azərbaycan istiqamətində əsassız ittihamlar səsləndirilir, daim əleyhimizə iş aparılır".
F.Məmmədov Fransa və Niderlandın müstəmləkə siyasətinin beynəlxalq səviyyədə tənqid olunmasını Bakı Təşəbbüs Qrupunun fəaliyyəti ilə əlaqələndirir. Onun sözlərinə görə, Azərbaycanda yaradılan və geniş beynəlxalq şəbəkəyə malik olan QHT-nin fəaliyyətini Fransa tərəfi Azərbaycan hakimiyyəti ilə əlaqələndirməyə çalışır. Məmmədov isə Azərbaycanın bu ölkələrin müstəmləkə siyasətini beynəlxalq arenada tənqid etməsini legitim sayır: "Bu, bizim haqqımızdır və öz haqqımızdan istifadə edirik".
Daxili işlərə qarışmama prinsipi
Azərbaycan hakimiyyəti xaricdən, xüsusilə insan haqlarının durumu ilə bağlı gələn tənqidləri tez-tez ölkənin daxili işlərinə müdaxilə kimi təqdim edir. Hakimiyyətyönlü siyasətçilər bu mövqeyi Qərbin ikili standartları ilə əsaslandırır, Avropanın Qarabağ münaqişəsi zamanı azərbaycanlıların hüquqlarına kifayət qədər diqqət göstərmədiyini vurğulayırlar.
Digər tərəfdən, Bakı Fransanın Yeni Kaledoniya və digər dənizaşırı ərazilərindəki müstəqillik hərəkatlarına dəstək verir və bu addımı xalqların öz müqəddəratını təyinetmə hüququ ilə əsaslandırır. Prezident Əliyev də 2026-cı ilin iyulunda bu ərazilərin azad olmasını istədiyini deyib. Bəs Azərbaycan başqa ölkələrdəki siyasi və insan hüquqları məsələlərini universal prinsiplərlə əsaslandırdığı halda, öz daxilindəki hüquq pozuntularına dair beynəlxalq tənqidləri niyə avtomatik olaraq müdaxilə sayır?
Bu ziddiyyəti şərh edən A.Əliyevə görə, Bakı Təşəbbüs Qrupunun yaradılması və Azərbaycanın Korsikada çəkilişlər aparması da Fransanın daxili işlərinə müdaxilə kimi qiymətləndirilə bilər: "Amma Azərbaycan kontekstindən qiymətləndirəndə bu, cavab xarakterli addımdır".
2024-cü ildə X sosial şəbəkəsi Yeni Azərbaycan Partiyası (YAP) üzvlərinin onlarla hesabını qaydaları pozduğuna görə bağlamışdı. Fransa Bakını Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaq məqsədilə kampaniya aparmaqda günahlandırırdı. Həmin hesabların birinin sahibinin vaxtilə prezident Əliyev tərəfindən mükafatlandırıldığı üzə çıxmışdı. Təhlilçilər bunu məhz hakimiyyətin Fransaya qarşı güc nümayişi niyyəti güdməsi ilə əlaqələndirirdilər.
Bu ilin sentyabrında İ.Əliyevin əfv etdiyi 19 məhbus arasında Fransa vətəndaşı Rayan Martin Riçard da var idi. Bəzi müşahidəçilərin "Fransa ilə Azərbaycan arasında siyasi alverin sübutu" adlandırdığı bu əfvdən sonra iki ölkənin xarici işlər naziri BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində görüşərək ikitərəfli gündəliyi nəzərdən keçirmişdilər.