13 hərbçini qətlə yetirən psixiatr canlı yayımda edam ediləcək?
16 Oktyabr 2026
ABŞ Prezidenti Donald Tramp hərbçiləri kütləvi şəkildə qətlə yetirən psixiatr Nidal Hasanın güllələnmə cəzasının canlı efirdə yayımlanmayacağını açıqlayıb.
Ağ Ev rəhbəri bu barədə “Truth Social” sosial şəbəkəsindəki hesabında məlumat paylaşıb.
“O (Hasan – red.), planlaşdırıldığı kimi güllələnmə yolu ilə edam ediləcək, lakin bu hadisənin canlı yayımı olmayacaq”, – deyə Tramp qeyd edib.
Ölkə rəhbəri əlavə edib ki, bir çox “yaxşı insan” edamın efirdə göstərilməsinin əleyhinə çıxış edib. Bir gün əvvəl CNN telekanalı mənbələrə istinadən Trampın və onun müşavirlərinin canlı yayımdan imtina etmək imkanını müzakirə etdiklərini bildirmişdi.
Xatırladaq ki, ABŞ ordusunun mayoru olan psixiatr Nidal Malik Hasan 2009-cu ilin noyabrın 5-də “Fort-Hood” hərbi bazasında İraq və Əfqanıstandakı hərbi əməliyyatlara “qisas” adı altında 13 hərbçini öldürmüş, 32 nəfəri isə yaralamışdı. 2013-cü ildə ölüm cəzasına məhkum edilən Hasan hazırda Kanzas ştatının Levenuort həbsxanasında hökmün icrasını gözləyir.
Dekabrın 3-də “Fort-Hood” bazasında keçirilməsi nəzərdə tutulan edam ABŞ ordusunda İkinci Dünya müharibəsindən bəri ilk, həmçinin 65 yaşdan yuxarı hərbçiyə tətbiq olunan ilk ölüm hökmü kimi tarixə düşəcək.

