Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbərinin Moskvaya gözlənilməz səfəri - Retkliff nə deyib?
26 Avqust 2026
Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Retkliff Rusiyaya gözlənilməz səfəri çərçivəsində keçirdiyi görüşlər zamanı Moskvanı NATO ölkələri ilə mümkün eskalasiyaya yol verməmək barədə xəbərdar etmiş ola bilər.
Bu ehtimalı "The Wall Street Journal" irəli sürüb.
Bildirilir ki, Retkliff Rusiya rəsmiləri ilə görüşdə Rusiya-Ukrayna müharibəsinin başa çatdırılması, İran ətrafındakı münaqişə məsələlərini müzakirə edib, həmçinin Rusiyada mümkün səfərbərliklə bağlı ABŞ kəşfiyyatının əldə etdiyi məlumatları çatdırıb.
WSJ-nin məlumatına görə, ABŞ kəşfiyyatı Rusiyanın ölkənin bir neçə regionunda, o cümlədən Kalininqrad vilayətində, Ukraynada müharibəni davam etdirmək məqsədilə hərbi səfərbərliyə hazırlıq apardığına dair məlumatlar toplayıb. Bununla Moskvanın Şimali Atlantika Alyansının reaksiyasını sınadığı ehtimal olunur.
"İddiaya görə, o, Moskvanı təxribatlardan çəkinməyə çağırıb və NATO-nun qətiyyətli cavaba hazır olduğunu bildirib", – deyə nəşr mənbəyə istinadən yazıb.
19:12
ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Retkliff Rusiya rəsmiləri ilə görüşmək məqsədilə Moskvada səfərdədir.
Bu barədə "CBS News"a mənbələr bildirib.
Səfər barədə məlumat Moskva hava limanlarının birində ABŞ Hərbi Hava Qüvvələrinə məxsus "Boeing C-17A Globemaster III" hərbi-nəqliyyat təyyarəsinin, eləcə də amerikalı diplomatların kortejinin müşahidə edilməsindən sonra yayılıb.
Hələlik Moskva ilə Vaşinqton Rusiyada olan amerikalı rəsminin kimliyini və səfərin məqsədlərini şərh etməyib. MKİ də heç bir şərh verməyib.
"CBS News"un məlumatına görə, bu, Retkliffin MKİ direktoru təyin edildikdən sonra Rusiyaya ilk məlum səfəridir. Retkliffin Rusiya kəşfiyyatının rəhbərləri ilə əlaqə saxladığı da bildirilib.