Logo
news content
User
Kateqoriyalar

Xəbər

Melanoma əleyhinə peyvənd xərçəng xəstəliyinin müalicəsi üçün yeni yol aça bilər

"Merck" və "Moderna" şirkətlərinin fərdiləşdirilmiş melanoma əleyhinə peyvəndi hazırlığındakı uğuru xərçəng xəstəliyinin müalicəsi üçün yeni istiqamət aça bilər.

CNN xəbər verir ki, peyvənd hər bir xəstəyə uyğunlaşdırılıb, immun sistemini xərçəng hüceyrələrini tanımaq və hücum etmək üçün öyrədir.

Bütün bədənə təsir edən kimyəvi terapiyadan və immun sistemini bütövlükdə aktivləşdirən immunoterapiyadan fərqli olaraq, fərdiləşdirilmiş peyvənd birbaşa şiş hüceyrələrini hədəf alır.

Melanoma ilə yanaşı, "Merck" və "Moderna" kiçik hüceyrəli olmayan ağciyər xərçəngi, eləcə də sidik kisəsi, böyrək, mədəaltı vəzi və mədə xərçəngi üçün oxşar peyvəndlərin klinik sınaqlarını aparırlar.

"Roche" və "BioNTech" də oxşar inkişaflar aparırlar. Onlar şişlərin cərrahi yolla çıxarılmasından sonra yoğun bağırsaq və mədəaltı vəzi xərçəngində mRNT terapiyasını sınaqdan keçirirlər. Sınaqların nəticələri müvafiq olaraq 2027 və 2031-ci illərdə gözlənilir.

"Merck" və "Moderna" əvvəllər peyvəndlərinin əməliyyatdan sonra yüksək residiv riski olan 1 000-dən çox xəstədə melanoma residivi və yayılma riskini azaltdığını bildirmişdilər.

"Moderna" təsdiqləndikdən sonra dərmanın istifadəsinin ilk bir neçə ili ərzində minlərlə melanoma xəstəsinə kömək edə biləcəyini gözləyir.