Logo
news content
User
Kateqoriyalar

Xəbər

Meksikada balıqçı 100 metr dərinlikdəki sualtı mağarada 15 gün sonra sağ tapıldı - VİDEO

Meksikada itkin düşmüş 31 yaşlı balıqçı Erasto Krisanto Valdes 15 gündən sonra sualtı mağaradan sağ olaraq xilas edilib. Həmin şəxs 100 metrdən daha dərin bir məsafədə yerləşən hava boşluğunda tapılıb.

Bu barədə "Daily Mail" nəşri məlumat yayıb.

Valdes iyulun 23-də San-Fransisko-La-Pas bölgəsindəki təbii karst boşluğu olan senotda (su dolu mağara) atası ilə balıq tutarkən yoxa çıxmışdı. Kişinin özünün dediyinə görə, o, suyun altında balığın arxasınca gedib, lakin geri qayıdarkən çıxış yolunu tapa bilməyib.

Atası əvvəlcə oğlunu təkbaşına axtarmağa cəhd edib, daha sonra yerli sakinlər və xilasedicilər axtarışlara qoşulublar. Altı gün sonra təxminən 65 metr dərinlikdə itkin düşən şəxsə məxsus qarpun tapılıb.

Axtarış əməliyyatı Meksika, ABŞ, Almaniya və Dominikan Respublikasından olan mütəxəssislərin iştirakı ilə davam etdirilib. Avqustun 7-də, hadisədən 15 gün sonra tədqiqatçılar suyun 100 metr dərinliyində yerləşən hava boşluğu olan mağaraya daxil olaraq Valdesi orada sağ tapıblar.

"Biz onun cəsədini tapmağı düşünürdük. Lakin Tanrının başqa planları var imiş", - deyə əməliyyatda iştirak edən meksikalı tədqiqatçı Karlos Ximenes xilasetmə prosesini möcüzə adlandıraraq bildirib.

Kişi xərəklə sudan çıxarılaraq xəstəxanaya çatdırılıb. İki həftə qidasız qaldıqdan sonra ona kəskin susuzlaşma və taqətdən düşmə diaqnozu qoyulub. Xilas edildikdən sonra Valdes uşaqlarını və ailəsini yenidən görmək imkanına görə minnətdarlığını bildirib.