Logo
news content
User
Kateqoriyalar

Xəbər

Lukaşenko daha 15 məhbusu azad edib

Sentyabrın 24-də Belarus prezidenti Aleksandr Lukaşenko daha 15 məhbusu əfv edib. Bu qərar ötən həftə ABŞ prezidenti Donald Trampın xüsusi elçisi ilə danışıqlardan sonra verilib.

Trampın təmsilçisi Con Koul bir ildən çoxdur Lukaşenko ilə danışıqlar aparır. Bu müddətdə müxalifət xadimləri, fəallar, jurnalistlər, vəkillər daxil olmaqla yüzlərlə məhbus azad edilib, Vaşinqton isə bəzi sanksiyaları qaldırıb.

“Vyasna” hüquq müdafiə təşkilatının məlumatına görə, ölkədə hələ də 883 siyasi məhbus var. Onlar ekstremist fəaliyyət, nifrətə təhrik və prezidentin təhqir edilməsi kimi ittihamlarla məhkum olunublar.

Lukaşenko administrasiyası bildirir ki, yeni əfv olunan 15 nəfərin 10-u qadındır, 13-ü isə “ekstremist xarakterli cinayətlər törədib”. Administrasiya onların əfv xahişi ilə müraciət etdiklərini, peşman olduqlarını bildirib.

C.Koul ötən həftə 25 nəfərin azadlığa buraxılmasına nail olub. AzadlıqRadiosuna müsahibəsində demişdi ki, yaxın gələcəkdə daha 100-dən çox insan azad edilə bilər.

“Reuters” təhlilçilərə istinadla yazır ki, Lukaşenko danışıqlarda daha sərt mövqe tutur. Səbəb isə ABŞ-nin bəzi sanksiyaları, xüsusilə Belarus üçün mühüm ixrac gəliri mənbəyi olan kalium gübrəsinə məhdudiyyətləri aradan qaldırmasına baxmayaraq, Avropa İttifaqının eyni addımı atmamasıdır.

Lukaşenko həmçinin, onun sözlərinə görə, “Citibank”da bloklanmış 43-44 milyon dollarlıq Belarus vəsaitinin sərbəst buraxılmasını tələb edib. Koul ötən həftə bu məsələ ilə məşğul olacağına söz verib. “Citibank” məsələni şərh etməkdən imtina edib.