Logo
news content
User
Kateqoriyalar

Xəbər

İrəvan artıq Moskva ilə münasibətləri "strateji" saymır

Ermənistan hökumətinin avqustun 21-də təsdiqlədiyi siyasət proqramında Rusiya ilə münasibətlər “strateji” adlandırılmır. Əvəzində hökumət ABŞ ilə “strateji tərəfdaşlığı” gücləndirməyi, ölkənin gələcəkdə Avropa İttifaqına üzvlüyünə nail olmaq yönündə səyləri davam etdirməyi vəd edib.

AzadlıqRadiosunu erməni xidməti yazır ki, bununla hökumət qərbyönlü siyasətini vurğulayır.

2021-ci ildə qəbul edilmiş hökumət proqramında Rusiya-Ermənistan “strateji müttəfiqliyi” Ermənistanın milli təhlükəsizlik doktrinasının əsas elementlərindən biri kimi göstərilirdi. Baş nazir Nikol Paşinyan və hökuməti indi Moskva ilə “qarşılıqlı faydalı, çoxşaxəli əməkdaşlığa” və ikitərəfli münasibətlərin “transformasiyasına” yönəlik “dialoqu” davam etdirməyi planlaşdırır.

Bu ilin yazından iki ölkə arasındakı münasibətlər xeyli pisləşib. Moskva Ermənistandan bir sıra məhsulların idxalını qadağan edib, Yerevana Rusiyanın rəhbərlik etdiyi Avrasiya İqtisadi İttifaqında qalmaq, yoxsa Avropaya inteqrasiya arasında seçim etməsi üçün təzyiq göstərib.

Paşinyan isə indilik belə bir seçim etmək istəmir. Belə ki, Ermənistan iqtisadiyyatı Rusiya bazarından və enerji resurslarından ciddi asılıdır. Elə hökumətin son fəaliyyət proqramında da “Avrasiya İqtisadi İttifaqı (Aİİ) çərçivəsində səmərəli əməkdaşlığın inkişaf etdirilməsi” nəzərdə tutulur.

“Strateji” sözü başqa ölkələrlə bağlı işlənir

Sənəddə “strateji” sözü Ermənistanın təkcə ABŞ ilə deyil, Avropa İttifaqının üzvü Fransa, qonşu İran, Gürcüstan və hətta Çinlə münasibətləri ilə bağlı işlədilir. Hökumət 2025-ci ildə qəbul etdiyi qanuna uyğun olaraq, “Ermənistanı Aİ standartlarına uyğunlaşdırmağı” öhdəsinə götürür. Həmin qanunla Yerevanın Avropa İttifaqına qoşulması “prosesinin” başlandığını elan edilib.

Müxalifət Paşinyanın Avropaya inteqrasiya kursunu tənqid edir, ehtiyatsız addım sayır. ONların fikrincə, Avropa İttifaqı yaxın gələcəkdə Ermənistanı üzvlüyə qəbul etməyəcək. İndiyədək Aİ-yə üzv heç bir dövlət və ya qurum Ermənistanın üzvlük perspektivini açıq dəstəkləməyib.

Paşinyan özü də bu ayın əvvəlində etiraf edib ki, hazırda ölkəsinin “Aİ-yə üzv olmaq şansı yoxdur”. O, bu məsələ ilə bağlı Moskvanın tələb etdiyi referendumu keçirmək niyyətində olmadığını açıqlayıb. Bundan sonra Rusiya xarici işlər nazirinin müavini deyib ki, Yerevan dekabradək belə bir referendum keçirməlidir, əks halda Aİİ-dəki üzvlüyünü itirə bilər.

Rusiya Ermənistanın ən böyük ticarət tərəfdaşıdır. Ermənistan hökumətinin məlumatına görə, bu ilin ilk beş ayında ölkənin xarici ticarətinin 28 faizi Rusiyanın payına düşüb. Avropa İttifaqının payı isə 16,7 faiz olub. Rusiya Ermənistanın istifadə etdiyi təbii qazın böyük hissəsini əhəmiyyətli güzəştlə təmin edir.