İranın xarici uçuşlarının 90 faizə qədəri dayandırılıb
26 Sentyabr 2026
ABŞ-nin maliyyə naziri Skot Bessent Vaşinqtonun İrana misli görünməmiş iqtisadi təzyiq göstərdiyini bildirib. "Biz İran hökumətini indiyədək görmədiyi təzyiq götərmişik", – o, "Fox News"a müsahibəsində deyib. Bessent İranın xarici uçuşlarının azı 80-90 faizinin dayandırıldığını vurğulayıb: "İranın BMT-dəki nümayəndələrinin evlərinə necə qayıdacaqlarını bilmirəm".
Sentyabrın 8-də ABŞ Maliyyə Nazirliyi 36 hədəfə qarşı sanksiya tətbiq edib, bu siyahıya İranın aviaşirkətləri, eləcə də aviasiya ilə bağlı şəbəkələri də salınıb. Bessent həmçinin xəbərdarlıq edib ki, sanksiya tətbiq edilmiş İran aviaşirkətlərinə yanacaq, eniş xidməti və ya bilet satışı xidmətləri göstərən xarici hava limanları və şirkətlər ABŞ dolları ilə əməliyyat sistemindən kənarlaşdırıla bilər.
Maliyyə Nazirliyi avqustun 24-də İrana və ona kömək edənlərə qarşı "İqtisadi təcrid" əməliyyatına başlayıb. Yeni qadağalar da məhz bu addımın bir hissəsidir.
Bessent hadisələrin üç mümkün nəticəsinin ola biləcəyini vurğulayıb: rejim daxilində qarşıdurma, İranda üsyan, yaxud Tehranın sazişə razılaşıb ona əməl etməsi.
İran rəsmiləri isə Birləşmiş Ştatların məhdudiyyətlərinə qoşulan ölkələri hədələyiblər. Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezayi xəbərdarlıq edib: "Amerikanın tərəfini tutsanız, buna sadəcə tamaşa etməyəcəyik... Hava limanlarınızdan heç bir uçuş olmayacaq".
Çin isə ABŞ-nin İran aviaşirkətlərinə sanksiyalarına etiraz bildirərək BMT-nin icazəsi olmadan birtərəfli addımları "qanunsuz" adlandırıb.