İranın kəşfiyyat sistemində ciddi boşluqlar: Xamenei göstəriş verdi
30 Noyabr 2026
İranın ali rəhbəri Müctəba Xamenei ölkənin təhlükəsizlik və kəşfiyyat sistemində son illərdə ciddi boşluqların aşkarlanmasından sonra bu sistemin yenidən təşkil edilməsinə göstəriş verib.
“Reuters” xəbər verir ki, bu barədə İran parlamentinin sədri Məhəmməd Bağır Qalibaf məlumat verib.
Onun sözlərinə görə, İran parlamenti bazar günü kəşfiyyat sisteminin yenidən qurulmasını nəzərdə tutan qanun layihəsinin ümumi çərçivəsini təsdiqləyib və sənədin konkret müddəalarının müzakirəsinə başlayıb.
Qalibaf bildirib ki, qanun layihəsi təsdiqləndikdən və Konstitusiyanı Mühafizə Şurasında nəzərdən keçirildikdən sonra hökumət kəşfiyyat naziri vəzifəsinə daimi təyinatı gecikdirməməlidir.
Qeyd edək ki, İranın əvvəlki kəşfiyyat naziri İsmayıl Xətib martın 18-də İsrailin endirdiyi zərbə nəticəsində öldürülüb. Həmin vaxtdan etibarən bu vəzifəyə yeni nazir təyin edilməyib.