Logo
news content
User
Kateqoriyalar

Xəbər

İranda yanacağın qiyməti qaldırıla bilər

ABŞ-nin dəniz blokadası İrana benzin qıtlığını idxal hesabına aradan qaldırmağa imkan vermir. Bu açıqlamanı İranın vitse-prezidenti Məhəmməd Cəfər Qaempənah verib. Bu arada hökumət yüksək səviyyədə subsidiyalaşdırılan yanacağın qiymətində dəyişiklik etməyi nəzərdən keçirir.

Qaempənah benzin və dizel yanacağının qiymətlərində dəyişikliyin vacib olduğunu, ancaq artımın miqyası və vaxtı barədə hələ qərar verilmədiyini deyib.

“Benzin ədalətli bölüşdürülmür və belə davam etmək mümkün deyil. Üstəlik, benzin istehsalı yetərli deyil, ABŞ-ın dəniz blokadasına görə benzin də idxal edə bilmirik”, – IRNA dövlət xəbər agentliyi Qaempənahın belə dediyini yazır.

Son günlər İranda yanacaqdoldurma məntəqələrinin bağlanması, uzun növbələrin yaranması barədə məlumatlar yayılır. Yanacaq qıtlığı sarıdan narahatlıqlar isə artıb.

İran xam neft istehsalçısıdır, benzinə böyük subsidiyalar ayırır və benzinin yanacaqdoldurma məntəqələrində aşağı qiymətə satılan ölkələr sırasındadır. Bu isə ölkəiçi istehlakı yüksəldib. Hazırda tələbat daxili istehsalı üstələyir, Tehran çatışmazlığı idxal və ehtiyatlardan istifadə hesabına kompensasiya edir.

İran gündə təxminən 115 milyon litr benzin istehsal edir, istehlak isə təxminən 129 milyon litrdir. Beləliklə, gündəlik benzin çatışmazlığı təxminən 14 milyon litrdir.

Ölkənin idxal imkanları da məhdudlaşıb. Ukraynanın Rusiyanın neft emalı zavodlarına hücumları bu ölkədə yanacaq təchizatında problemlər yaradıb və Moskva benzin ixracını məhdudlaşdırıb.