Logo
news content
User
Kateqoriyalar

Xəbər

İranda populyar "Azad" platforması hədəfdə. "Gözlənilən idi"

İran hakimiyyəti populyar “Azad” onlayn platformasına qarşı hərəkətə keçib, onu “yalan məlumatlar” yaymaqda ittiham edib. İranlı siyasi fəal və şərhçinin fikrincə, bu addım farsdilli müstəqil YouTube kanallarına daha geniş təzyiq kampaniyasının başlanğıcı ola bilər.

“Azad” İranın dövlət nəzarətində olan mediasına çıxmayan mövzulara yer ayırır. “New York Times” qəzeti “Azad” haqqında geniş yazı dərc edəndən iki gün sonra belə bir addım atılıb. Həmin yazıda Tehranda fəaliyyət göstərən platformanın izləyicilərinin artdığı vurğulanırdı. Amma hakimiyyətin tədbirinə bu məqalənin səbəb olduğunu dair bilgi yoxdur.

Bəs onda həm tənqidçilərə, həm də dini hakimiyyəti dəstəkləyənlərə yer verən platforma niyə hədəf götürülüb?

“Azad”ın təsisçisi və direktoru Mehdi Əhmədi avqustun 17-də bildirib ki, o, yalan məlumat yaymaq ittihamı ilə prokurorluğa çağırılıb və girov qarşılığında sərbəst buraxılıb. Dediyinə görə, platformaya müsahibələr yayımlamaq qadağan edilib.

Tehran prokurorluğu proqramın hazırlanmasında iştirak edən şəxslərdən də şikayət verib. Məhkəmə hakimiyyətinə bağlı “Mizan” xəbər agentliyi “Azad”ı “qanunsuz media qurumu” adlandırıb. Platformanın İranın Mətbuat və Media Nəzarəti Şurasından və Mədəniyyət Nazirliyindən rəsmi lisenziya almadığı bildirilib.

Prokurorlar “Azad”ı çoxsaylı media pozuntularına yol verməkdə ittiham edirlər. Detallar açıqlanmayıb.

Proqnozlaşdırılan təzyiq

İranlı siyasi fəal Hüseyn Rəzzaq özü də onlayn media fəaliyyəti ilə bağlı həbs edilib. O, təzyiqin gözlənilən olduğunu deyir.

“‘Azad’ın sonucda İslam Respublikasının təzyiqləri ilə üzləşəcəyi çoxdan proqnozlaşdırılırdı”, – o, AzadlıqRadiosunun Radio Fərda fars xidmətinə bildirib. Fəal “Studio Pat” adlı YouTube proqramı ilə əməkdaşlıq etmiş fəal Mehdi Mahmudiyanın həbsini yada salıb.

Rəzzaq deyir, “Azad” ilk vaxtlar proqramlarında müxtəlif mövqelər arasında balansı qorumağa çalışırdı. Yanvarda etirazlar qanlı şəkildə yatırılandan sonra isə hakimiyyəti daha açıq tənqid etməyə başlayıb.

Həmin etirazlarda minlərlə insan öldürülüb.

Rəzzaq hakimiyyətin “Azad”a qarşı indi hərəkətə keçməsinə diqqət çəkir. Belə ki, internetin sürəti yaxşılaşdıqca farsdilli YouTube proqramlarının auditoriyası genişlənir. İranın dövlət teleradio şirkəti isə eyni auditoriyanı cəlb edə bilməyib:

“‘Azad’ın qadağan edilməsi hökuməti tənqid edən digər media qurumları və onlayn platformalar üçün qırmızı işıq, xəbərdarlıq ola bilər”.

YouTube, digər populyar sosial media platformaları İranda qadağandır, onlara proksi proqramları ilə daxil olmaq mümkündür.

“Azad” 2022-ci ildən fəaliyyət göstərir. Platformanın YouTube kanalının təxminən 160 min abunəçisi, Instagram hesabının isə 30 mindən çox izləyicisi var.

Platforma kəskin fərqlənən mövqelərə yer ayırır. Onun qonaqları arasında konstitusiya referendumu yolu ilə İslam Respublikasına son qoyulmasını müdafiə edənlər də olub, monarxiyanın bərpasını istəyənlər də.

Sükuta boyun əyməsələr...

“Azad” ABŞ-dən mühafizəkar şərhçi Taker Karlsonla Prezident Məsud Pezeşkian arasında müsahibənin təşkilində də iştirak edibmiş. Əhmədi “New York Times”a bildirib ki, müsahibə ideyasını Karlsona o təklif edib, daha sonra onu İran prezidentinin komandasına tövsiyə edib.

Rəzzaqın fikrincə, hakimiyyət “yalan məlumat yaymaq” ittihamı ilə təzyiqi adi cinayət işi kimi təqdim etməyə çalışır, yəni fərqli fikirləri susdurmaq cəhdi kimi görünmür:

“İkili oyun oynamaq istəyirlər: tənqidi səsləri susdurmadıqlarını deyir, gerçəkdə isə onları susdururlar”.

Fəal xəbərdarlıq edib ki, baş verənlər müstəqil onlayn mediaya qarşı daha geniş kampaniyanın başlanğıcı ola bilər.

“Müstəqil kontent hazırlayan digər azsaylı media qurumları İslam Respublikasının istədiyi sükuta boyun əyməsələr, onları da hədəf götürəcəklər”, – Rəzzaq vurğulayır.