Logo
news content
User
Kateqoriyalar

Xəbər

İranda nə baş verir, əxlaq polisi ləğv olundumu?


İranda ədliyyə sistemi nümayəndəsinin Əxlaq polisinin ləğvi barədə bəyanatı mübahisələrə səbəb olub. Bəziləri rəsminin sözlərinin təhrif olunduğunu, digərləri isə hakimiyyətin güzəştə getdiyini deyirlər.





BBC News Azərbaycanca bu ziddiyyətli məsələ ilə bağlı yaranan sualları bir araya gətirib.





Əxlaq polisinin ləğvi barədə nə deyilib?





Mübahisə və çaşqınlıq yaradan sözləri bazar günü İranın Baş prokuroru deyib. "Əxlaq polisinin məhkəmə sistemi ilə heç bir əlaqəsi yoxdur və harada açılıbsa, orada da bağlanıb", - Məhəmməd Cəfər Montazeri Əxlaq polisinin ləğv edilib-edilmədiyi barədə dini tədbirdə verilən suala cavabında bildirib.




Baş prokuror əlavə edib ki, hicab taxmasını nəzərdə tutan qanunun dəyişdirilməsi ilə bağlı "həm parlament, həm də məhkəmə sistemində" iş aparılır.





İranda Əxlaq polisi məhkəməyə deyil, Daxili İşlər Nazirliyinə tabedir.





Əxlaq polisinin ləğv olunduğu doğrudurmu?





Cənab Montazerinin açıqlaması müxtəlif şərhlər doğurub. İranlı jurnalist və təhlilçilər deyirlər ki, əgər hakimiyyət həqiqətən də Əxlaq polisini ləğv etmək qərarına gəlsəydi, bunu rəsmi prosedur çərçivəsində edərdi.





Yəni, ən azı, hökumət nümayəndələri məhz bu məsələ ilə bağlı ayrıca mətbuat konfransı keçirə bilərdilər.





Lakin bu baş verməyib deyə baş prokurorun bəyanatı çaşqınlığa səbəb olub.










İranda etirazçılar





İrandakı nümayişlərdə hicabların yandırılması tez-tez rast gəlinən etiraz ifadəsidir




Onun açıqlaması yayıldıqdan sonra bəzi İran mediasında Əxlaq polisinin ləğvi ilə bağlı xəbərlər təkzib olundu.





Hərçənd ki, islahatçı qanada yaxın sayılan "Şərq" qəzetinə əsasən, Tehran hüquq-mühafizə orqanının nümayəndəsi bu müəmmaya son qoya biləcək suala konkret cavab verməkdən yayınıb. İranın xarici işlər naziri də xəbərləri nə təsdiq, nə də təkzib edib.





"İranda demokratiya və azadlıq çərçivəsində hər şey yaxşı gedir", - Serbiyaya səfəri vaxtı Əxlaq polisi barədə sualı cavablandıran Hüseyn Əmir Abdullahian deyib.





İran prokurorun açıqlaması necə şərh olunur?




Baş prokurorun Əxlaq polisinin ləğvi ilə bağlı dedikləri təsdiqlənərsə, bu, etirazçılara güzəştə getmək kimi dəyərləndirilə bilər.





ABŞ dövlət katibi Antony Blinken Əxlaq polisinin ləğvinin "müsbət bir addım" ola biləcəyini deyib.





Lakin ölkə daxilində və onun hüdudlarından kənarda olan bəzi fəallar hesab edirlər ki, çaşdırıcı xəbər başlıqları hökumətin etirazçılara guya güzəştə gedə biləcəyi barədə yanlış təsəvvür yara bilər.





Nümayişlərin arası kəsilə bilərmi?




Baş prokurorun bəyanatına rəğmən, sosial mediada ölkə boyunca nümayişlər və başı açıq olan qadınları əks etdirən foto və video görüntülər yayılmaqdadır. Belə səhnələrə artıq kiçik qəsəbələrdə də rast gəlmək olar.





Bunu yayanlar deyirlər ki, nümayişlərin dayanacağına dair heç bir zəmanət yoxdur.





"Hökumətin Əxlaq polisinin ləğvi ilə bağlı qərarı aksiyaların sona çatması demək deyil", - BBC Dünya Xidmətinin Newshour radio proqramında iranlı qadın deyib.





İran parlamenti etirazların iqtisadi problemlərlə bağlı olduğunu bildirir. Bu barədə qurumun sözçüsü Nizaməddin Musəvi deyib. Onun sözlərinə görə, həm hökumət, həm də parlament "sabitliyə nail olmağın ən yaxşı yolunu xalqın əsl tələblərinə diqqət yetirməkdə" görür.





Bu arada hakimiyyət "iğtişaşlar" törədənlərin xaricdən idarə olunduğu bildirir.





BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı noyabrın sonunda bildirib ki, İranda vəziyyət "kritikdir" və hakimiyyətin 300-dən çox insanın ölümü ilə nəticələnən etirazlara reaksiyası sərtləşib.





Hüquq müdafiəçilərinin məlumatına görə, etirazlarda iştiraka görə həbs olunanların sayı 18 mini keçib.











Ötən ay Türkiyədə keçirilən aksiya iştirakçısı əlində Məhsa Əmininin şəklini saxlayıb





Ötən ay Türkiyədə keçirilən aksiya iştirakçısı əlində Məhsa Əmininin şəklini saxlayıb





Hicaba qarşı alternativ mübarizə üsulları nədir?




İranda hicabla bağlı pozuntulara qarşı mübarizə Əxlaq polisinin fəaliyyəti ilə məhdudlaşmır. Hakimiyyət yeni mübarizə üsullarını da təklif edir.





Yeni qaydalar başı açıq qadınları izləmək və cərimələmək üçün müşahidə kameralarının tətbiqini nəzərdə tutur.





Bununla yanaşı internetdə hicab qaydalarını sorğu-sual edən və onun əleyhinə məlumat yayanlara qarşı da cəzalar təklif olunur.





Ən son təşəbbüslərdən birində hicab qaydalarını pozan qadınların bank hesab təklif edilir. Bu barədə millət vəkili Hüseyn Cəlali bildirib.





Əxlaq polisi nədir?




İranda "qeyri-düzgün" geyimlərə qarşı mübarizə 1979-cu il İslam İnqilabından sonra başlayıb və onun başlıca məqsədi qadınların "təvazökar geyim qaydalarına" nəzarət etmək olub. Bu vəzifəni Əxlaq polisi və ya İrşad patrulları yerinə yetirir.





Sentyabr ayında Məhsa Əminini saxlayan da məhz bu polisin əməkdaşları olub. Baş örtüyü qaydasını pozduğu iddiası ilə həbs olunan 22 yaşlı gənc daha sonra vəfat edib. Onun əxlaq polisi tərəfindən döyüldüyü barədə məlumatlar var. Lakin hakimiyyət onun ürək tutmasından öldüyünü bildirib.





Məhsa Əmini sentyabrın 16-da xəstəxanada vəfat etdikdən sonra Əxlaq polisinə qarşı narazılıq genişlənərək siyasi çalarlar alıb.





O vaxtdan bəri məsələ əsl müqavimətə çevrilib. Hazırkı qaydalara qarşı olan qadınlar dar geyimlər, başı tam və ya yarıyadək açıq qoyan örtüklərlə qaydaları nümayişkaranə şəkildə pozurlar.