Logo
news content
User
Kateqoriyalar

Xəbər

İranda etirazlar: Məhsa Əmininin ölümündən sonra başlamış nümayişlərdə öldürülənlər kimlərdir?


"Mən də çıxıb etiraz etməsəm, kim edəcək?"





Bu, ölümündən əvvəl Minoo Majidinin öz ailə üzvlərinə dediyi son sözlərdir.





İranın qərbindəki Kirmanşah şəhərində hüquq-mühafizə orqanları tərəfindən güllələnərək öldürülən Majidinin 62 yaşı vardı.





Qızı Röya Piraye onun bədənində 178 qəlpə yarası olduğunu deyir.





Məcidi xəstəxanaya aparılıb, amma onu xilas etmək mümkün olmayıb.





Röya qırxdırdığı saçlarını əlində tutaraq anasının məzarı başında çəkdirdiyi fotosunu "İnstaqram"da paylaşıb.





Bu şəkil matəm və üsyan simvoluna çevrilib, internetdə böyük sürətlə yayılıb.





"Danışa bilmirdim. Sistemin nə qədər qəddar olduğunu göstərmək üçün edə biləcəyim tək şey bu idi" - BBC-nin "100 Qadın" şöbəsinə açıqlama verən Röya belə deyib.





Minoo Majidi 22 yaşlı Məhsa Əmininin polis idarəsindəki ölümündən sonra başlamış etiraz aksiyalarında hüquq-mühafizə orqanları tərəfindən qətlə yetirilən yüzlərlə insandan biridir.





Milliyyətcə kürd olan Məhsanın hicabı doğru taxmadığı üçün saxlanıldığı iddia edilmişdi.










İran, etirazlar





Minoo Majidi hüquq-mühafizə orqanlarının açdığı atəş nəticəsində həlak olub




Dövlət rəsmilərinin bildirdiyinə görə, etirazlar başlayandan bəri polis əməkdaşları və hökumətyönlü şəxslər də daxil, İranda 300-dən çox adam ölüb.





İran İnsan Haqları Təşkilatı bildirir ki, noyabrın 29-na olan məlumata görə, təhlükəsizlik qüvvələri tərəfindən 29-u qadın, 60-ı uşaq olmaqla, azı 448 nəfər öldürülüb.





Bu statistikanın yalnız təsdiq edə bildikləri faktlara aid olduğunu vurğulayan təşkilat real sayın bundan xeyli çox olduğunu düşünür və qeyd edir ki, quruma daxil olan digər məlumatları araşdırmağa davam edir.





Öldürülənlərin şəxsiyyətini müəyyən etmək




Məhkəmə-tibb ekspertizasının son dərəcə çətin üsullarından istifadə edən BBC jurnalistləri etiraz aksiyalarında həlak olmuş 75 nəfərin kimliyini müəyyənləşdirə bilib.





Biz rəsmi sənədləri, internet saytlarını və sosial medianı araşdırdıq; ölüm haqqında şəhadətnamələri, dəfn fotolarını və ölənlərin narahatedici şəkillərini gördük.





Əldə etdiyimiz məlumatları təsdiqləmək üçün qətlə yetirilənlərin yaxınları ilə, aktivistlərlə və insan haqları qrupları ilə görüşdük.





Araşdırmalarımız göstərdi ki, ölənlərin əksəriyyəti qadınlar və etnik azlıqların nümayəndələridir.





Öldürülənlərdən ən kiçiyinin yeddi yaşı var.





Onların arasında aksiyalara qatılmayan, zorakılıq hallarında arada qalaraq həyatını itirənlər də var.





Noyabrın 30-na olan məlumata görə, aksiyaların sayca ən çox olduğu bölgələr aşağıdakılardır:






  • Kürdüstan (130),

  • Tehran (90),

  • İsfahan (78),

  • Qərbi Azərbaycan (73).




Ölənlərin əksəriyyəti etnik azlıqların nümayəndələridir




"İranda baş verənlərin etiraz aksiyaları çərçivəsindən kənara çıxdığını düşünürəm. İnqilab yetişir" - Röya belə deyir.





O, milliyyətcə kürddür. Araşdırmalarımız zamanı üzə çıxan daha bir fakt kürdlərin və digər azlıqların yaşadığı ərazilərdə ölüm nisbətinin daha çox olmasıdır.





Təsdiq edə bildiyimiz faktlardan 32-si kürdlərin məskunlaşdığı bölgələrə, 20-si isə Sistan Bəlucistana aiddir.





İranın sünni azlığının üstünlük təşkil etdiyi Sistan Bəlucistan ölkənin ən kasıb və ən dindar yerlərindən biridir.





İnsan haqları təşkilatlarının məlumatına görə, bu bölgədə yaşayan bəluclar həm etnik, həm də dini ayrı-seçkiliyə məruz qalırlar.





Əhalisinin mühafizəkarlığına baxmayaraq bölgənin paytaxtı Zahidanda qadınlar da etirazlara qoşulub.





İnternetdə yayılan videolarda çadralı qadınların "Başıaçıq və ya başıörtülü inqilaba doğru gedirik" şüarını səsləndirdiyi görünür.










İran, etirazlar





Hasti Nuriyə




7 yaşlı Həsti Nuriyə də bəluc idi. O bu fotoda bəlucların milli geyimindədir.





Sentyabrın 30-da qızcığaz Zahidanda nənəsi ilə birlikdə cümə namazına getmişdi.





Sosial şəbəkələrdə paylaşılan görüntülərdə həmin gün təhlükəsizlik qüvvələrinin etirazçılara atəş açdığı görünür.





Bölgədəki aktivistlərin dediyinə görə, orda Hastinin başına gözyaşardıcı qaz balonu dəyib və o, boğularaq ölüb.





Hasti ailənin yeganə qızı, iki qardaşın bir bacısı idi.





Məktəbə getməyinə bir həftə qalmışdı.





"Amnesty International" təşkilatı Hasti ilə eyni gündə ən azı 66 nəfərin öldürüldüyünü, onlardan 10-nun bəluc uşaqlar olduğunu açıqlayıb.





30 sentyabr İranda etirazlar başlayandan bəri ən çox insanın qətlə yetirildiyi gün kimi qeydə alınıb.





Etirazçılar o günü "Qanlı cümə" adlandırıblar.





Dəqiqləşdirməyin çətinlikləri









İran, etirazlar





Sistan Bəlucistanda qətl edilənlərin bəziləri




BBC Sistan Bəlucistanda həlak olanların kimliyini dəqiqləşdirməkdə xeyli çətinlik çəkib.





İranın bu ən mühafizəkar bölgəsində insanların çoxunun sosial media hesabı yoxdur. Ona görə də qətl faktlarını sosial şəbəkələr vasitəsilə dəqiqləşdirmək ölkənin qalan hissəsinə nisbətən daha çətin olub.





Məsələn, Hastinin ailəsi ciddi nəzarət altında olan dövlət mediasından başqa heç bir mətbuat orqanına açılama verməyib.





Bölgənin internet infrastrukturu da son dərəcə zəifdir. Çox az adamın genişzolaqlı internetə çıxışı var.





Sistan Bəlucistanda öldürülənlərdən 20-sinin kimliyini müəyyən edən BBC onlardan çoxunun sosial media hesabı olmadığını aşkar edib.





Ölənin kimliyini təsdiqləməyə imkan verən yeganə şəkil cəsədlərin yarılma fotoları olub.





Sosial medianın rolu




İnternetdən istifadənin daha geniş yayıldığı bölgələrdə isə sosial media qətlə yetirilənlərin şəxsiyyətinin müəyyənləşdirilməsində əhəmiyyətli rol oynayıb.





Qərbi Azərbaycanın Məhəbad şəhərindən olan 32 yaşlı Fəriştah Əhmədi kimliyini dəqiqləşdirdiyimiz üç kürd qadından biridir.





26 oktyabrda Məhsa Əmininin ölümünün 40-cı günü ilə bağlı ölkə miqyasında etiraz aksiyaları keçirilmişdi.





Bildirilir ki, onda təhlükəsizlik qüvvələri Fəriştahı evinin damında güllələyiblər. Hakimiyyət bu ittihamı rədd edir.





Ölümündən sonra İran kəşfiyyatı qadının ailəsini sorğu-suala çəkib.










İran, etirazlar





Fəriştah Əhmədi




Fəriştahın qızı olduğu güman edilən balaca Bavan dəfn mərasimində anasının məzarından götürdüyü bir ovuc torpağı əlində tutaraq ağlayıb.





Bu mənzərənin fotosu sosial şəbəkələrdə milyonlarla dəfə izlənib.





Elə təkcə "BBC Farsca"nın "İnstaqram" hesabında baxış sayı 2,5 milyon, bəyənmə sayı isə 198 min olub.





Ölkənin şimal-şərqdəki Məşhəd şəhərində etirazçılar valideynlərini itirmiş uşaqlara diqqət çəkmək üçün bu fotoları bilbordlara yerləşdiriblər.





Yas qadağası








İran, etirazlar








Həyatını itirənlər sadəcə statistikadan və fotoşəkillərdən ibarət deyillər, onların yaxınları şok içində və qəzəblidirlər.





Amma çoxu susur, çünki hakimiyyətin cəzalandıracağından qorxurlar.





İrandan çıxdığı üçün özünü təhlükəsizlikdə hiss edən Röya anası Minunu həyatsevər, son dərəcə səbirli və sakit biri kimi anır:





"At sürməyi sevən idmançı idi. Hətta stolüstü tennis üzrə trener kimi də çalışmışdı.





Mənə onun yasını tutmaq fürsəti verilmədi. Baş verənlər çox anormal idi. İndi yeganə umduğum şey bir gün İranın azad olmasıdır, haqsız bir şəkildə öldürülən insanların boş yerə qurban getməməsi. İran xalqı normal həyata layiqdir".





Metodologiya




İrandakı etiraz aksiyalarını əks etdirən xəritə Kritik Təhdidlər Layihəsinin (Critical Threats Project - CTP) məlumatları əsasında hazırlanıb.





Bu layihədə İranın hər hansı əyalətində bəlli bir tarixdə etiraz aksiyasının keçirilib-keçirilməməsiylə bağlı məlumatlar yüksək, orta və aşağı etibarlılıq kateqoriyalarına bölünür.





BBC yalnız yüksək və orta etibarlılıq dərəcəli aksiyalar haqqında məlumatlardan istifadə edib.





2017-ci ildən etibarən CTP həm İranın dövlət mediasında, həm də sosial mediada paylaşılan görüntülərdən istifadə edərək aksiyalarla bağlı informasiyaları toplayıb saxlayır. CTP-nin hadisəni etiraz aksiyası kimi qeydə alması üçün orda ən azı 12 nəfər iştirak etməlidir.





Oktyabr ayında BBC İrandakı etiraz aksiyalarında öldürülmüş 45 nəfərin şəxsiyyətini müəyyənləşdirmişdi.





Bu xəbərin hazırlanmasında tətbiq edilən üsullardan jurnalistlərimiz onda da istifadə etmişdilər:





əvvəlcə açıq mənbələrdən məlumat əldə etmək, sonra mənbələrə, hüquq müdafiə təşkilatlarına, ölənlərin yaxınlarına və aktivistlərə müraciət edərək bunları təsdiqlətmək.





Məqalədəki məlumatların toplanmasında və dəqiqləşdirilməsində "BBC Farsca"nın da böyük rolu olub.





Demək olar ki, bütün faktlar üzrə cəsədin və ya onun yarılması anının şəkilləri araşdırılıb.





Şəkillər sosial mediadan, insan haqları təşkilatlarından və ya yerli mətbuatdan götürülüb. (BBC)