Logo
news content
User
Kateqoriyalar

Xəbər

İran səfiri TRIPP haqda: "Sərhədimizdə amerikalıların olması narahatlıq doğurur, cavab verilməlidir"

"TRIPP layihəsi çərçivəsində yaranan risklərin idarə olunması və mümkün təhdidlərin qarşısının alınması Ermənistan-İran münasibətlərinin prioritet məsələlərindən biridir", — bu sözləri İranın Ermənistandakı səfiri Xəlil Şirqolami iyulun 8-də Yerevanda keçirdiyi mətbuat konfransında deyib.

Səfir vurğulayıb ki, İranın ABŞ ilə sülh memorandumu imzalamasından cəmi 20 gün keçsə də, bu qısa müddətdə sənədin şərtləri dəfələrlə pozulub: "Buna görə də İranın öz sərhədləri yaxınlığında amerikalıların yerləşməsindən narahat olması tamamilə əsaslı və məntiqlidir. Bu narahatlıqlara aydın cavab verilməlidir".

Ermənistan hökuməti isə öz növbəsində əmin edir ki, layihənin icrası və Birləşmiş Ştatların regiondakı varlığı İran üçün hər hansı bir təhlükə və ya çağırış yaratmayacaq.

Şirqolami hesab edir ki, Ermənistan blokadadan çıxmaq üçün öz potensialından tam yararlana biləcəyi mexanizm qurmalıdır, "amma bununla yanaşı, Birləşmiş Ştatların regional varlığından doğan risklər idarə olunmalı və İrana qarşı yönələ biləcək istənilən təhdidə dəqiq reaksiya verilməlidir".

Səfir həmçinin diqqətə çatdırıb ki, rəsmi Tehran strateji tərəfdaşlıq haqqında hərtərəfli sənədin imzalanması üçün fəal addımlar atır. Onun sözlərinə görə, ötən həftə İran prezidenti Məsud Pezeşkian baş nazir Nikol Paşinyanla görüşü zamanı bu məsələnin vacibliyini və tezliklə nəticə əldə olunmasının zəruriliyini bir daha vurğulayıb.

Şirqolami əlavə edib ki, hazırda sənədin mətni üzərində iş aparılır və hazırlıq mərhələsindədirlər: "Ümid edirik ki, bu mərhələni tezliklə başa vurub imzalama prosesinə başlayacağıq. İran Ermənistan baş nazirinin ölkəmizə səfərini və sənədin məhz Tehranda imzalanmasını böyük məmnuniyyətlə qarşılayacaq".